Əsas Səhifə > Gündəm, Manşet > MEHDİYEV-ƏSƏDOV QARŞIDURMASI GÜCLƏNİR

MEHDİYEV-ƏSƏDOV QARŞIDURMASI GÜCLƏNİR


1-05-2012, 12:33
MEHDİYEV-ƏSƏDOV QARŞIDURMASI GÜCLƏNİR

HAKİMİYYƏT İÇİNDƏ GEDƏN OQYUNLARIN “PƏRDƏARXASI” MƏQAMLARI

DİA.AZ: - Son illər siysi leksikonumuza daxil olmuş və media əhlinin gen-bol istifadə etdiyi «siyasi sürgün» anlayışı hər kəsin təsəvvüründə vaxtilə hakimiyyət qollarında yüksək post tutmuş bir məmurun «vurularaq» daha aşağı vəzifəyə göndərilməsini canlandırır. Məsələn, bir nazir, komitə sədri və ya hansısa idarə rəisi işdən uzaqlaşdırılaraq hansısa ölkəyə səfir, fəxri konsul və ya hətta müşavir göndərilir və səlahiyyət müddəti başa çatdıqdan sonra heç yeri də dəyişdirilmir və ya sərəncamda saxlanılaraq mənəvi işğəncəyə məcbur edilir.

DİA.AZ bildirir ki, bəzən də bu «sürgün» xarici ölkəyə yox, elə ölkə daxilindəki yerdəyişmələrlə məhdudlaşır. Tutaq ki, hansısa böyük rayonun icra hakimiyyəti başçısı prezidentin və ya Prezident Adminstrasiyası rəhbərinin qəzəbinə gələrək balaca rayona sürgün edilir, bir müddət sonra isə ümumiyyətlə təqaüdə göndərilir.

Bu baxımdan son günlər prezidentin icra başçılarının yerinin dəyişdirilməsi haqqındakı sərəncamlarından bəzilərini də sürgün kimi qəbul etmək olar. Məsələn, Milli Məclisin sədri Oqtay Əsədovun qudası Alı Qocayevin Binəqədi rayon icra hakimiyyəti başçısı vəzifəsindən götürülərək Samuxa icra başçısı göndərilməsinə də sürgündən başqa ad tapmaq çətindir. Unutmaq olmaz ki, Oqtay Əsədov hakimiyyətdə həlledici postlardan birini tutur və prezident, baş nazirdən sonra qanunverici hakimiyyətə malik bir şəxsin Prezident Adminstrasiyası rəhbərinə uduzması xeyli düşündürücüdür.

Heç kimə sirr deyil ki, Oqtay Əsədovla Ramiz Mehdiyev arasında münasibətlər yumşaq desək o qədər də rəvan deyil və bu soyuqluğun tarixi birincinin 2005-ci ildə gözlənilmədən parlament sədrliyinə gətirilməsindən də əvvəlki dönəmlərə təsadüf edir. Ancaq təbii ki, PA şefinin istəmədiyi bir şəxsin vəzifə baxımından ölkədə üçüncü şəxs statusuna yüksəlməsi vəziyyəti daha da qəlizləşdirdi. Heç şübhəsiz, Mehdiyev parlamentin sədri kürsüsündə tamam başqa adamı görmək istəyirdi və bəlli səbəblərdən həmin post nisbətən iddiasız bir adama həvalə edilməli olduğundan Əliyevlər ailəsi riskə getməzdi, heç getmədi də. Nəticədə Ramiz Mehdiyev öz namizədini həmin kürsüdə əyləşdirə bilmədi. Məhz bundan sonra onlar sözün həqiqi mənasında «mehriban düşmən»lərə çevrildilər və fürsət düşdükcə bir-birinin zəiflədilməsinə yönəlik cəhdlərdə bulundular. Doğrudur, ilk gündən bu savaşda PA rəhbəri Milli Məclis sədrindən güclü görünürdü. Nəzərə almaq lazımdır ki, PA rəhbərinin intəhasız səlahiyyətləri var və nəinki nazirliklərdəki idarə və ya şöbə rəislərinin təyin olunmasında, hətta Parlament Aparatının formalaşmasında da o, əsas söz sahibidir. Ancaq bir məsələ də var ki, Oqtay Əsədov sırdan bir şəxs deyil və hakim ailəyə çox yaxın münasibətlərdə ola tək-tək məmurlardandır. Elə isə onun qudasının Binəqədidən Samuxa sürgün edilməsinə niyə razılıq verilib? Ortada nə baş verib ki, İlham Əliyev belə bir sərəncam imzalamağa razı və ya məcbur olub?

Əlbəttə, hansısa səhvi üzündən Alı Qocayevin ölkə başçısının qəzəbinə gəlməsi versiyası o qədər də inandırıcı deyil. Çünki ölkənin bütün icra başçısı kontingenti obrazlı desək «eyni yuvanın quşlarıdır» və əgər dərinə gedilsə, onda gərək bütün rayonların icra başçıları hansısa rayona sürgünə deyil, birbaşa həbsxanalara göndəriləydi. Odur ki, Milli Məclis sədrinin öz qudasının nisbətən «aşağı» vəzifəyə göndərilməsinə seyrçi qalması inandırıcı deyil və görünür, bizim bilmədiyimiz hansısa səbəblər üzündən ondan Alı Qocayevin cəzalandırılmasına razılıq alınıb və yalnız bundan sonra belə bir sərəncam imzalanıb. Hər halda ehtimal etmək olar ki, Alı Qocayev ona qarşı PA tərəfindən hazırlanmış «qara piarın» və ya təxribatın güdazına gedib və «sübutlar» o qədər inandırcı olub ki, parlament sədri öz qudasının kürsüsü uğrunda mübarizə aparmağa risk etməyib.

İstənilən halda proqnozlaşdırmaq olar ki, Alı Qocayevin Samuxa göndərilməsi Prezident Adminstrasiyası ilə Milli Məclis arasındakı intriqaları daha da qızışdıracaq və hətta bəzən bu savaşın açıq müstəviyə keçməsiylə nəticələnəcək. Doğrudur, Oqtay Əsədov rəqibindən fərqli olaraq savaşa meylli adam . Ancaq nəzərə almaq lazımdır ki, səbr də sonsuz deyil və bıçaq sümüyə dirənəndə təmkinli davranış məğlubiyyətə aparır. Ona görə də çox güman ki, yaxın zamanlarda bu savaşın yeni epizodları ilə rastlaşacağıq və qisasın qiyamətə qalmaması üçün Milli Məclis sədrinin bütün arsenalını işə saldığının şahidi olacağıq. Hətta o da ola bilər ki, İlham Əliyev Alı Qocayevin «sürgün» sərəncamı imzalanmazdan öncə artıq Milli Məclis sədrinin könlünü alıb və yaxın zamanlarda daha səs-küylü «sürgün»lərlə nəinki ona, hər kəsə sürpriz edəcəyinə söz verib....


Geri qayıt