Əsas Səhifə > Ölkə > “GİZLİ KAMERANI SİFARİŞ EDƏN ÜZƏ ÇIXMALIDIR”

“GİZLİ KAMERANI SİFARİŞ EDƏN ÜZƏ ÇIXMALIDIR”


24-04-2012, 16:02
“GİZLİ KAMERANI SİFARİŞ EDƏN ÜZƏ ÇIXMALIDIR”

XƏDİCƏ İSMAYILOVA TƏLƏB EDİR

“Şəxsi həyatımın toxunulmazlığı hüququnun pozulması barədə Bakı Şəhər Prokurorluğunda istintaqı aparılan cinayət işi ilə bağlı dolğun məlumat ala bilmirəm. Martın 19-dan dindirmə ilə bağlı vəsatət qaldırsam da, indiyədək müstəntiqlə görüşməmişəm”, - “Azadlıq” radiosunun müxbiri Xədicə İsmayılova Turan-a bildirib.

Xatırladaq ki, martın 7-də X.İsmayılova şəxsi həyatına aid məlumatların açıqlanacağı ilə hədələnib və ona susmaq təklif olunub. Bir neçə gün sonra İnternetdə jurnalistin şəxsi həyatına aid ifşaedici video- görüntü yayılıb.

Martın 15-də Baş Prokurorluq Cinayət Məcəlləsinin 156-cı maddəsi (şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması) ilə cinayət işi qaldırıb. İş üzrə istintaqın aparılması Bakı Şəhər Prokurorluğuna həvalə edilib.

X. İsmayılovanın sözlərinə görə, müstəntiq onun dostlarını istintaqa dəvət edir və şəxsi həyat tərzi ilə bağlı sorğu-sual edir. “Dostlarımla edilən sorğu-sualın cinayət işinə heç bir aidiyyatı yoxdur. Bir daha bəyan edirəm ki, həyat tərzimin qaranlıq məqamları yoxdur. Arzu edərdim ki, müstəntiq mənim həyat tərzimlə bağlı marağını təmin etməkdən əlavə, həm də cinayəti araşdırsın”, - o bildirib.

Qeyd edək ki, istintaqın gedişindən narazı olan X.İsmayılova aprelin 4-də bir qrup jurnalistlə birgə yaşadığı mənzildə apardığı araşdırmanı açıqlayıb. Araşdırma nəticəsində bəlli olub ki, 2011-ci ilin iyulundan X.İsmayılovanın yaşadığı mənzilə gizli video- kamera quraşdırılıb və mənzil əlavə telefon xətti vasitəsilə izlənib. Mənzilə digər əlavə naqillərin çəkildiyi də aşkarlanıb. Müstəqil araşdırma qrupu mənzilə əlavə telefon xətti çəkən ATS əməkdaşı ilə də danışıb və həmin şəxs bu işi rəhbərlik tərəfindən verilən tapşırıq əsasında həyata keçirdiyini bildirib.

“İstintaq mənzilimə qeyri-qanuni yolla daxil olan və gizli kamera yerləşdirməyi əmr edən adamı üzə çıxarmalıdır. Müstəntiqin bunun üçün kifayət qədər əsasları da var. Telefon xətti çəkən usta həmin vaxt mənzilimə qanunsuz daxil olan adamla telefonla danışıb. Müstəntiq bu şəxsin kimliyini müəyyənləşdirməlidir. Ancaq istintaq bununla məşğul olmur”, - jurnalist qeyd edib.

Öz növbəsində, Bakı şəhər prokurorunun köməkçisi X.İsmayılovanın şəxsi həyatına müdaxilə ilə bağlı cinayət işi barədə Turan-ın sualına cavab verməyib. Köməkçi yaxın günlərdə cinayət işi ilə bağlı əlavə rəsmi məlumatın yayılacağını bildirib.


Geri qayıt