Əsas Səhifə > Partiya > REPRESSİYA BUMERANQ KİMİDİR

REPRESSİYA BUMERANQ KİMİDİR


10-10-2011, 17:32
REPRESSİYA BUMERANQ KİMİDİR

“QORXUTMAQ ARTIQ MÜMKÜN OLMAYACAQ”

Nəsimi Rayon Məhkəməsində İctimai Palatanın 2 aprel mitinqinə görə həbs olunanların sonuncu qrupuna da hökm çıxarıldı. Bunlar Müsavat partiyasının üzvləri Ülvi Quliyev, Əhəd Məmmədli, Rüfət Hacıbəyli və AXCP üzvü Elnur Məcidlidir. Məhkəmə Ülvi Quliyevə 3, Əhəd Məmmədliyə 3, Elnur Məcidliyə 2, Rüfət Hacıbəyliyə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılıb.

Gənc fəallara çıxarılan hökmə münasibət bildirən AXCP sədri Əli Kərimli bu qərarı ədalətsiz adlandıraraq pisləyib. AXCP sədri vurğuladı ki, 2 aprel məhbusları ilə bağlı başlanmış məhkəmələr şousu əvvəldən axıra qədər sifarişlə həyata keçirilib. Nəsimi rayon məhkəməsi də müstəqil olmadığını nümayiş etdirib gənc fəallara kifayət qədər ağır cəzalar təyin etdi. “Bu cəzaların verilməsi, repressiv üsulların tətbiq olunması hakimiyyətinin mahiyyətini bir daha Azərbaycan xalqı və dünya üçün açdı, onun çoxüzlü siyasətini ifşa etmiş oldu. Bir tərəfdən gənclərə qayğı, dəstək üzrə dövlət proqramının həyata keçirildiyi elan olunur. Guya gənclərin problemləri həll olunacaq. Gerçəkdə isə gənclərin haqlarını tələb edən, problemlərini səsləndirən gənc liderlərə qarşı olduqca sərt repressiya həyata keçirilir. Artıq Azərbaycan cəmiyyəti gənc fəallara hökumətin çox dözülməz münasibətinin olduğunu görür. İndiyə qədər çox gənclər repressiyaya məruz qalıb. Ruslan Bəşirli artıq altı ildir həbsdədir. Ondan sonra Bəxtiyar Hacıyev, Cabbar Savalanlı həbs olundu. Bir müddət əvvəl bütün dünya Emin Milli və Adnan Hacızadənin azadlığa çıxması üçün çalışırdı. İndi də bu məhkəmə proseslərində Tural Abbaslı, Elnur Məcidli, Ülvi Quliyev, Rüfət Hacıbəyli və Əhəd Məmmədli həbs olundular. Bu Azərbaycan kimi kiçik bir ölkə üçün kifayət qədər çox sayda gənc deməkdi», - deyə Ə.Kərimli bildirdi.

AXCP sədri hesab edir ki, bu hökmlər həm də İlham Əliyevin bu günlərdə Varşavada Avropa Birliyi ilə imzalanmış bəyannaməyə səmimi yanaşmadığını, növbəti dəfə dünya birliyini aldatmaq istədiyini ortaya qoydu: «Cəmi bir həftə bundan əvvəl Azərbaycanın dövlət başçısı Avropa Birliyi qarşısında insan haqlarına hörmət, demokratiyaya əməl etmək, ölkədə ciddi islahatlar aparmaq üçün qanunun aliliyini təmin etməklə bağlı öhdəlik götürüb. Əgər indiyə qədər Azərbaycan hökuməti, dövlət başçısı İlham Əliyev Azərbaycan vətəndaşları qarşısında belə bir öhdəlik daşıyırdısa, artıq onu bütün Avropa qarşısında götürüb. Amma bu öhdəlikdən cəmi bir həftə sonra ona bir kağız parçası kimi yanaşıb və sifarişli məhkəmələr vasitəsilə öz haqqı uğrunda mübarizə aparan gəncləri cəzalandırıb. Bu Azərbaycandakı rejimin mahiyyətini növbəti dəfə ifşa edir».

AXCP sədri son məhkəmə hökmlərini Azərbaycan vətəndaşlarını qorxutmaq istiqamətində atılan addımlar kimi dəyərləndirərək «Amma bu gün elə məhkəmənin qarşısında keçirilən etiraz aksiyası, həbsdə olan gənclərdən Elnur İsrafilovun AXCP-ni seçməsi, Ülvi Quyevin YAP-dan çıxıb Müsavata keçməsi bir daha göstərir ki, Azərbaycan vətəndaşlarını qorxutmaq artıq mümkün olmayacaq. Bu repressiyalar bumeranq kimi Azərbaycan hökumətinin özünə zərbə vuracaq. Hətta son günlərə qədər siyasətə qatılmayan, «mənə nə» deyib yaxasını kənara çəkən insanlar da artıq bu haqsızlığa etiraz etmək qərarına gəlirlər» dedi.

Ə. Kərimlinin fikrincə, belə repressiyalarla, haqsız cəzalarla Azərbaycanda dəyişikliklərin qarşısını almaq mümkün olmayacaq. Azərbaycanda köklü dəyişikliklər labüddür. Azərbaycan hökumətinin siyasəti də bu labüdlüyü əsaslandırır.


Geri qayıt