Əsas Səhifə > Cəmiyyət > AZƏR VAHABZADƏ BİR DƏFƏ DƏ İŞƏ ÇIXMAYIB

AZƏR VAHABZADƏ BİR DƏFƏ DƏ İŞƏ ÇIXMAYIB


11-10-2011, 17:49
AZƏR VAHABZADƏ BİR DƏFƏ DƏ İŞƏ ÇIXMAYIB

QOBUSTANA PROKUROR TƏYİN OLUNANDAN BƏRİ

Qobustan rayonuna prokuror təyin olunan Azər Vahabzadə hələ də işə çıxmayıb. Oktyabrın 11-də Qobustan Rayon Prokurorluğunun dəftərxanasından bildiriblər ki, Azər Vahabzadənin səhhətində problem var: “Xəstədir, işə gəlmir. Rayon prokuroru təyin olunandan bəri bir dəfə də işə çıxmayıb”. Prokurorluq rəsmisinin sözlərinə görə, Azər Vahabzadənin vəzifəsinin icrası rəsmən heç kimə tapşırılmayıb.

Baş prokuror Zakir Qaralov sentyabrın 19-da Azər Vahabzadəni Abşeron rayon prokuroru vəzifəsindən çıxararaq Qobustana prokuror təyin edib. Bəzi mətbuat orqanları Azər Vahabzadənin baş prokurorun əmrinə tabe olmayaraq yeni vəzifəsinin icrasına başlamaqdan imtina etdiyini yazır.

Zakir Qaralov oktyabrın 1-də jurnalistlərə açıqlamasında deyib ki, Azər Vahabzadə səhhətində yaranmış problemlə əlaqədar hələlik işə çıxa bilmir. Baş prokuror əlavə edib ki, məsələni araşdırıb müvafiq qərar qəbul edəcəklər.

Azər Vahabzadənin özündən isə şərh almaq mümkün deyil. Onun mobil telefonu bir neçə həftədir bağlıdır.

Azər Vahabzadə mərhum şair Bəxtiyar Vahabzadənin oğludur. Əvvəllər Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi, Nərimanov rayon prokuroru vəzifələrində çalışıb.


Geri qayıt