Əsas Səhifə > Hadisə > LAÇINLI KÖÇKÜNÜN EVİ BAŞINA UÇURULDU

LAÇINLI KÖÇKÜNÜN EVİ BAŞINA UÇURULDU


5-05-2012, 16:54
LAÇINLI KÖÇKÜNÜN EVİ BAŞINA UÇURULDU

BASQINÇILARIN KİMLİYİ MƏLUMDUR

Buzovna qəsəbəsi M.Musayev küç. ev 3 ünvanında yaşayan, Laçın rayonundan məcburi köçkün Faiq İsmayılovun evinə 13 mart 2012-ci il tarixdə, saat 15-16 radələrində 15 nəfərə yaxın şəxs qonşu həyətin hasarından aşaraq daxil olub və heç bir sənəd təqdim etmədən evinin divarlarını uçurublar.

Bu barədə əməkdaşımıza "Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı" İctimai Birliyinin sədri, yazıçı-publisist Faiq İsmayılov məlumat verib.

- özlərini "mühafizə xidməti" işçiləri kimi təqdim edən adamlar heç bir sənəd təqdim etmədən evi sökməyə başlayıblar. Buna mane olmaq istəyən ailə üzvlərim söyüşlərlə təhqir edilərək, hücuma məruz qalıb və xəsarət alıblar. Müxtəlif dərəcəli bədən xəsarətləri alan evin xanım üzvləri və azyaşlı oğlum basqına mane ola bilməyiblər. Beləliklə də ailəmizə xeyli dərəcədə maddi və mənəvi ziyan vurulub. Basqınçılar "90 AU 293" və "10 JM 668" dövlət nömrə nişanlı avtomobillərlə "təşrif buyurublar".

Mən 20 ildən artıqdır ki, öz şəxsi evimdə ailəlikcə yaşayıram. Bir ziyalı kimi işğal olunmuş ərazilərimizdəki tarix və mədəniyyət abidələrimizin müdafiəsi ilə məşğul olmaqla yanaşı, bu istiqamətdə 4 kitab və 50-dən çox məqalə müəllifiyəm. Qarabağın mədəniyyəti, tarixi abidələri və erməni təcavüzündən zərər çəkən Azərbaycan vətəndaşlarının mülkiyyət hüquqlarının bərpası ilə bağlı 4 layihə həyata keçirmişəm. 2011-ci ildə işğal olunmuş ərazilərdəki tarix və mədəniyyət abidələrinin dağıdılması ilə bağlı Ermənistana qarşı Avropa Məhkəməsində 8 məhkəmə iddiası qaldırmışam ki, onlar artıq icraatdadır. Doğrusu, bu basqınçıların nəyə görə məni hədəf seçdiklərini anlaya bilmirəm. Basqına başçılıq edənlərdən biri özünü "naxçıvanlı Orxan" kimi təqdim edərək, evin söküləcəyinə heç kəsin mane ola bilməyəcəyini və heç kəsdən qorxmadığını bildirib".

Hadisə vaxtı işdə olduğunu deyən F.İsmayılov ailə üzvlərinin təhqir olunduğunu və fiziki təzyiqlərə məruz qaldıqlarını dedi. Ona görə də Daxili İşlər Nazirliyinə, Xəzər rayon Prokurorluğuna və Respublikanın Baş prokroru Z.Qaralova müraciət etdiyini, lakin hələlik reaksiya verilmədiyini qeyd etdi. Baş verənlərin hüquqi müstəvidə araşdırılmasına çalışacağını deyən F.İsmayılov məsələni dövlət başçısının diqqətinə çatdıracağını da vurğuladı.


Geri qayıt