Əsas Səhifə > Cəmiyyət, Manşet > "ÇİNGİZ QƏNİZADƏ MƏNƏ ZORLA İMZA ATDIRDI"

"ÇİNGİZ QƏNİZADƏ MƏNƏ ZORLA İMZA ATDIRDI"


17-04-2012, 18:47
"ÇİNGİZ QƏNİZADƏ MƏNƏ ZORLA İMZA ATDIRDI"

DEPUTATIN ŞƏKİL ÇƏKDİRDİYİ İMİŞLİ SAKİNİ DAHA BİR AÇIQLAMA YAYDI

DİA.AZ: - Bu gün yayılan məlumatlardan aydın oldu ki, Milli Məclisin deputatı Çingiz Qənizadə son vaxtlar bəzi şəxslər tərəfindən mətbuat orqanlarında özü haqqında yazılan yazıları araşdırıb. Deputatın qərargahından verilən xəbərlərdə bildirilib ki, həmin yazıların qərəzli və həqiqətə uyğun olmadığı məlum olub.

”Belə ki, 12 aprel 2012-ci il tarixində mətbuatda gedən “80 yaşlı YAP üzvü deputatı ittiham etdi” başlıqlı yazıda göstərilir ki, İmişli şəhəri, A.Şadlinski küçəsi, 3 saylı evin sakini, 80 yaşlı Dəmirov Sahib Xasay oğlu deputat Çingiz Qənizadəni 13 mart 2012-ci il tarixində evinin qəzalı olması ilə bağlı keçirdiyi aclıq aksiyasına kölgə salmaqda ittiham edir.

Deputat Çingiz Qənizadə 13.04.2012 tarixində İmişli rayonunun Qızılkənd kəndində seçiciləri ilə keçirilən növbəti görüşündən sonra rayon mərkəzində yaşayan Sahib Dəmirovun evinə qonaq gedib, mətbuatda gedən yazılarla bağlı vətəndaşla söhbət edib. Ağsaqqalla çay süfrəsi arxasında söhbət zamanı məlum olub ki, Dəmirov Sahib Xasay oğlu əslində heç aclıq aksiyası keçirməyib. O bildirib ki, onu aclıq aksiyası keçirməyə təhrik etsələr də, buna razılaşmayıb. Mətbuatda gedən yazılardan tam xəbərsiz olduğunu və onun adından istifadə edərək yazıldığını söyləyən Sahib Dəmirov millət vəkili ilə şəkil də çəkdirib”-deyə deputatın mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, Kür və Araz sahillərindən on kilometrlərlə uzaqda yerləşən və təbii olaraq Kür və Arazın daşmasından zərər görməsi mümkün olmayan İmişli şəhəri, Ç.Qənizadənin seçilmiş olduğu 80 saylı İmişli-Beyləqan seçki dairəsində yerləşmir.

”Belə olan halda isə Dəmirov Sahib Xasay oğlunun Ç.Qənizadənin seçicisi olmadığı aydın olur.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevin şəxsi elektron ünvanı vasitəsilə çoxlu sayda dövlət qurumlarına, QHT-lərə, ictimai təşkilatlara ünvanlanmış şikayət ərizəsində Qarabağ veteranı və əlili kimi təqdim olunan Şahbazov Elman Nəriman oğlu ilə bağlı da məlumat əldə edilib. Aprelin 13-də onunla görüşmək istəyən millət vəkili, Sabirabad-İmişli magistral yolunun kənarında, Gövhərli kəndi ərazisində saat 14-00 radələrində Şahbazov Elmanın balıq satdığını şəxsən görüb”.

Millət vəkilinin araşdırmaları nəticəsində əldə etdiyi rəsmi sənədlərdə, Qarabağ müharibəsi əlili kimi göstərilən E.N.Şahbazovun əslində ümumi xəstəliyə görə (mülki) əlil olduğu məlum olub. Bunu “Qarabağ əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyi, Dövlət Sosial Müdafiə Fondunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İmişli rayon şöbələri tərəfindən verilən arayışlar da (surətləri əlavə olunur) təsdiq edir.

Şahbazov Elman Nəriman oğlunun da Ç.Qənizadənin seçicisi olmadığı müəyyən olunub.

“Həmçinin mətbuata ötürülən həmin yazıların “Kür” Vətəndaş Cəmiyyəti ilə əlaqələri olan adamlar tərəfindən rayonda təşkil olunduğu da təsdiqini tapıb. Millət vəkili artıq şəxsiyyətləri müəyyənləşdilmiş bu vətəndaşlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək fikrindədir”-deyə deputatın mətbuat xidməti bəyan edib.

Elə bu dəqiqələrdə isə Çingiz Qənizadənin mətbuat xidməti adından yayılan məlumatı inkar edən bir sənəd redaksiyamıza daxil olub. Belə ki, DİA.AZ-a İmişli şəhəri A.Hadlinski küçəsi 3 saylı evin sahibi, YAP İmişli rayon təşkilatının 80 yaşlı üzvü Dəmirov Sahib Xasay oclu (şəxsiyyət vəsiqəsi: № AZE 05060281) tərəfindən imzalanmış ərizə daxil olub. Prezident İlham Əliyevə də ünvanlanan həmin ərizəni olduğu kimi diqqətinizə çatdırırıq:

«Möhtərəm prezident! İmişlinin başçısı Əbülfəz Ağayevi vəzifədən kənarlaşdırdığınıza görə Sizə dərin təşəkkürümü çatdırıram. Sizə aprel 2012-ci il tarixində yazdığım şikayət ərizəmə görə keçmiş başçı Əbülfəz Ağayev şəhər nümayəndəsi Abbas Nuriyevi bir məmurla qapıma göndərdi. 13 aprel tarixində Abbas Nuriyev icazəsiz olaraq həyətimə daxil olub, məni hədələməyə başladı ki, sən kimsən qoca vaxtında prezidentə və qəzetlərə şikayət edib, mənim atam Haqverdinin, başçımız Əbülfəz Ağayevin və deputatımız çingiz Qənizadənin adını hallandırırsan, oclanlarının cibinə nəşə qoyub həbs etdirərik.

O, harasa zəng etdi, Çingiz Qənizadə adlı deputat da gəldi. Mən onu ilk dəfə idi görürdüm. Mən elə bilirdim ki, mənim deputatım Əsabil Qasımovdur. Çingiz Qənizadə məndən hədə ilə soruşdu ki, sənə məktubu kim yazıb. Onun adını de, sənə ev tikək.

2 ildə evimi tikməyənlərin birdən-birə dəstə ilə qapıma gəlməsi məni qorxutdu, elə bildim məni qara basır. Abbas Nuriyev nə isə yazdı, dedi buna qol çək. Çingiz adlı deputat da mənə dedi ki, çəkməsən, vəziyyətin pis olacaq. Sən dövlətə təzyiq edib ev istəyirsən.

Mən onlara dedim ki, nəyə istəyirsiniz, verin qol çəkim. Çıxın gedin, sizin evinizi-zadınızı istəmirəm. Abbas Nuriyevin yazdığı kağıza qol çəkib, özünə verdim. Onun atası Haqverdi də mənə hansısa sənədə qol çəkdirmişdi.

Möhtərəm Prezident!

Bu ömrümün son çağında sizdən xahişim var, Abbas Nuriyevin atası Haqverdi mənə hansı sənədə qol çəkdirmişdi, bir ay sonra Abbas Nuriyev və Çingiz Qənizadənin dəstəsi mənə hansı yazıya qol çəkdiriblər. Onu bilmək istəyirəm. Vətəndaşlara qurunt sularından zərər çəkmiş evlərinə görə, təzə evi siz tikdirirsiniz. Niyə bunlar mənə ev tikmək əvəzinə boş kağızları hədə ilə qollatdırır. Sizə dərin hörmət və ehtiramla, Dəmirov Sahib Xasay oğlu, 15 aprel 2012-ci il».

Hər halda, Dəmirov Sahib Xasay oğlunun adından gələn bu ərizədən də aydın olur ki, ortada kifayət qədər qaranlıq məqamlar var və həqiqətən də 80 yaşlı İmişli sakininə hansı sənədlərin imzalandırılması da kifayət qədər maraqlıdır. Ən azından ona görə ki, artıq bəzi qaynaqlar hazırda 12 sutkalıq müddətə həbs olunmuş «Kür» Vətəndaş Qərargahının koordinatoru Oqtay Gülalıyevə qarşı təxribat planının hazırlanması barədə məlumatlar yaymaqdadırlar.


Geri qayıt