Əsas Səhifə > Ölkə > RƏSMİ BAKIYA BEYNƏLXALQ ATƏŞ YAĞDIRILDI
RƏSMİ BAKIYA BEYNƏLXALQ ATƏŞ YAĞDIRILDI19-04-2012, 12:40 |
DÖYÜLƏN JURNALİSİTİN DURUM AĞIRDIR “Özümü çox narahat hiss edirəm. Ağrılarım dəhşətli əziyyət verir. Əsasən daxili orqanlarımda kəskin ağrılar var. Hətta bəzən dözə bilmirəm və həkimlər ağrıkəsici iynələr vurmasa ağrıdan huşumu itirirəm”, - dünən Sulutəpə qəsəbəsində uçurulan evləri çəkərkən Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən qəddarlıqla döyülən jurnalist İdrak Abbasov Turan-ın müxbirinə telefonla bildirib. O, cəmi iki dəqiqə telefonla danışa bilib və danışıq zamanı kəskin ağrılardan əziyyət çəkdiyi hiss edilib. Jurnalistin qardaşı Vaqif Abbasov Turan-a bildirib ki, İdrak dünən axşam saatlarında özünə gəlib. Gecə və səhər iki dəvə vəziyyəti ağırlaşıb, həkimlərin səyi nəticəsində onu sakitləşdirmək mümkün olub. Öz növbəsində, jurnalisti müalicə edən həkim Almazxan Zeynalov Turan-a bildirib ki, hazırda İdrak Abbasovun vəziyyəti kafidir. “Sağ gözünün ətrafında, bədəninin müxtəlif yerlərində, o cümlədən bel və kürək nahiyələrində əziklər var. Jurnalist ətraflı müayinə olunub, müalicəsi davam etdirilir”, - o qeyd edib. Onu da bildirək ki, bu arada Beynəlxalq təşkilatlar aprelin 18-də Sulutəpə qəsəbəsində İdrak Abbasovun və digər jurnalistlərin zorakılığa məruz qalmasına görə rəsmi Bakını tənqid edib. Nyu York Jurnalistləri Müdafiə Komitəsi, Amnesty İnternational, Freedom House, bundan əvvəl isə “Sərhədsiz reportyorlar” İdrak Abbasovu vəhşicəsinə döyənlərin və digər reportyorlara hücum edənlərin dərhal cəzalandırılmasını tələb edib. Hücumda Dövlət Neft Şirkətinin təhlükəsizlik xidmətinin 20-yə yaxın əməkdaşı iştirak edib. Onlar jurnalistləri ən amansız üsullarla döyüblər. “Məni futbol topu kimi ora-bura ataraq döydülər”, - ağır xəsarətlə xəstəxanaya yerləşdirilmiş İ.Abbasov telefonla bildirib. Baş verənlərə baxmayaraq, ARDNŞ-nin mətbuat xidməti indiyədək ittihamlara cavab verməyib. Jurnalistləri Müdafiə Komitəsi hesab edir ki, polis baş verənləri sakitcə müşahidə edib və İ.Abbasovu, “Yeni Müsavat” qəzetinin reportyoru Günay Musayevanı, Liberty radiosunun müxbiri Esmira Cavadovanı, Qalib Həsənovu və Elnur Məmmədovu müdafiə etməyib. “Biz öz işini yerinə yetirən İdraka və onun həmkarlarına vəhşicəsinə hücumdan şoka düşmüşük”, - Komitənin nümayəndəsi Nina Oqnyanova bildirib. “Əgər hakimiyyət Eurovision müsabiqəsinə beynəlxalq mətbuatı dəvət etmək istəyirsə, onda hücum faktını araşdırsın və göstərsin ki, jurnalistlərə qarşı kobudluq yolverilməzdir”, - o vurğulayıb. “Hakimiyyət düşünür ki, Eurovision ərəfəsində gözəl şəkilləri yaymaqla müsbət imiç formalaşdırır. Lakin məlumdur ki, hakimiyyət ölkədə mənfi məqamların işıqlandırılması cəhdlərini açıq şəkildə boğur”, - Amnesty İnternational təşkilatının nümayəndəsi Con Dalussen bildirib. “Azərbaycan mətbuat azadlığına hörmət etməlidir, Eurovision müsabiqəsinin təşkilatçısı – Avropa Yayım Birliyi jurnalistləri müdafiə etməlidir”, - Dalussen vurğulayıb. “Günün günorta çağı təhlükəsizlik xidmətinin İdraka hücum edərək döyməsi Azərbaycanda cəzasızlıq atmosferindən və jurnalistlərin hüquqlarının açıq şəkildə pozulmasından xəbər verir”,- Human Rights Watch təşkilatının nümayəndəsi Hyu Vilyamson bildirib. O, Avropa Yayım Birliyini baş verənlərə öz münasibətini bildirməyə çağırıb. Freedom House isə öz bəyanatında qeyd edib ki, Azərbaycan jurnalistlərin işləməsi üçün ən pis yerlərdən biri olaraq qalır, burada müstəqil mətbuat daim təqib olunur. İdrakla bağlı insident bu cür çoxsaylı hallardan biridir. Geri qayıt |