Əsas Səhifə > Gündəm, Manşet > MİSİR MƏRDANOV TƏLƏBƏLƏRƏ QAN UDDURUR

MİSİR MƏRDANOV TƏLƏBƏLƏRƏ QAN UDDURUR


16-05-2012, 13:05
MİSİR MƏRDANOV TƏLƏBƏLƏRƏ QAN UDDURUR

«EVİMİZDƏKİ SONUNCU PULU ƏLİMİZDƏN ALIB, BİZƏ BİLET SATDILAR»

DİA.AZ: - Neçə müddət idi ki, bütün ölkəni alt-üst edən «Avroviziya» yarışmasının keçirilməsinə sanılı günlər qalıb. Artıq hər kəs sevinir. Xüsusən də Bayıl camaatı. Ən azından son aylarda bütünlükdə olaraq inşaat meydançasına çevrilən Bayıl qəsəbəsində yaşamağın hansı zülmə bərabər olduğunu təsəvvür etmək o qədər də çətin deyil. Günboyu ora-bura şütüyən ağır yük maşınlarının səs-küyü, ətrafa səpələdikləri inşaat materialları, bunlarla yanaşı da iki-gündən bir aparılan tikinti işləri səbəbindən ortaya çıxan kommunal problemlər…

Amma deyəsən, sevinmək hələ tezdir. İndi də redaksiyamıza müraciət ünvanlayan bir qrup tələbə bildirir ki, onlardan zorla «Avroviziya-2012» mahnı yarışmasının biletlərini almaq tələb olunur. DİA.AZ-a etdiyi müraciətlərində Bakı Müəllimlər İnstitutunun bir qrup tələbəsi vurğulayır ki, onlardan əgər əvvəllər imtahanların qarşılığı olaraq pul tələb olunurdusa, indi asan bir yol tapıblar:

«Nə kimsədən qorxurlar, nə də çəkinirlər. Əslində birbaşa olaraq bildirirlər ki, göstəriş şəxsən təhsil naziri Misir Mərdanovdan gəlib. İmtahanı verib-verməməyindən asılı olmayaraq hər bir tələbə imtahana girə bilməsi üçün 150 manat pul ödəməlidir. Pulun əvəzində isə bizə «Avroviziya» biletini verirlər».

Tələbələrin sözlərinə görə, onların maddi durumları imkan vermir ki, belə bir yarışmanı canlı olaraq izləsinlər: «İnanın ki, evimizdəki sonuncu pulumuzu əlimizdən alıblar. Belə ölkə olar? Məni ümumiyyətlə, bu yarışma maraqlandırmır və heç seyr etmək də istəmirəm. Amma məcburi olaraq mənə bilet satdırıblar. Başqasına satmaq da olmur ki, heç olmasa pulun yarısını olsa da çıxarım. Çünki biletləri şəxsiyyət vəsiqəsi ilə satıblar».

Hər halda, bunun adına sadəcə olaraq Misir Mərdanovun rəhbəri olduğu sistemdə cərəyan edən sıradan bir özbaşınalıq demək olar. Çünki Misir müəllim təhsilimizə tək bu kimi «töhfələri» verməyib. Daha betərlərini eşitdiyimizdən əslində, tələbələrin şikayətləri o qədər də maraqlı görünmədi. Elə deyilmi?

Geri qayıt