Əsas Səhifə > Siyasət, Manşet > AZƏRBAYCAN İSRAİLİN TƏSİRİ ALTINDADIR?

AZƏRBAYCAN İSRAİLİN TƏSİRİ ALTINDADIR?


24-04-2012, 11:49
AZƏRBAYCAN İSRAİLİN TƏSİRİ ALTINDADIR?

İRANLI EKSPERTDƏN ÖLKƏMİZƏ QARŞI SƏRT İTTİHAMLAR YAĞIŞI

DİA.AZ: - Fars-molla rejiminin təbliğat maşını antiAzərbaycan ruhlu təbliğatını davam etdirir. Əslində bu gözlənilən idi də. İsrailin xarici işlər nazirinin Bakıya səfər etməsi rəsmi Tehranda əməlli-başlı qıcıq oyadıb. Və elə buna görə də molla mətbuatı Azərbaycan dövlətinin İsrailin təsiri altında olması barədə rəy yaratmağa çalışır.

DİA.AZ olaraq sırf olaraq Azərbaycan türkünə qarşı fəaliyyət üçün nəzərdə tutulumşu və İranın xüsusi xidmət orqanlarının nəzarəti altında olan «AranNews» portalında yer almış daha bir materialı diqqətinizə çatdırırıq. Qeyd edək ki, əslində bu kimi materialları davamlı olaraq təqdim etməyimizdə əsas bir maraq var ki, hər halda, Azərbaycanın dövlət müstəqilliyini həzm edə bilməyən bir rejimin ölkəmiz barədə nəyi necə düşünmələrindən hər birimiz xəbərdar olmalıyıq. Və bu artıq faktdır ki, düşmən Ermənistana aşkar şəkildə hər türlü yardımlarını davam etdirən fars-molla rejimi Qarabağ münaqişəsində birbaşa olaraq Azərbaycana düşmən olan səngərdə qərarlaşıb. Beləliklə, daha bir antiAzərbaycan ruhlu materialı təqdim edirik:

«Həsən Behiştipur İran-Azərbaycan münasibətləri barədə dedi: "Bu iki ölkənin münasibətləri üç önəmli amilə bağlıdır. Birincisi, İran-Azərbaycan münasibətləri bu ölkənin (AR) sionist rejim və ABŞ-la əlaqələrinin təsiri altındadır. Həqiqətdə, bizim əlaqələrimiz məhz ikitərəfli deyil və çox təəssüf ki, Bakı-Təl-əviv və Bakı-Vaşinqton münasibətlərinin təsiri altındadır".

Ekspert, bu amilə açıqlama verərək dedi: "Bu mövzu Azərbaycan ölkəsinin dövlət rəsmilərinin sovetlər birliyinin dağılması ilə əldə etdiyi müstəqillik siyasətlərinə qayıdır. Azərbaycan Respublikası Moskva və Vaşinqtonla münasibətlərində tarazlıq saxlamağa, hər iki tərəfə imtiyaz verməyə çalışdı. Amma İran və Türkiyə ilə münasibətlərində həmişə Türkiyənin xeyrinə olan mənfi bir tarazlıq yaradıbdır. Yəni, Türkiyənin istəkləri qarşısında onu mülahizə etmişdir. Eyni halda İranla ehtiyac həddində münasibət yaratmışdır".

Behiştipur ikinci amilə işarə edərək dedi: "Bizimlə, azəri qonşularımız arasındakı əlaqələrdə İranın bu ölkədəki müxaliflərinin də təsiri vardır. Bu ölkənin özündən olan qərbyönümlü və İrana mənfi baxışla baxan, İranın bu ölkəni İslam respublikasına çevirmək istəməsini təsəvvür edən qanad, öz səhv fikrini İran barədə təbliğ edir".

Ekspert artırdı: "İkinci qanad İrandan qaçaraq bu ölkədə məskunlaşmış iranlı müxaliflərdir. Hər vaxt İran-Azərbaycan münasibətləri yaxşılığa doğru getsə, onlar öz gücləri həddində bunu pozmağa çalışıblar".

Behiştipur İran-Azərbaycan münasibətlərindəki üçüncü təsirli amilə işarə edərək dedi: "Problemlərin bir hissəsi də özümüzə qayıdır. Biz iki ölkə münasibətlərini yenidən nəzərdən keçirməliyik. Münasibətlərimizdə qarşıya çıxmış problemlərin hamısını Azərbaycan tərəfə nisbət vermək olmaz. Bizim Azərbaycanda fəaliyyət göstərən müxtəlif dövlət qurumlarımız vardır. Məsələn, İmam Xomeyni (rh) Yardım Komitəsi, Təhsil və Tərbiyət və s. Mənə belə gəlir ki, onların lazımi koordinasiyası və konkret siyasəti yoxdur. Əgər olsa da xarici göstəricisi yoxdur".

Ekspert, Azərbaycanın sionist rejimlə əlaqələrinə və bir müddət qabaq media tərəfindən Azərbaycanın öz hərbi bazalarından birini sionist rejimin ixtiarında qoyması barədə yayılan xəbərlərə və həmçinin, Azərbaycan və İran arasında bağlanmış təhlükəsizlik müqaviləsinə toxunaraq dedi: "Sözü gedən müqaviləyə əsasən, bu iki ölkə heç vaxt qarşı tərəfin düşməninin bazasına çevrilməməlidir. Bununla yanaşı yayılan məlumatlara əsasən, bu ölkə bir müddət öncə bir milyard yarım dollarlıq hərbi təchizat almışdır. Əgər bu ölkənin ümumi gəlirini nəzərə alsaq, bu rəqəmin çox yüksək olmasını görərik".

Beynəlxalq məsələlər üzrə ekspert dedi: "Nə üçün 86,600 km sahəsi və 8 milyon əhalisi olan bir ölkə belə bir müamilə etməlidir? Hərbi təchizat iqtisadi dövriyyəyə daxil olmur və nəhayət, anbarlarda, ya manevrlərdə, ya da müharibələrdə məhv olacaq".

Behiştipur dedi: "Digər önəmli nöqtə alınan məhsulun özündədir. Bu təchizat, ölkənin müharibə şəraitində olduğu Ermənistanla müharibədə işlədilə bilinməyən və dəniz silahlarıdır. Bu da problemin digər bir yerdə olmasını göstərir".

Ekspert bunların İran-Azərbaycan münasibətləri üçün yaxşı əlamət olmadığını bildirərək, vurğuladı: "Bu mövzu Azərbaycanın İran tərəfdən özü üçün təhlükə hiss etməsini göstərir".

O daha sonra artırdı: "Biz qonşu ölkəyik və Azərbaycandakı əmniyyətsizlik İranın təhlükəsizliyinə də təsir qoyur. İran həmişə Qafqaz regionunda sülh və əmniyyət bərpa olmasına çalışmışdır. Çünki Qafqazda hər növ təhlükə İran üçün problem yaratmışdır".

Behiştipur, bu növ alış-verişlərin bədbinliyi və başqalarının təhdid hissini artırmaqdan başqa bir şey olmadığını vurğulayaraq dedi: "Hər halda bu növ kataqoriya və alış-veriş daxili bir məsələdir, amma bu növ müamilələrə daxil olmaq Azərbaycanın xeyrinə deyil. Çünki qonşuları ilə münasibətlərinə yaxşı təsiri yoxdur"».


Geri qayıt