Əsas Səhifə > Gündəm, Manşet > SƏHİYYƏ NAZİRLİYİNDƏ ALƏM BİR-BİRİNƏ DƏYİB
SƏHİYYƏ NAZİRLİYİNDƏ ALƏM BİR-BİRİNƏ DƏYİB17-05-2012, 12:43 |
OQTAY ŞİRƏLİYEV ƏLİ İNSANOVDAN QALMA MÜAVİNİ İLƏ BACARMIR DİA.AZ: - Bir müddət əvvəl Bakı şəhər Baş Səhiyyə İdarəsinin müdiri Leyla Seyidbəyova vəzifəsindən uzaqlaşdırıldı. Sonradan onun «Neftçilər» xəstəxanasına rəhbər göndərildiyi məlum olsa da, belə bir xəbər də yayıldı ki, əslində baş verən bu kadr islahatında SN daxilində qərar tutmuş qüvvələr müstəsna rol oynayıb. Söhbət hazırda məhbəs həyatı yaşayan sabiq səhiyyə naziri Əli İnsanovdan qalma yeganə nazir müavini Elsevər Ağayevdən və onun yaratdığı qruplaşmadan gedir. Bildirək ki, Elsevər Ağayev hələ xəstəxanaların, səhiyyə nazirliyinə aid digər strukturların və torpaq sahələrinin özəlləşdirilməsi zamanı ad çıxarmışdı. Əli İnsanovun dövründə baş verən bu proses nəticəsində Elsevər Ağayev nəinki özünə külli miqdarda sərvət toplamağa müvəffəq olub, hətta hakimiyyət içində özünə etibarlı dayaqlar da tapıb. Və bunun da nəticəsidir ki, nazir təyin edildikdən sonra Oqtay Şirəliyev səhiyyə sisteminin Əli İnsanovun adamlarından təmizlənməsi siyasətini həyata keçirərkən belə, Elsevər Ağayevə toxuna bilmədi. Bu da təsadüfi deyil ki, bəzi qaynaqlar hazırda səhiyyə nazirliyinin Elsevər Ağayev tərəfindən yönəldiyini də iddia edirlər. Bunun nə qədər həqiqət olduğunu bilməsək də, yalnız görünəni odur ki, hazırda dərman biznesi kimi çox ciddi bir istiqamətə nəzarət edən Elsevər Ağayevə kimsə «gözün üstündə qaşın var» deyə bilmir. Hətta prezident İlham Əliyevin əmisi oğlu İlqar Əliyevi də dərman bazarından sıxışdırıb çıxarmağa müvəffəq olan Elsevər Ağayev bu yöndəki fəaliyyətini başında Şəkidən deputat seçilmiş və hazırda «Avromed» şirkətinin rəhbəri postunu tutan Cavanşir Feyziyevin əli ilə həyata keçirir. Redaksiyamızın əldə etdiyi son məlumatlardan isə aydın olur ki, səhiyyə sisteminin şəriksiz gücünə çevrilən Elsevər Ağayev hətta Oqtay Şirəliyevin adamlarını da sıxışdırmağa başlayıb. Bu barədə danışan mötəbər mənbənin DİA.AZ-a bildirdikləri: «Elsevər Ağayev özünü o qədər arxayın hiss edir ki, nazirlikdə Şirəliyevə yaxın fiqurları gözümçıxdıya salıb. Yaxhı bilir ki, həmin şəxslər məhz Oqtay Şirəliyev tərəfindən təyin ediliblər. Amma buna rəğmən hazırda səhiyyə nazirliyinin iki şöbə müdirinə qarşı plan cızıb və onların vəzifələrindən uzaqlaşdırılmasına çalışır». Bütün bunlara nazirin yalnız seyrçi qalmaqla kifayətləndiyini bildirən mənbəmiz onu da əlavə etdi ki, yaxın günlərdə SN sistemində çox ciddi kadr islahatlarının həyata keçirilməsi planlaşdırılır: «Təbii ki, baş verəcək yeniliklərin arxasında məhz Elsevər Ağayevin iradəsi əsas faktor kimi dayanacaq. Hətta Oqtay Şirəliyevin nazir olduqdan sonra təyin etdiyi onlarla səhiyyə məmuru var ki, onların müxtəlif bəhanələrlə - məsələn, yaş senzi bəhanəsi ilə vəzifələrindən uzaqlaşdırılması planlaşdırılır. Halbuki onların yeganə günahı məhz Elsevər Ağayevlə yola getməmələridir». Geri qayıt |