Əsas Səhifə > Gündəm, Manşet > KORRUPSİYAYA QARŞI MÜBARİZƏ İMİTASİYASI
KORRUPSİYAYA QARŞI MÜBARİZƏ İMİTASİYASI20-04-2012, 12:57 |
HAKİMİYYƏTİN BAŞQA ŞANSI YOXDUR: FÜRSƏTDƏN İSTİFADƏ EDƏNLƏR VAR DİA.AZ: - Bir ildən çoxdur ki, hakimiyyət rəsmən korrupsiya və rüşvətxorluğa qarşı mübarizə elan edib. Bu qədər müddətin keçməsinə baxmayaraq, hələ də hansısa ciddi mövqe sahibini sözügedən kampaniya ilə bağlı sorğu-sual edən olmayıb. Baş prokurorluğun korrupsiyaya qarşı mübarizə idarəsi isə yalnız bir-iki xırda məmura və reket jurnalistikasının nümayəndələrinə qarşı keçirdiyi əməliyyatlarla fəaliyyət göstərdiyini nümayiş etdirmək zorunda qalıb. Halbuki, bu gün hər kəs gözəl bilir ki, KMİ-nin sıradan bir əməkdaşının məsələn, DYP-nin hər hansı bir qurumuna və yaxud da Dövlət Gömrük Komitəsinin hansısa strukturuna ani nəzər salması belə kifayət edər ki, ortaya ciddi korrupsiya və rüşvət faktları qoya biləsən və hətta əldə olunan faktlarla həmin qurumların rəhbərlərini də damlayasan. Lakin bunların heç biri baş vermir və elə bu səbəbdən də aparılan antikorrupsiya tədbirlərini ekspertlər daha çox imitasiyaya bənzədirlər. DİA.AZ-a Nazirlər Kabinetindəki qaynaqlardan ötürülən informasiyada isə bildirilir ki, artıq bu kampaniyanın özü belə hakimiyyət üçün təhlükəli bir proses üçün zəmin hazırlamaqdadır. Mənbəmiz iddia edir ki, son günlər antikorrupsiya siyasəti bəzi iqtidardaxili qüvvələr üçün manevr rıçağına çevrilib və rəqiblərin susdurulması yönündə sözügedən silahdan istifadə olunur: «Bu isə hakim düşərgə üçün ciddi təhlükədir». Məhz bu səbəbdən hakimiyyətin antikorrupsiya tədbirlərini səngidəcəyini bildirən mənbəmiz vurğulayır ki, artıq belə bir qərar verilib: «Təbii ki, bu prosesin ağırlığına tab gətirilə bilməzdi. Nə vaxta qədər xırda məmurları həbs edərək gözdən pərdə asacaqdılar? 2005-ci ildə korrupsiyaya qarşı mübarizə elan olunmamışdı, amma Əli İnsanov və Fərhad Əliyev həbs olunaraq bu ittihamla mühakimə olundular və həmin olaylar daha səs-küylü idi. İndi isə belə bir ajiotajın yaranması hakimiyyətin ümumi işinə ziyan edə bilər. Yəni bu gün hakimiyyətin öyündüyü komandadan bir cinayətkarın ifşa edilməsi ümumi maraqlarına ziddir. Bu səbəbdən də belə bir hadisə baş verməyəcək». Mənbəmiz onu da bildirdi ki, hələlik müvəqqəti olarq prosesin səngidilməsi qərarı verilib. Yəni korrupsiya ilə mübarizə məsələsi ertələnəcək. Geri qayıt |