Əsas Səhifə > Siyasət, Manşet > MƏMURLARIN NEFT PULLARINI TALAMA BƏHANƏSİ
MƏMURLARIN NEFT PULLARINI TALAMA BƏHANƏSİ5-05-2012, 16:25 |
QORXMAZ HÜSEYNOV ZİYA MƏMMƏDOVA DA YEYİNTİ FÜRSƏTİ YARADIR DİA.AZ: - «Azərsu» Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov həm özünə və həm də digər məmurlara deyəsən, əməlli-başlı yeyinti yeri tapıb. Hər halda, cəmiyyət adından həyata keçirilən son yenilənmələrdən də bunu bariz şəkildə görmək mümkündür. Məlum olduğu kimi, «Azərsu» ASC paytaxt Bakıda böyük yenilənmə işlərinə start verib. Şəhərin su və kanalizasiya xəttləri, kollektorları yenilənməkdədir. Təbii ki, bu işlər cəmiyyət tərəfindən də dəstəklənir, hətta alqışlanır da. Amma məsələnin arxasında başqa bir məqam var ki, bunu kiminsə alqışlaması qeyri-mümkündür… Nazirlər Kabinetindəki məlumatlı mənbələrin DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, əslində Qorxmaz Hüseynov təkcə bu «yenilənmə» adı altında son bir həftə ərzində 50 min manat pulu mənimsəyə bilib. Mənbəmizin söylədikləri: «Təbii ki, bu məmurlar üçün əgər iş varsa, deməli pul da var. Su və kanalizasiya kollektorunun tikintisi adı altında əslində dövlətin pulları mənimsənilir. Və ən maraqlısı odur ki, bütün üst qurumlar baş verənlərdən nəinki xəbərdardırlar, əksinə, hər kəsin bu yeyintidə payı var». Mənbəmiz ən maraqlı mövqenin isə nəqliyyat naziri Ziya Məmmədova aid olduğunu da söylədi. Hər halda, deyəcəksiniz ki, «Azərsu»nun gördüyü işlərin nəqliyyat nazirliyinə nə aidiyyatı var. Mənbəmiz bildirir ki, var və özü də çox ciddi şəkildə: «Necə ki, «KVN»nin məşhur səhnəsində aktyor Hacıbala Abutalıbovun adından bildirir ki, «cənab prezident, adətimiz var, əvvəlcə yolu çəkəcəyik, sonra kanaizasiya və su xəttini çəkərik»… İndi eyni şeylər yaşanır. Ziya Məmmədovun çəkdiyi bütün yeni yollar dağıdılmaqdadır. Artıq Yasamal rayonu ərazisində «Azərsu» tərəfindən aparılan «quruculuq» işləri nəticəsində ümumilikdə olaraq 1 kilometrə yaxın asfalt korlanıb. Bu hakimiyyətin rəqəmlərinə görə isə, 1 kilometrlik yol üçün ən azından 1,5-2 milyon manat pul tələb olunur. Deməli, Ziya Məmmədov əlavə yeyinti fürsəti qazanıb». Bütün bu oyunların əslində büdcəyə daxil olmuş neft pullarının məmurlar arasında paylaşdırılması üçün bir bəhanə rolunu oynadığını bildirən mənbəmiz onu da bildirdi ki, digər sahələrdə də anoloji talançılıq siyasəti hökm sürür: «Məmurlarımız ac canavar kimi büdcəni talamaqla məşğuldur. Və əmindirlər ki, kimsə onları sorğu-sual etməyəcək». Geri qayıt |