Əsas Səhifə > Partiya > 2 APREL MƏHBUSLARINA BƏRAƏT

2 APREL MƏHBUSLARINA BƏRAƏT


11-10-2011, 13:54
2 APREL MƏHBUSLARINA BƏRAƏT

VƏKİLLƏR İKİNİCİ DÖVRƏYƏ START VERDİ

Oktyabrın 11-də Bakı Apellyasiya Məhkəməsi 2 aprel məhbusları Sahib Kərimov, Arif Alışlı, Zülfüqar Eyvazlı, Babək Həsənov, Elşən Həsənov və Elnur İsrəfilovun vəkillərinin verdiyi şikayətə baxıb. Elnur İsrəfilovun vəkili Yalçın İmanov “Media forum” saytına deyib ki, müdafiəçilər hazırlıq iclasında iki vəsatət qaldırıb: “Biz təqsirləndirilənlər haqqında həbs qətimkan tədbirinin dəyişdirilməsini və apellyasiya baxışının tam məhkəmə istintaqı ilə aparılmasını tələb etdik. Ancaq vəsatətlərimiz təmin olunmadı”.
Yalçın İmanovun sözlərinə görə, hakim Faiq Qasımov məhkəmə baxışını oktyabrın 18-nə təyin edib. Şikayət Səbail Rayon Məhkəməsinin hökmündən verilib. Vəkillər müdafiə etdiyi şəxslərə bəraət verilməsini istəyirlər.

Avqustun 25-də Səbail Rayon Məhkəməsi AXCP üzvləri Sahib Kərimov, Arif Alışlı, Zülfüqar Eyvazlı, Babək Həsənov, Elnur İsrəfilov və Müsavat fəalı Elşən Həsənova hökm oxuyub. Arif Alışlı 3 il, Elnur İsrəfilov 2 il 6 ay, Sahib Kərimov və Elşən Həsənovu 2 il, Zülfüqar Eyvazlı və Babək Həsənov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmü ilə barələrində hökm çıxarılan şəxslər ümumilikdə 6 min 650 manat dəymiş ziyanı da ödəməlidirlər.

Aprelin 2-də müxalif İctimai Palata Bakının mərkəzində - Fəvvarələr meydanı və onun həndəvərində sanksiyalaşdırılmamış etiraz aksiyası keçirib. Bakı Şəhər Prokurorluğu bu işin istintaqını Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə aparıb. 14 aksiyaçı cinayət məsuliyyətinə cəlb olunub.


Geri qayıt