Əsas Səhifə > Gündəm, Manşet > BAKI MERİ POSTU OLMAYACAQ

BAKI MERİ POSTU OLMAYACAQ


18-05-2012, 12:55
BAKI MERİ POSTU OLMAYACAQ

HACIBALA ABUTALIBOV SONUNCU İCRA BAŞÇISI KİMİ TARİXƏ ÇEVRİLİR

DİA.AZ: - Bir neçə gün əvvəl məlumat verərək bildirmişdik ki, Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov nəhayət ki, uzun mətbu müzakirələrin ardından istefaya göndərilir. Xəbərimizdə onu da qeyd etmişdik ki, Hacıbala Abutalıbovun gedişi yaxın günlərə təsadüf etməsə də, bu barədə artıq konkret qərar verilib.

Bu məsələ ilə bağlı redaksiyamıza çox maraqlı faktlar daxil olub. Belə ki, mötəbər mənbələrdən sızan informasiyada bildirilir ki, əslində Hacıbala Abutalıbov gələn ilin may ayına qədər görəv başında saxlanılacaq.

Mənbənin bu barədə söylədikləri: «Əslində burada qeyri-adi heç nə yoxdur. Hacıbala Abutalıbov «Avroviziya-2012» hazırlıqları ilə bağlı yaradılmış komissiyanın üzvüdür. Yəni bu dolayı yolla həm də o deməkdir ki, icra başçısı ən azından may ayına qədər görəv başındadır».

Əslində bunun yeganə sübut olmadığını bildirən mənbəmiz Hacıbala Abutalıbovun gedişi ərəfəsində bir sıra islahatların da həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirdi. Mənbəmizin sözlərinə görə, Hacıbala Abutalıbov Bakının sonuncu icra başçısı ola bilər: «Çünki islahatlar nəzərdə tutulub və bu islahatlara görə Bakı meriyasının yaradılması planlaşdırılır».

Xatırladaq ki, gələn il Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi Azərbaycanda monitorinqlərə başlayacaq. Monitorinq zamanı Konqresin Azərbaycan qarşısında hələ 2003-cü ildə qoyduğu öhdəliklərə əməl olunub-olunmaması araşdırılacaq. Bildirək ki, öu barədə Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti Kit Vitmor (Keith Whitmore) AzadlıqRadiosuna verdiyi müsahibəsində də məlumat verib.

K.Vitmorun fikrincə, bu monitorinq imkan verəcək ki, bələdiyyələrin hazırkı vəziyyəti haqda məlumat toplanılsın: «Konqres vəziyyəti qiymətləndirəcək və növbəti tövsiyələr verəcək».

Onu da xatırladaq ki, konqresin 2003-cü ildəki tövsiyələri arasında Bakı şəhərinin statusu, paytaxtda meriya institutunun yaradılması da var. Amma indiyədək Azərbaycan hakimiyyəti bu tövsiyəyə əməl etməyib. K.Vitmor AzadlıqRadiosuna müsahibəsində bildirib ki, Gürcüstan və Ermənistanda şəhərlərdə meriya institutu yaradılıb və ortaya müsbət nümunə qoyulub. Prezident bildirir ki, onlar Bakı şəhərində vahid bələdiyyənin yaradılmasının üstündə dayanırlar və hesab edirlər ki, yerli hakimiyyətdə demokratiya üçün bu, vacibdir.

Onu da nəzərinizə çatdıraq ki, Azərbaycan artıq Avropa Şurasının üzv ölkələri arasında yeganə ölkədir ki, paytaxtının statusu yoxdur.

Bununla bağlı DİA.AZ-a danışan mənbə bildirir ki, hakimiyyət nəhayətdə Cənubi Qafqaz ölkələrindən onu geriyə salan problemi həll etmək qərarını verib. Yəni Bakının paytaxt statusu ilə bağlı yeni hüquqi baza yaradılır və Bakı meriyası formalaşdırılır: «Məhz bu proses Hacıbala Abutalıbovun təbii yolla gedişinə şərait yaradacaq və o, Bakının sonuncu icra başçısı kimi bəlkə də tarixə çevrilmiş olacaq».

Onu da bildirək ki, bu vaxta qədər onlarla maraqlı fiqur Bakı şəhər icra hakimiyyətinin başçısı postu uğrunda mübarizəyə qalxmışdı. Və bu qərarla həm də onların arzuları birdəfəlik olaraq gömülmüş olur. Məlumatlı mənbə bildirir ki, əslində Gəncəyə getməyə razı olan Elmar Vəliyevlə, Sumqayıta başçı gedən Eldar Əzizov da məhz bu səbəbdən Bakı şəhər icra başçısı postundan gözlərini birdəfəlik çəkiblər.


Geri qayıt