Əsas Səhifə > Gündəm, Manşet > «AZƏRSU»DA TALANAN DÖVLƏT PULLARI

«AZƏRSU»DA TALANAN DÖVLƏT PULLARI


24-04-2012, 12:31
«AZƏRSU»DA TALANAN DÖVLƏT PULLARI

QORXMAZ HÜSEYNOVA KİMSƏ «GÖZÜN ÜSTÜNDƏ QAŞIN VAR» DEYƏ BİLMƏZ

DİA.AZ: - Keçən ilin əvvəllərindən start düyməsi basılan korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizə nəticəsində bir neçə məmur öz vəzifələri ilə vidalaşdı. Belələri arasında "Azərsu" Səhmdar Cəmiyyətinin prezidenti Nizaməddin Rzayev də oldu. Çünki bu şəxs bir idarənin rəhbəri olduğu müddətdə vəzifə səlahiyyətlərini aşaraq, milyonlarla vəsaitin batmasına səbəbkar olmuşdu. Hər halda, bu gün Nizaməddin Rzayev kimi yetərincə korrupsionerlər var ki, hələ də görəv başındadırlar. Amma yenə də «buna da şükür» deyən millətimiz boğaza qədər korrupsiyalaşmış Nizaməddin Rzayevin görəvdən alınmasını sevinclə qarşıladı. Və düşünüldü ki, əgər hakimiyyət korrupsiya ilə mübarizə aparırsa, onun yerinə təyin olunan Qorxmaz Hüseynov ən azından əvvəlki rəhbərin yanlışlarını biabırçı formada təkrarlamaz.

Qeyd edək ki, Qorxmaz Hüseynov buna qədər Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti postunu tuturdu. Elə bu səbəbdən onun «Azərsu»ya rəhbər gətrilməsi qurumun Milli Məclisin sədri Oqtay Əsədovun nəzarətindən çıxması, Rövnəq Abdullayevin kurasiyasına keçməsi təəssüratını da yaratmış oldu.

Təbii ki, hansısa bir şəxs vəzifəyə çəkilirsə, ona böyük ümid edilir və sələfinin qoyduğu problemləri həll etmək tapşırılır. Qorxmaz Hüseynova da böyük ümidlər var idi. Amma göstərilən etimad günü-gündən fiaskoya uğramaqdadır. Çünki bu yaxınlarda o, məclislərin birində öz yaxın ətrafı ilə söhbət zamanı bəzi mətləblərə toxunub. Belə ki, su-kanal və kanalizasiya sistemlərinin dəyişdirilməsi üçün "Azərsu"ya 12 milyard avro dəyərində vəsaitin ayrılmasına toxunan dostlara cavab olaraq Qorxmaz Hüseynov ağız əyib və bu vəsaitin hamısının qeyd olunan işlərə xərclənəcəyinə kinayə ilə yanaşıb.

Əldə etdiyimiz məlumata görə, "Azərsu"nun yeni rəhbərinin qardaşı tikinti biznesi ilə məşğuldur və Qorxmaz Hüseynov su və kanalizasiya xətlərinin dəyişdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin böyük bir hissəsini qardaşının tikinti şirkətinə yönəltməklə məşğuldur. Hətta bu işdə “Azərsu”nun Əsaslı Tikinti Departamentinin rəisi Arzuman Abbasovun da adı hallanır. Qeyd olunur ki, yeni rəhbər Arzuman Abbasovun əli ilə böyük vəsitləri başqa istiqamətə yönəltmək istəyir.

Son günlər diqqət yetiribsinizsə, ayrı-ayrı yerlərdə «Azərsu» adına tikinti işləri həyata keçirilir və yaşayış yerlərinin yaxınlığında yeni su ehtiyatı çənləri quraşdırılır. Əslində bunun Qorxmaz Hüseynov üçün bir yeyinti mənbəyi olduğunu iddia edən məlumatlı mənbə DİA.AZ-a açıqlamasında bildirdi ki, bütün işlər Qorxmaz Hüseynovun qardaşına məxsus inşaat firmsı tərəfindən həyata keçirilir. «Azərsu»nun Əsaslı Tikinti Departamenti isə bütün proseslərdə formal olaraq iştirak edir. Bu yolla Qorxmaz Hüseynov qardaşının əli ilə dövlətin ayırdığı pulları mənimsəyir.

Mənbəmiz bir maraqlı məqaı da vurğuladı ki, bu işdə Qorxmaz Hüseynov birbaşa olaraq Rövnəq Abdullayevə güvənir: «Təbii ki, Rövnəq Abdullayev öz kadrını sona qədər müdafiə edəcək. Ona görə də «Azərsu» rəhbərliyi dövlətin ayırdığı pulları heç kimdən çəkinmədən həzm-rabedən keçirməklə məşğuldur. Hətta dövlətin müvafiq qurumları, hətta korrupsiya ilə mübarizə aparmaq birbaşa olaraq missiyasına aid olan qurumları belə baş verənləri yalnız müşahidə etmək qədərində imkana malikdirlər».


Geri qayıt