Əsas Səhifə > Gündəm, Manşet > DAHA BİR MOLLA QARAYAXMASI
DAHA BİR MOLLA QARAYAXMASI3-05-2012, 12:51 |
«AZƏRBAYCAN FARS MÜXALİFLƏRİNƏ VƏ İRAN KÜRDLƏRİNƏ SIĞINACAQ VERİB» DİA.AZ: - Azərbaycanı davamlı olaraq hədəfə alan rəsmi Tehran ölkəmizə və rəsmi Bakıya qarşı daha bir iddia ortaya qoyub. Bu barədə İranın xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyət göstərən «arannyus» portalında yer alan məlumatda narahatçılıqla bildirilir ki, Azərbaycan dövləti İranın hazırki rejiminə müxalif olan qüvvələr yer verməklə yanaşı, eləcə də terrorçu kürdləri də öz içində barındırmaqla məşğuldur. DİA.AZ-ın sözügedən İran portalına istinadən yaydığı xəbərdə o da vurğulanır ki, fars-molla rejimi əslində bu yolla Azərbaycana qarşı hərbi əməliyyatlar həyata keçirə bilməsi üçün bir növ zəmin də hazılamaqdadır. Çünki bu cür təbliğatın sonuc olaraq Azərbaycana hərbi müdaxilə üçün şərait yaratmağa xidmət etməsini asanlıqla görmək olan. Beləliklə, «arannyus»da yer alan həmin sərsəm təbliğat materialını olduğu kimi diqqətinizə çatdırırıq: «Bir müddət öncə İraqın İnsan Hüquqları naziri Bağdadın "Əl-səbah" dövlət qəzetinə verdiyi müsahibəsində deyib: "İndiyə kimi terrorçu münafiqlər təşkilatının 100 üzvü Bağdadda yerləşən yeni düşərgələrindən İraqdan xaricə köçürülmüşdür". İraqın İnsan Hüquqları naziri Məhəmməd Şiya Əlsudani bildirib: "İndiyədək münafiqlərdən 1600 nəfəri "Əşrəf" düşərgəsindən Bağdad Hava Limanı yaxınlığında yerləşən tranzit düşərgəyə köçürülüb". Bu xəbərə əsasən, İraq hökumətinin münafiqlərin ölkədə qalmasına qəti müxalifəti, ABŞ-ı öz müttəfiqi olan bu qrupu böhrandan çıxarmaq üçün çarə yolları axtarmağa məcbur etmişdir. Məlumdur ki, münafiqlər casus və anti-İran məqsədlərlə dünyanın müxtəlif ölkələrinə göndəriliblər. Bu təşkilatın üzvləri ABŞ-ın müxtəlif ölkələrdəki bazalarında, o cümlədən İordaniya, Azərbaycan Respublikası, Əfqanıstan və s. dağınıq surətdə fəaliyyət göstərirdilər. Amma indiyə kimi heç bir ölkə onları rəsmi olaraq qəbul etməyə hazır deyil. Münafiqlərə yaxın olan etibarlı qaynaqların verdiyi məlumat göstərir ki, bu qrupun İraqdan tədriclə çıxmasına diqqət etməklə, ABŞ dövləti İranın qonşuları olan 5 dövlətlə danışıqlar apararaq münafiqlərin həmin ölkələrə köçməsi barədə razılığa gəliblər. Buna əsasən, terrorçu münafiqlər qrupunun üzvləri Yaxın Şərqdə ABŞ-ın dostu və müttəfiqi olan ölkələr: Səudiyyə Ərəbistanı, İordaniya, Azərbaycan, Qətər, Pakistanda yerləşdiriləcək. Bu barədə maraqlı nöqtə odur ki, münafiqlər İranla sərhəd ölkələrə paylanacaqlar. Azərbaycan və Pakistan, İranla qurudan, Ərəbistan və Qətər dənizdən ortaq sərhədlərə malikdirlər. İordaniyanın isə Suriya ilə ortaq sərhədləri vardır. Azərbaycan Respublikasının coğrafi mövqeinin nəzərə alsaq, İrana qarşı casusluq fəaliyyətləri üçün ən əlverişli şəraiti vardır və münafiqlərin orada yerləşdirilməsi üçün ən yaxşı seçimdir. Aparılan araşdırmalara əsasən, Azərbaycanda 16 istifadəsiz hərbi aerodrom vardır və atılmış addımlar nəticəsində artıq onlardan 4-ü öz fəaliyyətini bərpa etmişdir. Azərbaycan dövləti hal-hazırda digər aerodromların da işə düşməsinə çalışır. 4 aerodromun sionistlərə icarəyə verilməsi də bu proqram çərçivəsində həyata keçirilmişdir. Sionist lobbisi münafiqlər qrupunun dağılmaması üçün AR-da "Əşrəf" düşərgəsi kimi bir şərait yaratmaq istəyir. Həmçinin, məlumatlara əsasən, terrorçu münafiqlər qrupundan əlavə, İrana qarşı olan digər qruplar, o cümlədən İran Kürdüstan Demokratik Partiyası və PJAK, AR-da azad surətdə öz fəaliyyətləri ilə məşğuldurlar. Hətta, bir çox qərb dövlətləri tərəfindən terrorçu təşkilat kimi tanınmış terrorçu münafiqlər qrupunun, İranın bir çox rəsmi şəxslərinin terrorunda, yüzlərlə günahsız İran vətəndaşının ölməsinə və yaralanmasına səbəb olmuş bomba partladılmasında əli vardır. Bakı rəsmilərinin İranla yaxşı qonşuluq münasibətlərinə riayət etməsi iddialarına baxmayaraq, terroriçu qruplardan əlavə, DAK (Dünya Azərbaycanlıları Konqresi) kimi separatçı qruplar bu ölkədə fəaliyyət göstərir və AR-ın gizli və aşkar dəstəyi ilə İranın ərazi bütövlüyünə qarşı iddalar edirlər». Geri qayıt |