Əsas Səhifə > Gündəm, Manşet > FHN ŞEFİ “COCA COLA”NI ÇÖKDÜRÜR
FHN ŞEFİ “COCA COLA”NI ÇÖKDÜRÜR19-04-2012, 11:57 |
KƏMALƏDDİN HEYDƏROVUN SİFARİŞİ İLƏ ŞİRKƏT İNHİSARÇI ELAN OLUNDU DİA.AZ: - "Azərbaycan Koka-Kola Bottlers LTD" MMC-nin 16 aprel 2012-ci il tarixdən bir və iki litrlik şəkərli sərinləşdirici spirtsiz içkilərin ("Coca-Cola", "Sprite" və "Fanta") qiymətlərini artırmaq niyyəti ilə əlaqədar, müəssisənin bu hərəkətində bazarda hökmran mövqedən sui-istifadə hallarının, o cümlədən süni qiymət artımının olub-olmamasının araşdırılması üçün İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "Azərbaycan Koka-Kola Bottlers LTD" MMC-dən zəruri məlumatlar tələb edilib. İqtisadi İnkişaf Nazirliyindən bildiriblər ki, lakin müəssisə tələb olunan məlumatları tam şəkildə təqdim etməyib və nəzərdə tutulan qiymət artımı iqtisadi cəhətdən əsaslandırılmayıb. "Azərbaycan Koka-Kola Bottlers LTD" MMC-nin şəkərli sərinləşdirici spirtsiz içkilər bazarında hökmran mövqe tutması ilə əlaqədar bu bazarda rəqabətin vəziyyətinə və qiymətlərə təsir göstərmək imkanına malik olduğunu, qiymətlərin iqtisadi cəhətdən əsaslandırılmadan artırılmasının hökmran mövqedən sui-istifadə edilməsinə və qiymətlərlə manipulyasiya edilməsinə səbəb ola biləcəyini nəzərə alaraq, yuxarıda göstərilən tarixdən bir və iki litrlik şəkərli sərinləşdirici spirtsiz içkilərin qiymətlərinin artırılmasının təxirə salınmadan dayandırılması barədə Dövlət Xidməti tərəfindən "Azərbaycan Koka-Kola Bottlers LTD" MMC-yə icrası məcburi göstəriş verilib. Buna baxmayaraq, son günlər aparılan monitorinqlər zamanı "Azərbaycan Koka-Kola Bottlers LTD" MMC tərəfindən bir lirtlik şəkərli sərinləşdirici spirtsiz içkilərin ("Coca-Cola", "Sprite" və "Fanta") qiymətlərinin artırıldığı və nəticədə bu məhsulların pərakəndə satış qiymətlərinin 50 qəpikdən 60 qəpiyədək bahalaşdığı müəyyən edilib. Dövlət Xidmətinin icrası məcburi göstərişinə əməl edilməməsi ilə əlaqədar "Azərbaycan Koka-Kola Bottlers LTD" MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb və araşdırmalara başlanıb. Onu da bildirək ki, Azərbaycan, eləcə də dünya bazarında kifayət qədər yeri olan “Coca Cola”nın İİN tərəfindən “vurulması” heç də təsadüfi deyil. Bu işdə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əli var. Bu yaxınlarda gedən məlumatlarda da deyilirdi ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus “Gilan Holdinq”in tərkibində fəaliyyət göstərən Qəbələ Konserv Zavodu “Coca Cola” şirkətini qəzəbləndirib. Bu barədə daxil olan məlumatda bildirilir ki, buna səbəb “Gilan Holdinq”in bir müddət öncə “Jalə Cola” şirəsi istehsal etməyə başlamasıdı. Mənbə bildirib ki, “Jalə Cola” şirələri “Coca Cola”nın oxşarı olmaqla yanaşı “Coca Cola”nın cövhərindən (konsertant) istifadə olunmaqla hazırlanır. Məlumata görə, bu “Cola Cola”nı qəzəbləndirib və Azərbaycana göndərilən hazır konsertantın hansı yolla başqa şirkətin əlinə keçməsini araşdırır. Qeyd edək ki, dükanlarda bir litrlik “Coca Cola” 50 qəpiyə, bir litrlik “Jalə Cola” isə 60 qəpiyə hazırlanır. “Gilan Holdinq”ə məxsus Qəbələı Konserv Zavodunda isə “Jalə Cola” ilə yanaşı “Jalə”, “Natura” və “Zolotoy Sad” şirələri istehsal olunur. Müstəqil ekspertlərdən biri gunxeber.com-a “Gilan Holdinq”in “Coca Cola”nın brendindən istifadə etməsinin ciddi məsələ olduğunu bildirib. Ekspertin sözlərinə görə, əgər bu şirələr “Coca Cola” ilə razılaşdırılmadan istifadə olunursa beynəlxalq miqyasda bir qalmaqla səbəb ola bilər. Ekspert deyir ki, bu məsələdə “Gilan Holdinq”lə “Coca Cola” arasında bir anlaşmanın olması mümkündü. Yəni şirkət müəyyən bir müqavilə əsasında öz ticarət markasından “Gilan Holdinq”in istifadə etməsinə icazə verə bilər. İndi isə aydın olur ki, FHN şefi Fərhad Əliyevdən sonra öz kontroluna aldığı İİN-nin əli ilə məşhur brendi Azərbaycan bazarından çıxarmağı düşünür. DİA.AZ-a ötürülən məlumatlarda bildirilir ki, hətta “Coca Cola”nın yerli nümayəndəliyinə “Azərbaycanı könüllü olaraq tərk edin” ismarıcı da yollanılıb. Görünür onlar FHN şefinin bu mesajını “layiqincə” dəyərləndirə bilmədiklərindən artıq konkret hədəfə çevriliblər. Geri qayıt |