Əsas Səhifə > Gündəm, Manşet > VAHİD ƏHMƏDOVA QARŞI KAMPANİYA

VAHİD ƏHMƏDOVA QARŞI KAMPANİYA


2-05-2012, 11:23
VAHİD ƏHMƏDOVA QARŞI KAMPANİYA

REDAKSİYAMIZA DEPUTATI HƏDƏFƏ ÇEVİRƏN HAZIR YAZI DAXİL OLDU

DİA.AZ: - Bir müddət əvvəl yerli mətbuatda belə bir məlumat yayıldı ki, 1 Mart Quba olaylarının ardından bu prosesdə fəal surətdə iştirak edən deputat Vahid Əhmədova qarşı kampaniya başlayacaq. Və artıq bu xəbərlər özünü doğrultmaqdadır.

Belə ki, DİA.AZ-ın elektron poçtuna bu qəbildən olan material daxil olub və biz də həmin materialı olduğu kimi diqqətinizə çatdırırıq. Əslində burada olan əsas marağımız ondan ibarətdir ki, portalımızın kimlər üçünsə poliqon olmadığını diqqətlərə çatdıraq. Eyni zamanda hansı oyunların oynandığından da oculuramızı hali olsun. Hər halda, məlumatı olanlar bu yazının ruhundan da nəyin necə olduğunu asanlıqla anlayacaqlar. Beləliklə «Vahid Əhmədovla Rauf Həbibov niyə düşmən kəsilib? - Deputatın bələdiyyə sədri olan dostunun həbsi Qubada hadisələrin alovlanması üçün ciddi zəminlərdən biri olub» başlıqlı materialı nöqtsəinə, vergülünə toxunmadan təqdim edirik…

«Quba hadisələrinin üzərindən bir xeyli vaxt keçməsinə baxmayaraq, rayonda baş verənlərin qaranlıq tərəfləri hələ də qalmaqdadır. Hadisələrin birbaşa icra başçısı Rauf Həbibovun işlətdiyi ifadələrlə bağlı olması barədə ilkin rəydən sonra meydana çıxan məlumatlar isə işin içində başqa məqamların olduğunu da deməyə yetərli qədər əsaslar verməyə başlayıb.

Qubadakı olayların inkişaf trayektoriyasını araşdırdıqda belə məlum olur ki, əslində, Rauf Həbibovun söylədiyi fikirlər həqiqətən də hadisələrin dramatik şəkil almasına rəvac verib. Amma buna qədər olan hadisələr isə kifayət qədər maraqlıdır. Maraqlı məqamlardan biri də odur ki, rayondakı hadisələrin içində deputat Vahid Əhmədovun da əli olub. Belə ki, Rauf Həbibovla deputatın arasındakı narazılığın əsas səbəbi Quba bələdiyyəsinin sədri Elxan Əliyevin həbs edilməsi olub. Aldığımız məlumata görə, Elxan Əliyevin həbsinə Qubanın keçmiş icra başçısı göstəriş verib. Həbsin reallaşması üçün arqument isə onun saxta sənədlərlə bir sıra işlər görməsi və icra başçısı ilə hesablaşmaması göstərilib. Bunu da şərtləndirən əsas cəhət isə bələdiyyə sədrinin Vahid Əhmədovun yaxın adamı olması və ona arxalanması olub.

Məlumatda deyilir ki, Elxan Əliyev Qubada bir xeyli torpaq sahələrini sataraq, pulu Həbibovla deyil, Əhmədovla bölüşdürüb. Hətta bununla bağlı ona bir neçə dəfə xəbərdarlıq edilsə də, əhəmiyyət verilməyib. Nəticədə, Qubanın keçmiş icra başçısı Rauf Həbibov onun sözlərindən nəticə çıxarmayan Elxan Əliyevin həbsi barədə göstəriş verib.

Düzdür, Quba olaylarında əhalinin sosial narazılığının da böyük rolu vardı. Həmin hadisələr təkcə icra başçısına qarşı deyil, həmçinin ümumilikdə, idarəetməyə etirazın bir forması idi. Amma maraqlı məqam odur ki, bu üsyanın hazırlanması heç də mart ayında baş verməyib. Əksinə, prosesə hazırlıq noyabr ayından başlayıb ki, bundan da bir çoxlarının xəbəri olub. Həmin xəbəri olanlar sırasında isə deputat Vahid Əhmədov da var.

İndi sual oluna bilər ki, həmin hadisələrdə ən aktiv fiqurlardan biri olan deputat məsələdən 4-5 ay qabaq xəbərdar olduğu halda, niyə bu barədə müvafiq dövlət qurumlarına xəbər verməmişdi? İşin görünən tərəfi odur ki, bu işlərdə deputatın da yetərli qədər marağı olub və bu səbəbdən də susmağa üstünlük verib.

Onu da bildirək ki, Vahid Əhmədovun deputat seçilməsinə hakimiyyət yanında təminat verən şəxs müdafiə naziri Səfər Əbiyev hesab olunur».


Geri qayıt