Əsas Səhifə > Cəmiyyət, Manşet > CAVİD QURBANOV HAQDA SİYASİ HÖKM

CAVİD QURBANOV HAQDA SİYASİ HÖKM


3-05-2012, 16:46
CAVİD QURBANOV HAQDA SİYASİ HÖKM

NƏQLİYYAT NAZİRLİYİNİN İKİNCİ ŞƏXSİ “VURULUR”

DİA.AZ: - Quba qiyamından sonra hakimiyyət daxilindəki müzakirələrdə nəqliyyat naziri Ziya Məmmədovun komandasının zəiflədilməsinin zəruriliyi ilə bağlı müzakirələr intensivləşib. Kifayət qədər maliyyə-iqtisadi resurslara nəzarət edən nəqliyyat nazirinin iddialı gedişləri müəyyən çevrələrdə qıcıq yaradıb. Ancaq ilkin mərhələdə onun özünün yox, yaxın adamlarının vurulması müzakirə edilir. Bu sırada Z.Məmmədovun sağ əli sayılan “Azəryolservis” ASC-nin sədri, deputat Cavid Qurbanovun adı ön sıradadır.

Bu barədə bizi məlumatlandıra mənbənin DİA.AZ-a vildirdiyinə görə Cavid Qurbanovun vurulmasına hələ ötən ildən start verilib. İlkin olaraq şəhərdaxili yolların təmir-bərpası funksiyası “Azəryolservis” ASC-dən alınaraq yerli icra hakimiyyətlərinə verildi. Artıq paytaxtda və regionlarda daxili yolların təmiri ilə yerli icra hakimiyyəti orqanları məşğul olur. Kifayət qədər “gəlirli” olan bu funksiyanın “Azəryolservis”dən alınması Cavid Qurbanovun maliyyə imkanlarının zəiflədilməsinə hesablanmışdı. Bunun ardınca C.Qurbanovun himayəsində olan “Gəncəbank” ASC qeyri-rəsmi sanksiyalarla üzləşdi. Bankın rəsmi məlumatında deyilir ki, “Gəncəbank” ASC-nin 2011-ci ildə əldə etdiyi mənfəətin həcmi 80 min manat təşkil edib, bu da əvvəlki ilin yekun göstəricisi ilə müqayisədə 14 dəfə azdır - 2010-cu ildə “Gəncəbank”ın mənfəəti 1,12 milyon manat olmuşdu. Bundan başqa, hesabat dövründə bankın ümumi gəlirləri 14 faiz azalaraq 3,475 milyon manat, o cümlədən faiz gəlirləri 13 faiz azalaraq 3,222 milyon manat, qeyri-faiz gəlirləri isə 18 faiz azalaraq 0,253 milyon manata enib. Bir sözlə, banka qarşı qeyri-rəsmi sanksiyaların nəticəsidir - “Gəncəbank”ın müştəriləri kütləvi şəkildə hesablarını “Atabank” və “Kapitalbank”a köçürdü. İndi bank bağlanmaq təhlükəsi ilə üzləşib. Bankın C.Qurbanovun nəzarətində olması ilə bağlı təkzib edilməyən məlumatlar var. “Gəncəbank” ASC-nin səhmlərinin 33,3 faizi C.Qurbanovun atası Qurbanov Qəmbər Şəmşir oğluna məxsusdur.

Bunun ardınca C.Qurbanov rəsmi dövlət qəzeti olan “Azərbaycan”da dəfələrlə kəskin tənqidlərə məruz qaldı. Əksər məmurları toxunulmaz saxlayan rəsmi dövlət qəzetində yalnız 3 məmurun tənqidinə yaşıl işıq yandırılıb - Ziya Məmmədov, Cavid Qurbanov və Hacıbala Abutalıbov. Rəsmi qəzetdə “Azəryolservis”in çəkdiyi və təmir etdiyi yolların keyfiyyətsizliyi tez-tez tənqid edilir. Obyektivlik naminə qeyd edək ki, “Azərbaycan” qəzeti bu məsələdə kifayət qədər haqlıdır və ciddi arqumentlərə söykənir. Yeni istifadəyə verilmiş magistral yollar dərhal təmirə bağlanırsa, yollarda tez-tez çatlar əmələ gəlirsə, onda tənqidin əsaslı olması bəlli olur. Ancaq məsələ bundadır ki, ən azı C.Qurbanov qədər korrupsiyalaşmış məmurlar, məsələn, Kəmaləddin Heydərov və yaxud Fazil Məmmədov həmin qəzetdə toxunulmaz sayıldığı halda, yalnız C.Qurbanov tənqid obyekti olursa, deməli, “Azəryolservis”in şefi siyasi hakimiyyətin hədəfindədir və hansısa əməlinin bədəlini ödəyir.

Məlumatlı mənbələrdən DİA.AZ-a daxil olan məlumata görə, son vaxtlara qədər mediada özü haqda gedən yazılara etinasız yanaşan, “yazılanlar hamısı boş şeydir” deyə reaksiya verən C.Qurbanov indi bu yazılardan təşvişə düşüb. O hətta yaxın adamlarına “Azərbaycan” qəzetində yazıların sifarişçisini öyrənməyi tapşırıb. Ona çətinliklə də olsa izah edə biliblər ki, Prezident Administrasiyasından idarə edilən bir qəzetdə yazının sifarişçisini axtarmaq mənasız bir işdir. Yəni sifarişçi bəllidir - Prezident Administrasiyası. Yalnız bundan sonra C.Qurbanov siyasi hakimiyyətin hədəfində olmasının fərqində olub. Və yaxınlarına mətbuatla təmasda son dərəcə diqqətli olmağı tapşırıb.

Mənbə iddia edir ki, C.Qurbanovun atası da həmyerli saydıqları tanınmış jurnalistlərdən imkan daxilində mətbuatda oğlu haqda yazıların qarşısını almaq xahişini edib. O, belə hesab edir ki, oğlu ilə bağlı tənqidi yazıların intensivləşməsi yaxşı gələcək vəd etmir. Keçmiş nomenklatura işçisi olan Qəmbər Qurbanov oğlunu gözləyən təhlükənin fərqindədir.

C.Qurbanovun əslində prezident İlham Əliyevin qəzəbinə gəldiyi haqda məlumat əldə etmişik. İqtidara yaxın mənbənin bildirdiyinə görə, “Azəryolservis” ASC -nin çəkdiyi və təmir etdiyi yolların yanvar-fevral aylarında yağan qardan sonra bərbad vəziyyətə düşməsi ölkə rəhbərliyini ciddi şəkildə narahat edib. Mənbəmiz bildirir ki, büdcədən yol layihələrinə ayrılan milyonların oğurlanması, Cavid Qurbanovun, Ziya Məmmədovun nəhəng maliyyə vəsaitlərini mənimsəmələri Prezident Administrasiyasında ciddi narazılıq yaradıb. Buna görə də həm nəqliyyat nazirindən, həm də “Azəryolservis” ASC rəhbərindən nə üçün bunun belə olduğu soruşulub. Qaynağımız bildirir ki, siyasi hakimiyyət hələlik Z.Məmmədovun yox, C.Qurbanovun cəzalandırılmasını məqsədə uyğun bilib.


Geri qayıt