Əsas Səhifə > Hadisə > “TEXNİKABANK”IN İŞÇİSİ DƏ VİCDAN MƏHBUSU ELAN OLUNDU

“TEXNİKABANK”IN İŞÇİSİ DƏ VİCDAN MƏHBUSU ELAN OLUNDU


5-05-2012, 16:36
“TEXNİKABANK”IN İŞÇİSİ DƏ VİCDAN MƏHBUSU ELAN OLUNDU

İP BUNUNLA BAĞLI BƏYANAT YAYIB

İctimai Palatdan FaktXeber.com-a daxil olan bəyanatda bildirilir ki, İctimai Palatanın qərarı ilə 2 aprel 2011-ci il tarixində siyasi islahatlar aparılması tələbi ilə keçirilən dinc etiraz aksiyası zamanı qanunsuz olaraq həbs olunan, asılı məhkəmələrin çıxardığı hökmə əsasən müxtəlif zaman müddətinə azadlıqdan məhrum edilən, “Amnesty İnternational”, “Human Rigths” və digər beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusları kimi tanınan - Arif Hacılı, Tural Abbaslı, Əhəd Məmmədli, Rüfət Hacıbəyli, Ülvi Quliyev, Vidadi İsgəndərli, Sahib Kərimov, Məhəmməd Məcidli, Elnur Məcidli, Şahin Həsənli, Zülfüqar Eyvazlı, Babək Həsənov, Arif Alışlı, həmçinin Bəxtiyar Hacıyevin bu gün də həbsdə saxlanılması Azərbaycan hakimiyyətinin cəmiyyəti xof içində saxlamaq üçün həyata keçirdiyi siyasi repressiyaların tərkib hissəsidir.

Heç bir hüququ fakta əsaslanmayan belə qanunsuz, ədalətsiz hökmlər daima ölkə və dünya ictimaiyyəti, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən kəskin şəkildə qınanılır və günahsız insanların qeyd-şərtsiz, dərhal azad olunması tələb edilir.

Verilən cəzanın 1/3-ni və ya yarısını çəkdiklərinə görə məhkəmələrdən onlara verilmiş cəzanın daha yüngül cəza ilə əvəz edilməsi haqqında verdikləri ərizə əsasında yalnız Elşən Həsənov həbsdən azad olunub, Arif Alışlı məntəqə tipli həbsxanada cəzasını çəkməsini davam edir, digərləri haqqında isə məhkəmələrin ilk qərarı qüvvədə saxlanılıb və bir çox hallarda isə həbsdə oluanların ərizələrinə məhkəmədə baxılması prosesi süni olaraq yubadılır ki, bu da həbs olunanlara qarşı Azərbaycan hakimiyyətinin barışmaz mövqeyinin ifadəsidir.

Həbs olunanları amnistiya aktı ilə azad etmək əvəzinə, insanları əfv ərizəsi yazmağa məcbur etmək yolunu tutan hakimiyyətin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Novruz bayramı münasibətilə verilən əfv fərmanlarının həbs olunanlardan yalnız ikisinə - Cabbar Savalanlı və Elnur İsrəfilova şamil edilməsi təəssüf doğurur.

Avropada sülh və barışığa xidmət edən “Eurovision” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsini keçirmək hüququ qazanan və BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan respublikamızda 2011-ci ildən bəri vicdan məhbuslarının sayı azalmaq əvəzinə, daha da artmaqdadır. İlin əvvəlindən vicdan məhbuslarının sayı 17-dən 14-ə düşsə da, son günlər iki hüquq müdafiəçisinin Oqtay Gülalıyev və Taleh Xasməmmədovun, iki jurnalistin - Anar Bayramlı, Ramin Bayramovun qeyri-qanuni həbsi vicdan məhbuslarının sayının 18-ə qalxmasına səbəb olub.

AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidovun və bir neçə digər şəxslərin həbs edilməsi vicdan məhbuslarının sayının daha da artacağı ehtimalını yaradır.

Artıq ölkə rəhbərliyinin Azərbaycanda keçirilən tədbirlərin Azərbaycan xalqının mənafeyinə, ölkədə demokratiyanın inkişaf etməsinə zidd olduğunu dərk etməsi zamanıdır. Beynəlxalq mahnı müsabiqəsi ərəfəsində vicdan məhbuslarının azad edilməsi Azərbaycan hakimiyyətinin sülh və barışığa xidməti kimi qəbul edilə bilər.

İctimai Palata bir daha hakimiyyəti qanunsuz və ədalətsiz qərarları haqqında ciddi düşünməyə, dünyada sülh və barışığa töhfə verməyə və vicdan məhbuslarını dərhal azad etməyə çağırır. Əks təqdirdə, “Eurovision” beynəlxalq mahnı müsabiqəsi ərəfəsində ölkədə yarana biləcək gərginliyin bütün məsuliyyəti haklimiyyətin üzərinə düşür.


Geri qayıt