Əsas Səhifə > Cəmiyyət, Manşet > DAHA BİR İCRA BAŞÇISI GEDİR

DAHA BİR İCRA BAŞÇISI GEDİR


8-05-2012, 15:44
DAHA BİR İCRA BAŞÇISI GEDİR

ÖLKƏNİN BAŞ DYP-ÇİSİNİN QARDAŞI DA HƏDƏFƏ GƏLDİ

DİA.AZ - Bir neçə gün əvvəl prezident İlham Əliyev bir sıra rayonların rəhbərlərini dəyişdi. Bildirək ki, gözləntilərin əksinə olaraq yeni təyinatlarda da daha çox bir başçının başqa bir rayona transferi nəzərə çarpdı. Amma buna baxmayaraq bəzi icra başçıları birdəfəlik olaraq görəvlərindən alındılar.

Mötəbər qaynaqların DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, hakimiyyət icra başçıları ilə bağlı islahatlarını bundan sonra da davam etdirmək niyyətindədir. Bu barədə danışan mənbənin sözlərinə görə, yaxın günlərdə daha bir rayonda dəyişiklik gözlənilir:

«Hələlik bir neçə rayonunun rəhbəri ilə bağlı plan var. Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev Bakıya - Xətai rayonuna Razim Məmmədovun yerinə təyin ediləcək. Razim Məmmədov isə görəvindən birdəfəlik olaraq alınacaq. Bildirim ki, bu plan çoxdandır cızılsa da, bir sıra müdaxilələr hələlik sözügedən yerdəyişmənin təxirə salınmasına nədən olur».

Amma mənbəmiz barəsində konkret qərarın verildiyini bildirdiyi Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalovun taleyinin daha da qaranlıq olacağını da söylədi. Bildirək ki, Tofiq Zeynalov Respublika Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun doğmaca qardaşıdır. O, 2007-ci ildə əvəlki icra başçısı Həmid Bağırovun yerinə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Bildirək ki, Tofiq Məhəmmədəli oğlu Zeynalov 1944-cü ildə doğulub. Əbdürrəhman Vəzirovun və Ayaz Mütəllibovun respublikaya rəhbərlik etdiyi dövrdə Tovuz Rayon Partiya Komitəsinin 1-ci katibi işləyib. İxtisasca mühəndisdir. 2005-ci ilin parlament seçkilərinədək Tovuz Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi olub. Parlament seçkilərində 105 saylı Tovuz seçki dairəsindən fərdi qaydada namizədliyini irəli sürüb və 2.71 faiz səslə üçüncü yeri tutub. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Mənbəmizin məlumatlarına görə, baş DYP-çinin qardaşı olmasına baxmayaraq Tofiq Zeynalova qarşı bir sıra ittihamlar da səslənə bilər: «Ona qarşı konkret faktlar var ki, hazırda müvafiq dövlət qurumları tərəfindən araşdırılır. Söhbət rayonun abadlıq işlərinə ayrılan vəsaitin təyinatı üzərə xərclənməməsindən və təxminən 1 milyon manat pulun ortadan yox olmasından gedir».

Mənbəmiz onu da bildirdi ki, hələlik qardaşının gücünə Tofiq Zeynalov toxunulmaz olsa da, onun qələminin artıq qırılması səbəbindən yaxın günlərdə müvafiq dəyişiklik baş verə bilər. Rayona icra başçısı postuna isə tanınmış simalardan birinin yaxın qohumunun təyin ediləcəyi gözlənilir.


Geri qayıt