Əsas Səhifə > Gündəm, Manşet > MASALLI SAKİNLƏRİ PREZİDENTƏ MÜRACİƏT ETDİ
MASALLI SAKİNLƏRİ PREZİDENTƏ MÜRACİƏT ETDİ11-05-2012, 14:18 |
«HAMİL HADİYEVİN SAYƏSİNDƏ 193 NƏFƏR DALAŞARAQ, POLİSƏ DÜŞÜB» DİA.AZ: - Masallı rayonunda bir müddət əvvəldən başlamış torpaq böhranı özünün pik həddinə çatıb. Artıq vəziyyət o qədər pisləşib ki, 10-a yaxın kəndin sakini yaranmış dramatik vəziyyətlə bağlı dövlət başçısı İlham Əliyevdən kömək istəmək məcburiyyətində qalıblar. Belə ki, həmin kəndlərin sakinləri prezidentə müraciət ünvanlayıblar. DİA.AZ-a daxil olan müraciətin mətnində deyilir ki, Masallı rayonunun Xəlfələr, Yeyənkənd, Tatyanoba, Güllütəpə, Yelağac, Yeni Zuvand, Oncakələ, Təzə Alvadı və Köhnə Alvadı kənd sakinləri olaraq, onlar dövlət başçısından yardım istəyirlər. «Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsinin müdiri Hamil Hadıyev özbaşınalıqla məşğuldur. Vətəndaşlara məxsus paybəlli torpaqların zorla başqalarına icarəyə verən şöbə müdiri insanlar arasında ciddi narazılıq yaratmaqla yanaşı, həm də dövlətin yürütdüyü siyasətə qarşı çıxır». Müraciətdə vurğulanır ki, Hamil Hadıyevin əməlləri sayəsində indiyə qədər 193 nəfər rayon sakini polis orqanlarına aparılıb. «193 nəfər insan torpaq məsələsində yaranmış anlaşmazlıq üzündən dalaşaraq, polis orqanlarına aparılıb. Hətta belə bir söhbət də gəzir ki, Hamil Hadıyev Masallı rayon Polis Şöbəsi ilə əlbir fəaliyyət göstərərək, insanları şərləməklə onlara hədə-qorxu gəlməyə çalışır. Bu tərəfimizdən Sizin yürütdüyünüz siyasətə qarşı atılmış addım kimi qiymətləndirilir». Müraciətin sonunda dövlət başçısı İlham Əliyevdən 10-a yaxın kəndin sakinləri baş verənlərin qarşısının alınması, torpaq şöbəsinin müdiri Hamil Hadıyevin cəzalandırılması və əhaliyə məxsus paybəlli torpaqların geri qaytarılmasını xahiş edirlər. Geri qayıt |