Əsas Səhifə > Hadisə, Manşet > HAKİMİYYƏTDƏN MÜXALİFƏTƏ SİFARİŞ GƏLDİ

HAKİMİYYƏTDƏN MÜXALİFƏTƏ SİFARİŞ GƏLDİ


15-05-2012, 16:31
HAKİMİYYƏTDƏN MÜXALİFƏTƏ SİFARİŞ GƏLDİ

«GÜLÜMSƏMƏ» KAMPANİYASI MƏTBUATA DA SİRAYƏT EDİR

DİA.AZ: - Bir müddət əvvəl məlumat verərək bildirmişdik ki, hakimiyyət müxalifətə elçi salıb. Burada məqsəd isə «Avroviziya-2012» mahnı yarışması ilə əlaqədar siyasi müxalifətin aksiyalarının səngidilməsi ilə əlaqədardır. Bu barədə yayılan xəbərlərdə vurğulanır ki, İctimai Palataya aid bir sıra şəxslərlə separat surətdə aparılan danışıqlrı AXCP-nin nümayəndələri pozublar. Daha doğrusu, danışıqlardan xəbər tutan Əli Kərimlinin israrlı surətdə piket keçirmə təşəbbüsləri məxfi qaydada həyata keçirilən iqtidar-müxalifət «dialoqun»da əldə edilmiş anlaşmanı əhəmiyyətsiz edib.

İndi isə iqtidar dairələri müxalif mətbuata təlimatlarını yollayıblar. Bununla bağlı DİA.AZ-a məlumat verən həmkarlarımızdan biri anonim şəkildə iddia edir ki, onun çalışdığı qəzetin rəhbərliyi də belə bir sifariş alıb. Sifarişin mahiyyətində isə vuğulanır ki, xüsusi olaraq qəzet saytlarında və informasiya portallarında Azərbaycanda mövcud siyasi durumu ehtiva edən materialların sayı azaldılsın.

Hər halda, burada hakimiyyətin hansı marağı güddüyünü təxmin etmək o qədər də çətin deyil. Elə dünən məlumatımızda bildirmişdik ki, artıq hakimiyyət öz telekanallarında yeni bir təbliğata başlayıb. Belə ki, AzTV-də davamlı olaraq insanlara «Avroviziya» yarışması ilə əlaqədar Bakıya axışan turistlərin qarşısında səbəbsiz və səbəbli olaraq gülümsəməyi əmr edirlər. Bəli, məhz əmr edirlər.

Və bu təbliğat materiallarında vurğulanır ki, içdən gülmək lazımdır, tam səmimi. İnsanlarımız dərdlərini unudaraq, gülməlidirlər. Çünki ev sahibi qonağın qarşısında necə ki, dərdini unudaraq gülür, elə də davranmalıyıq.

İndi isə hakimiyyətin bu kampaniyası müxalif mətbuata da sifariş formasında ötürülüb. Hər halda, kimlərin bu təşəbbüsə «hə» deyəcəyini təxmin etmək o qədər də çətin deyil…


Geri qayıt