Əsas Səhifə > Hadisə > BAKIDAKI SÖKÜNTÜLƏRİN QURBANLARI ARTIR

BAKIDAKI SÖKÜNTÜLƏRİN QURBANLARI ARTIR


17-04-2012, 16:37
BAKIDAKI SÖKÜNTÜLƏRİN QURBANLARI ARTIR

ƏN AZI 16 MİN VƏTƏNDAŞ MÜLKİYYƏTDƏN MƏHRUM EDİLİB

“Azad İqtisadiyyata Yardım” ictimai birliyi bazar ertəsi “Park İNN” otelində “Mülkiyyət hüququ və Bakıdakı söküntülərin statistikası” mövzusunda dinləmələr keçirib və bu məsələyə dair hesabat təqdim edib.

Birliyin təmsilçisi Zöhrab İsmayıl 2006-cı ildən bu yana paytaxtda söküntülər başladığını deyib. Söküntülərin əsasən şəhərin mərkəzi hissəsini əhatə etdiyi qeyd olunub. Bu söküntülər nəticəsində 3915 ailə qanunsuz olaraq mənzilindən, evindən, obyektindən məhrum edilib. Bu isə aşağı-yuxarı 16 min nəfər vətəndaşın hüququnun tapdanması deməkdir. Bu rəqəmin bütün söküntüləri əhatə etmədiyi, söküntülər nəticəsində evlərini itirənlərin sayının göstəriləndən çox olduğu nəzərə çatdırılıb. Belə ki, statistika komitəsi, əmlak komitəsi nə qədər əhalinin evinin sökülməsi və köçürülməsi haqda statistikaya malik deyil. Bakı şəhər icra hakimiyyəti isə belə sorğulara cavab vermir.

Söküntülərin aparılması birmənalı qanunsuz sayılıb. Bu söküntüləri əsaslandıran hər-hansı rəsmi sənəd belə təqdim edilməyib. Qanunsuz söküntülərin əsas fiquru kimi Bakı şəhər icra hakimiyyəti, icra başçısı Hacıbala Abutalıbov və onun verdiyi əsassız sərəncamlar ittiham edilib. Vətəndaşların mülkiyyəti olan evləri dövlət ehtiyacı üçün yox, hansısa parkın, “qış bulvarı”nın, salınması, yeni prezident iqamətgahının tikilməsi naminə dağıdılıb. Ölkə məhkəmələri isə Bakı şəhər icra hakimiyyətinin sərəncamlarının qanunsuz sayılması haqda qərar çıxarmamaq ittihamına məruz qalıblar.

Hazırda dövlət neft şirkəti vətəndaşların neftli mədənlərdə tikilən evlərinin sökülməsi haqda məhkəmə iddiaları qaldırır. Belə sahələrdə tikilmiş 22 minə yaxın evin 15 minin sökülməsinə dair məhkəmə qərarı var. Daha 8 min evin sökülməsinə qərar verilməsinə hazırlıq gedir. Baxmayaraq ki, dövlət başçısı İlham Əliyev sənədsiz evlərin qısa müddətdə sənədləşdirilməsi haqda aidiyyatı dövlət qurumlarına tapşırıqlar verib. Çünki, belə evlərin sayı 500 mindən çoxdur.

Bu məsələdə vətəndaşların təkcə mülkiyyət hüquqları pozulmayıb. Evlərinin qanunsuz sökülməsinə etiraz edən, buna müqavimət göstərən vətəndaşlar polis tərəfindən döyülüb, əsassız həbslərə məruz qalıblar, sağlamlıqlarını itiriblər.

Ədalətsiz kompensasiyalar vətəndaşların sosial şəraitini nəinki əvvəlkindən yaxşılaşdırmağa kömək etməyib, əksinə, daha pis vəziyyətə salıb.

Vəziyyətdən çıxış yolu kimi Bakının Baş Planının təcili hazırlanması, “dövlət ehtiyacları” anlayışının dəqiqləşdirilməsi, Bakı şəhər icra hakimiyyətinin əhalini köçürməzdən öncə məlumatlandırması təklif edilir.

Müzakirələr zamanı problemə baxışda fərqli münasibət yaranıb. Belə ki, bir çoxları problemi hüquqi müstəvidə həll etməyin mümkünlüyünü deyiblər. Ən pis halda Avropa Məhkəməsinə çıxmaqla həlli yolunu göstəriblər. Digərləri isə bu məsələnin siyasi məsələ olduğunu, həlli yolunun isə mövcud iqtidarın hakimiyyətdən getməsindən keçdiyini vurğulayıblar.


Geri qayıt