Əsas Səhifə > Siyasət, Manşet > FHN ŞEFİ TİCARƏT MƏRKƏZİ TİKDİRİR

FHN ŞEFİ TİCARƏT MƏRKƏZİ TİKDİRİR


1-05-2012, 12:51
FHN ŞEFİ TİCARƏT MƏRKƏZİ TİKDİRİR

ARİF QARAŞOVUN OBYEKTİNƏ ƏL QOYAN ŞƏXSİN KİMLİYİ BƏLLİ OLDU

DİA.AZ: - Son məlumatlara görə, Bakının Yasamal rayonu ərazisində yerləşən «Şüşəli bazar» tam sökülüb. Xəbərlərdə o da deyilir ki, plana düşən bazarın yerində ticarət mərkəzinin tikilməsi planlaşdırılır. Bunu ərazidə iş aparan podratçı şirkətdən bildiriblər: «Tikinti işlərinə «Eurovision-2012» mahnı müsabiqəsi bitdikdən sonra başlanılacaq».

Xatırladaq ki, Bakının Hüseyn Cavid prospektində yerləşən «Şüşəli bazar» ötən əsrin 50-ci illərində tikilmişdi. Bildirək ki, Bakının Yasamal rayonu ərazisində yerləşən "Şüşəli bazar" 2005-ci ildən fəaliyyətini dayandırıb. Məlumata görə, bazarın ərazisi 2010-cu ildən hasara alınıb.

Onu da bildirək ki, paytaxt ərazisində "Şüşəli bazar" adı ilə tanınan bazar ətrafında xeyli vaxtdır söz-söhbət dolaşır. Hüseyn Cavid prospektində yerləşən bu köhnə tikilinin yerinin bir müddət öncə imkanlı bir şəxs tərəfindən alınaraq ərazidə çoxmərtəbəli bina tikiləcəyi deyilirdi. Ətrafda yaşayan sakinlərin narazılığına səbəb olan bu məsələnin reallaşması yubandı və sonda deyilənlərin reallığı əks etdirmədiyi məlum oldu.

Bir müddət əvvəl isə Yasamal rayon icra hakimiyyətindəki məlumatlı qaynaqların qeyri-rəsmi olaraq DİA.AZ-a bildirdiklərindən belə aydın olurdu ki, bazarın yerində heç də bağ salınmayacaq və artıq bazarın taleyinə aydınlıq gətirilib:

“Bazarın yerində Ticarət Mərkəzi inşa olunacaq. Özünüz düşünün, özəlləşdirilən bir ərazidə necə ola bilər ki, bağ salınsın. Hər halda bazarı satın alan şəxs dəli deyil ki, pulunu bir parkın salınması üçün havaya sərf etsin”.

Mənbəmiz bildirdi ki, bazar zamanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin sabiq rəisi Arif Qaraşov tərəfindən özəlləşdirilsə də, sonradan onun əlindən alınıb: “Bazarla bağlı qərarsızlıq da buradan qaynaqlanır. Artıq Arif Qaraşov bazarı yeni sahiblərinə təhvil verib”.

Onu da xatırladaq ki, bir müddət əvvəl, daha dəqiqi hakimiyyətin start düyməsini basdığı anitkorrupsiya tədbirlərinin ilk günlərində belə bir məlumat da yayılmışdı ki, keçmiş Dövlət Reyestri Xidmətinin fəaliyyəti ilə bağlı Baş prokurorluq yanında korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən araşdırmalara başlanılıb. Hətta bir ara sözügedən quruma rəhbərlik etmiş Arif Qaraşovun həbsi xəbəri də yayıldı ki, sonradan bu məlumatlar özünü doğrultmadı.

Amma Arif Qaraşovun durumunun o qədər də münasib olmaması elə həmin ərəfədəcə də təsdiqləndi. Keçmiş məmurun təzyiqlərlə üz-üzə qaldığı haqda məlumatlar yayan dövrü mətbuatda bildirilirdi ki, vəziyyət o qədər gərgindir ki, Qaraşov hətta səhhətində problemlərdən dolayı Rusiya paytaxtında uzun müddət qalmalı olub.

Hal-hazırda isə Arif Qaraşovun daha çox Şamaxıdakı villasında vaxt keçirdiyi bildirilir. Amma ona qarşı hücumlar səngiməyib. Bu barədə redaksiyamızı məlumatlandıran mötəbər qaynaqların bildirdiklərindən belə məlum olur ki, sabiq xidmət rəisinə məxsus obyektlərin bəziləri artıq ondan alınıb:

«Konkret olaraq Yasamal rayonu ərazisində yerləşən «Ekspress Kafe» və onun yaxınlığındakı «Baza Pitseriya» Arif Qaraşovun əlindən alınıb. Sabiq xidmət rəisinin digər obyektlərinə də əl qoyula bilər».

Məlumatlı mənbə bildirir ki, əslində bu yolla Qaraşov canını qurtarmış olur: «Məlumdur ki, görəv başında olarkən Arif Qaraşov kifayət qədər gəlir əldə edə bilmişdi və hal-hazırda onun varidatının 5 milyon ABŞ dollarına yaxın olduğu bildirilir. Təbii ki, belə bir sərvətin hakimiyyətin nəzarətindən kənarda qalması imkansızdır. Ona görə də Qaraşov əlində olanı vermək zorundadır».

Məlumatlarda o da qeyd olunur ki, əslində bir müddət əvvəl sabiq xidmət rəisi həbs olunmalı idi: «O, həbsdən yaxasını əlində olan sərvətdən vaz keçməklə qurtardı. Və bu günlərdə ona aid olan daha 3 obyekt məmurlardan birinin ixtiyarına veriləcək».

FHN ŞEFİ TİCARƏT MƏRKƏZİ TİKDİRİR
- bazarın indiki durumundan görüntü -

Son məlumatlardan isə aydın olur ki, Arif Qaraşovun həmin 3 obyektindən biri elə “Şüşəli vazar”dır və o da bu günlərdə əlindən alınıb. Bazarın yeni sahibinin kimliyi barədə isə redaksiyamıza ilginc məlumatlar daxil olub. Bu barədə əldə etdiyimiz informasiyalardan aydın olur ki, bazar Arif Qaraşovdan alınıb və onun yeni sahibi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın qohumudur.

Mənbəmiz bildirir ki, FHN şefinin qohumu bazarın yerində elə «Gilan» adlı yeni ticarət mərkəzi inşa etdirəcək: «Doğrudur, ad məsələsində hələlik dəqiqləşmə olmayıb. Sadəcə olaraq belə bir təklif var. Amma bu ad seçilərsə, təbii ki, əsl sahibi də ortaya çıxarmış olacaq. Ona görə də, yekun qərarın verilməsini gözləmək lazımdır».


Geri qayıt