Əsas Səhifə > Hadisə > GÜRCÜSTAN AZƏRBAYCANA QARŞI

GÜRCÜSTAN AZƏRBAYCANA QARŞI


15-05-2012, 12:02
GÜRCÜSTAN AZƏRBAYCANA QARŞI

KİLSƏ MƏSƏLƏSİ DOSTLUĞU BİTİRİR?

Gürcüstan XİN dindar gürcü vətəndaşların Gürcüstan-Azərbaycan sərhədində yerləşən David Qareci monastır kompleksinin ərazisinə buraxılması məsələsini Azərbaycan tərəfinin qarşısında qaldıracaq. Bu barədə Gürcüstanın xarici işlər nazirinin müavini Nino Kalandadze mayın 14-də brifinqdə bildirib.

O, jurnalistlərin suallarının cavabında deyib ki, Gürcüstan XİN əvvəllər razılaşmanın olmasına baxmayaraq, azərbaycanlı sərhədçilərin Gürcüstanın dindar vətəndaşlarını kompleksin ərazisinə buraxmaması barədə bəzi KİV-də yayılan məlumatları dəqiqləşdirilir.

“Biz bu məsələ ilə əlaqədar Azərbaycandan olan həmkarlarımız ilə əlaqə saxlayırıq və bu məsələni Azərbaycanın Gürcüstandakı səfirinin qarşısında qaldırmaq istəyirik”, - nazir müavini vurğulayıb.

“Gürcüstan XİN David Qareci kompleksi ilə bağlı məsələni diqqətlə izləyir. Kompleksin haqqında bəhs etdiyimiz hissəsi Azərbaycana məxsusdur və mübahisəli ərazi deyil”, - Kalandadze qeyd edib. “Bu ərazi hətta SSRİ vaxtında belə Gürcüstanın sərhədlərində olmayıb”, - o vurğulayıb.

Kalandadze deyib ki, Azərbaycanla Gürcüstan arasında sərhədlərin delimitasiyası prosesi davam edir. O ümidvar olduğunu bildirib ki, tezliklə tərəflər razılığa gələcəklər.

“Sərhədlərin delimitasiyası üzrə işçi qrupları bu məsələ üzərində fəal iş aparırlar. Hər iki tərəfin intensiv işinə baxmayaraq, proses hələ başa çatmayıb”, - o bildirib.

Gürcüstanın bəzi KİV-nin məlumatına görə, mayın əvvəllərində Azərbaycan öz sərhədçilərini nadir tarixi obyektin – David Qareci kompleksinin ərazisinə (Tbilisinin 60 km. cənub-şərqində) yerləşdirib. Baş monastır müqəddəs David lavrası hesab olunur. Monastır ərazisində azərbaycanlı sərhədçilərin olması barədə məlumatı Gürcüstanın “Maestro” teleşirkəti yayıb. Telekanal monastırda yaşayan rahiblərdən alınan informasiyaya istinad edib. Onların sözlərinə görə, azərbaycanlı sərhədçilər monastır kompleksinin bir hissəsini gürcü turustləri üçün bağlayıblar. Din xadimlərinin sözlərinə görə, azərbaycanlı sərhədçilər sözügedən əraziyə mayın 6-da gəliblər.

Gürcüstanla Azərbaycan arasında dövlət sərhəddinin uzunluğu 480 km.-dir. Bunun 300 km.-i razılaşdırılıb. Delimitasiya üzrə işlər 1996-cı ildən aparılır.

Gürcüstan KİV-i qeyd edir ki, bundan əvvəl ölkə prezidenti Mixail Saakaşvili monastırın Gürcüsran ərazisində qalmasını, onunla yanaşı strateji yüksəkliyin isə Azərbaycana verilməsini təklif edib. Lakin Azərbaycan tərəfi bu təklifə razı olmayıb. 2010-cu ilin dekabrında Azərbaycan tərəfi David Qareci kompleksinin əvəzində digər sərhəd ərazilərinin ona verilməsi barədə təklifi qəbul etməyib.


Geri qayıt