Əsas Səhifə > Hadisə > OQTAY GÜLALIYEV BLOKADAYA ALINIB

OQTAY GÜLALIYEV BLOKADAYA ALINIB


24-04-2012, 18:34
OQTAY GÜLALIYEV BLOKADAYA ALINIB

VƏKİLİ ONUN YANINA BURAXILMIR

5 gün əvvəl Sabirabad rayon məhkəməsi tərəfindən həbs edilmiş “Kür” vətəndaş cəmiyyəti qərargahının koordinatoru Oqtay Gülalıyevin vəkili Əlaif Həsənov indiyədək onun yanına buraxılmayıb.

Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin Turana verdiyi məlumata görə, Gülalıyev Bakı yaxınlığında Şüvəlan istintaq təcridxanasında saxlanılır, amma onun işini Sabirabad polisinin müstəntiqi Qurbanəli Quliyev aparır.

Sonuncu heç bir əsası olmadan vəkili müvəkkili ilə görüşdürməkdən imtina edib. O, çərşənbə axşamı Gülalıyevlə görüşə icazə verəcəyini vəd etsə də, sözünü tutmayıb. Belə ki, vəkil bir neçə saat istintaq təcridxanasının qarşısında gözləyib, lakin müstəntiq oraya gəlməyib.

Vəkildə olan qeyri-rəsmi məlumata görə, aprelin 26-da Gülalıyev yenidən “istintaq hərəkətləri üçün” Sabirabada aparılacaq.

Müdafiə tərəfi artıq Sabirabad polisinin əməllərindən Baş Prokurorluğa şikayət göndərib.

Xatırladaq ki, Gülalıyev aprelin 8-də Sabirabadda saxta xuliqanlıq ittihamı ilə həbs edilib, ayın 18-də isə ona qarşı kütləvi iğtişaşlara çağırış ittihamı ilə cinayət işi açılıb. Bu fəalın həbsinin əsl səbəbi onun yerli hakimiyyətin yol verdiyi korrupsiya və dövlət tərəfindən 2010-cu il daşqınından zərər çəkmişlərə ayrılmış kompensasiyanın mənimsənməsi faktlarını ifşa etməsi olub.



Geri qayıt