Əsas Səhifə > Siyasət, Manşet > LƏNKƏRAN ƏLİYEVƏ QARŞI ƏLAVƏ İTTİHAMLAR

LƏNKƏRAN ƏLİYEVƏ QARŞI ƏLAVƏ İTTİHAMLAR


14-05-2012, 11:44
LƏNKƏRAN ƏLİYEVƏ QARŞI ƏLAVƏ İTTİHAMLAR

GENERAL-MAYORA QARŞI YENİ FAKTLAR ONU MƏHBƏSƏ APARA BİLƏR

DİA.AZ: - Bu günlər Lənkəran Əliyev olaylarının kütləvi informasiya vasitələrində aktual mövzuya çevrilməsi, bir sıra vacib məqamlara aydınlıq gətirilməsini artıq danılmaz bir zərurətə çevirib. Məsələ burasındadır ki, bu gün ordu sıralarında xidmət edən onlarla hərbçi L.Əliyevin qanunsuz əməllərinə, əsassız bəyanatlarına nəinki artıq dözmək niyyətində deyil, bunu həm də cinayət kimi qiymətləndirir.

Lənkəran Əliyevin qanunsuz əməlləri isə yetərincədir. Məsələn, DİA.AZ-a daxil olan məlumata görə, o »N» hərbi hissəsinin komandirinə bütün şəxsi heyəti zabitlərdən başqa sıraya düzməyi əmr etmiş, bir-bir hər bir əsgər və çavuşun ağzını açdırmış, kimin ağzında qızıl dişi var imişsə onların hamısının adını siyahıya aldırmış və birbaşa ön xətdə yerləşən hərbi hissələrə göndərilmələrinə göstəriş vermişdir. Təqribən iki saat çəkən bu »yoxlama»dan sonra 175-200 nəfər əsgər və çavuş maşınlara mindirilərək heç bir yerdəyişmə sərəncamı olmadan yeni xidmət yerlərinə göndərilmişdir. Bu proses üzündən hərbi hissənin döyüş hazırlığına ciddi zərbə vurulmuş, nəticədə 72 döyüş maşını sürücüsüz qalmışdır.

L.Əliyevin qanunsuz əməlləri bununla bitmir. Bir gün o struktur bölmələrini yoxlamaq adı ilə ərazidə yerləşən tibb məntəqəsində müalicə olunan 15 xəstə əsgəri də qanunsuz olaraq cəbhə bölgəsinə göndərmiş, hətta əməliyyata hazırlanan, uyuşdurucu iynə vurulan əsgərə rəhm etməmişdir. Həkimin xahişini də qəti rədd etmişdir. Nəticədə həmin əsgər yolda keçinmişdir.

Lənkəran Əliyev »N» hərbi hissəsində ön postdakı əsgərə verdiyi komandanı düzgün yerinə yetirmədiyinə görə onun böyrünə bir təpik vurmuş, nəticədə həmin əsgər aldığı zədəyə görə xidmətinin qurtarmasına bir ay qalmış xəstəlik üzündən ordudan tərxis olunmuşdur.

Göründüyü kimi, bu gün özünü aydan arı, sudan duru bir hərbçi və insan kimi göstərməyə çalışan Lənkəran Əliyevin bir sıra kütləfi informasiya vasitələrində əsassız bəyanatlarla çıxış etməyə qətiyyən haqqı yoxdur. Yuxarıda deyilənlər isə onun haqqında toplayıb qələmə aldığımız məlumatların yalnız cüzi bir hissəsidir. Amma elə bu faktlar da onu göstərir ki, bu günlər Lənkəran Əliyev olaylarının kütləvi informasiya vasitələrində aktual mövzuya çevrilməsi, bir sıra vacib məqamlara aydınlıq gətirilməsini artıq danılmaz bir zərurətə çevirib.


Geri qayıt