Əsas Səhifə > Gündəm, Manşet > ZİYA MƏMMƏDOVUN MARŞRUT ŞOUSU

ZİYA MƏMMƏDOVUN MARŞRUT ŞOUSU


20-05-2012, 11:42
ZİYA MƏMMƏDOVUN MARŞRUT ŞOUSU

NN-NİN «AVROVİZİYA» KURSLARINDƏ TEATR DƏRNƏKLƏRİ DƏ OLUB?

DİA.AZ: - Artıq Azərbaycanın paytaxtı «Avroviziya» həyəcanını sözün əsl mənasında yaşamaqdadır. Həm bütün yarışma iştirakçıları gəlib, həm də yarışmanı izləyəcək turistlər axın-axın gəlməkdədir.

Bildirək ki, yarışmaya qədər bütün dövlət strukturları «Avroviziya» tədarükünə tam olaraq səfərbər olunmuşdular ki, bu strukturlar arasında ən fəal olanı nəqliyyat nazirliyi idi. Elə indinin özündə də Ziya Məmmədovun nazirliyi ««Avroviziya» əməliyyatını» uğurla davam etdirməkdədir.

Yarışmaya qədərsə nazirlik tərəfindən müxtəlif kurslar təşkil olundu. Həmin kursların birində isə gələcək turistləri müştəri kimi qəbul etməli olan taksi sürücülərinə ingiliscənin müəyyən qədər öyrənilməsi nəzərdə tutulurdu. Öyrəndilər də. Və həmin sürücülər indi Bakı küçələrində turistlər üçün taksi və avtobus xidməti göstərirlər.

Bura qədər yəqin ki, ürəyiniz sıxıldı. Amma səbrlə oxumağa davam edin. Maraqlısı elə bundadır.

Hə, indi Ziya Məmmədovun quş dili bilən sürücüləri Bakının Səbayel rayonunun Bayıl qəsəbəsi, 20-ci sahə ərazilərində o yana-bu yana şütüməkdədirlər. Taksilər anlaşılandır. Bir yerə yığılırlar və müştərilərini gözləyirlər. Ən çətin iş avtobuslardadır.

Bildirək ki, Bakıya turistlər üçün bahalı şirkətlərin istehsalı olan avtobus və mini avtobuslar gətirilib ki, indi həmin nəqliyyat növlərinə hətta marşrut nömrələri də taxılıb: 78, 79, 102, E5, E7, E4 və s. Yəni guya ki, bizdə, bizim Azərbaycanda belə bir markadan olan maşınlar şəhəriçi nəqliyyat kimi istifadə olunur.

Bu da anlaşılandır. Hakimiyyətimiz, başda nəqliyyat naziri Ziya Məmmədov olmaqla gələn turistlərin gözünə kül üfürməklə məşğuldur. Nə deyirik, Allah bazarınızı versin…

Maraqlısı odur ki, həmin marşrut avtobuslarına yerli vətəndaşların minməsi qeyri-mümkündür. Belə ki, həmin marşrut avtobusları hər gün sanki bir tamaşanı oynayırlar. Qabaqcadan nəzərdə tutulan bir neçə nəfər - avtobusun iriliyinə-xırdalığına baxır, kiçik avtobuslara 3-4 nəfər, böyüklərə isə 5-10 nəfər minir və onlar gün ərzində sərnişin kimi həmin avtobusların içində təmsil olunurlar. Yəni onların icra etdikləri rol bundan ibarətdir. Və öyrəndik ki, sən demə, həm onlar və həm də sürücülər ssenari müəllifi Ziya Məmmədov olan bu ««Avroviziya» tamaşası»nda oynadıqlarına görə, gündəlik pul da alırlar. Bir sərnişin rolunun gündəlik qiyməti 50 manat, sürücü rolunun qiyməti isə 100 manatdır.

Beləcə peşəkar aktyor kimi rol oynayan sərnişinlər və sürücülər öz əsas müştərilərini - turistləri gözləyirlər. Və maraqlısı odur ki, onlar gözümüz öyrəşdiyi sınıq-salxaq avtobuslarımızın əyləndiyi dayanacaqlara yaxınlaşanda sıravi vətəndaşları müştəri kimi qəbul etmirlər. Minmək istəyənlərə də sürücü və sərnişinlər eyni zamanda təpgi göstərirlər. Yalnız əcnəbilər minə bilər.

Ən maraqsı isə odur ki, həmin sərnişinlər olduqca kübar görünürlər (təbii ki, turistlər üçün) və həm də bahalı geyimdə olurlar. Turistlər avtobusa minəndə isə onlar özlərini heç nə olmamış kimi aparır, pəncərədən şəhəri seyr edirlər və turistə heç bir nəzər salmırlar ki, guya bizdə küçələr ingilislə, fransızla doludur. Bakının küçələrində maltalı itinə tökdür…

Həmin avtobuslar ola bilsin ki, ümumiyyətlə müştəri ovlaya bilməsin. Yəni turistsiz qalsın və turistlər yalnız taksi ilə hərəkət etsinlər. Bu da qüsur sayılmır. Bu halda belə həmin avtobuslar öz rollarını icra edərək səbrlə Bayıl, 20-ci sahə və Şəhidlər Xiyabanı istiqamətində hərəkətlərini davam etdirərək, dövrə vurmaqlarında olurlar.

Hə, əziz oxucular. Bu bir Azərbaycan reallığıdır və bu reallıq 21-ci əsrdə özünün iqtisadi inkişafı ilə dünyaya meydan oxuyan bir ölkədə baş verir. Baş demişkən, bizm məmurların da başı pis işləmir ha… Kimin ağlına belə bir şounu icad etmək gələ bilərdi ki? İnanmıram ki, hansısa ingilis və yaxud da alman belə bir başa sahib olsun. Affərin, sizə cənab Ziya Məmmədov!

Geri qayıt