Əsas Səhifə > Ölkə > "UŞAĞI HANSI MƏKTƏBƏ OXUMAĞA QOYAQ?"
"UŞAĞI HANSI MƏKTƏBƏ OXUMAĞA QOYAQ?"15-09-2011, 15:49 |
BAKININ ÖZƏL MƏKTƏBLƏRİNDƏ QİYMƏTLƏR ÇOX BAHADIR "Uşağı hansı məktəbə oxumağa qoyaq?". Bu sual övladını birinci sinfə hazırlayan hər bir valideyni düşündürür. Bütün dünyada olduğu kimi, Azərbaycanda da məktəblər iki kateqoriyaya bölünür - dövlət və özəl (xüsusi) məktəblər. Dövlət məktəbləri, bütün qeyri-rəsmi pul yığılmalarına baxmayaraq, pulsuz sayılır. Özəl məktəblərdə təhsil haqqı isə ayda 500-1400 manat arasında dəyişir. Ən populyar xüsusi məktəblər Cag Oyretim Isletmeleri ilk özəl türk liseyləridir. Hal-hazırda onların ölkənin müxtəlif bölgələrində 12 məktəbi vardır. Onlardan 10-u yalnız oğlanlar, 1-i həm oğlan, həm də qızlar və 1-i ibtidai siniflər üçün nəzərdə tutulub. Bu məktəblərdə oxumaq onların harada yerləşdiyindən asılı olaraq ildə 2000-7500 manata başa gəlir. Cag Oyretim Isletmeleri liseyləri şəbəkəsinin ən "bahalı" məktəbi Bakı Özəl Türk Liseyi sayılır. Hər il bu məktəblərdə təhsil almağın qiyməti 10% artır. Amma məktəbə daxil olan zaman həmin gün üçün müəyyən edilmiş təhsil haqqı sonradan dəyişmir. Buna baxmayaraq, ekspertlərin fikrincə, respublikanın bütün özəl təhsil müəssisələri arasında bu məktəblər hal-hazırda qiymətlər baxımından ən "ucuz" və verilən təhsilin keyfiyyətinə görə ən yaxşı məktəblərdir. Həmin məktəblərdə tədris iki dildə aparılır. Texniki və təbiyyat fənləri ingilis, humanitar fənlər isə Azərbaycan dilində keçilir. Türk dili də xarici dil sayılır. Lakin Bakıda həmçinin ingilisdilli məktəblər də fəaliyyət göstərir və onlar da SSRİ dağılandan sonra yaradılıb. İlk ingilisdilli məktəb Baku Oxford School idi. İndi bu məktəbdə təhsil haqqı ayda 1300 manat və ya ildə 11700 manat təşkil edir. Fəaliyyətinin ilk illərində bu məktəbdə aylıq təhsil haqqı 500 manat idi. Üç il bundan əvvəl qiymətlər kəskin surətdə artdı və bu tədbir yalnız məktəbə yeni daxil olanlara deyil, həm də yuxarı sinif şagirdlərinə aid edildi. İngilisdilli məktəblər arasında təhsilin ildə 13500 manata başa gəldiyi British School da çox populyardır. İngilisdilli olmayan orta məktəblərdə qiymətlər bir qədər aşağıdır, fəqət onlar da çox bahadır. Bu məktəblərdə oxumaq ildə 8-9 min manata başa gəlir. Aşağıda Azərbaycandakı özəl orta məktəblərdə tətbiq olunan təhsil haqqı (manatla 1 tədris ili üçün) göstərilib: TISA - 25000 Vritish School - 13500 Oxford School - 11700 Çaq Oyretim Işletmeleri - 2500 - 7300 Heydər Əliyev adına Təhsil Kompleksi - 9000 XXI Əsr Ümumtəhsil məktəbi - 8000 Delta Education-nin rəhbəri Elşad Məmmədzadənin Turan-a bildirdiyi kimi, özəl məktəblərdəki qiymətlər həddindən çox şişirdilib və əslində, onlarda verilən təhsil buna layiq deyil. "Məsələn, ABŞ-da təhsil alma ailədə yaşamaqla birlikdə 9 min manatdan başlayır və ingilis dilinin öyrədiləcəyinə 100% zəmanət verilir. 12-13 min manata isə valideynlər öz uşaqlarını tədrisin keyfiyyətinin Azərbaycanda olduğundan çox-çox yüksək olduğu ABŞ-ın ən yaxşı özəl məktəblərinə qoya bilərlər. Məncə, valideynlər öz övladlarını Bakının bahalı xüsusi məktəblərinə yalnız ona görə qoyurlar ki, onları evdən uzağa buraxmaq istəmirlər. Əslində isə həmin məktəblərdə verilən təhsil ona çəkilən xərcə dəyməz", - deyə Məmmədzadə əlavə edib. Ekspertlərin fikrincə, uşaqlarını özəl məktəblərə, özü də ancaq türk liseylərinə, yalnız aylıq gəliri ən azı 1 min manat olan adamlar qoya bilər. Qalan məktəblərdə isə əsasən məmurların uşaqları oxuyur, hərçənd onların rəsmi maaşları bundan xeyli aşağıdır. Əhalinin qalan hissəsi isə övladlarını təhsilin çox da yaxşı olmadığı dövlət məktəblərində oxutdurmağa məcburdur. Geri qayıt |