Əsas Səhifə > Gündəm, Manşet > CAHANGİR ƏSGƏROVUN «AVİA-KORRUPSİYASI»

CAHANGİR ƏSGƏROVUN «AVİA-KORRUPSİYASI»


17-04-2012, 13:36
CAHANGİR ƏSGƏROVUN «AVİA-KORRUPSİYASI»

DÖVLƏT ŞİRKƏTİ UDUZDUQCA, ŞİRKƏT RƏHBƏRİ NECƏ OLUR Kİ QAZANIR?

DİA.AZ: - Bu yaxınlarda Dövlət Statistika Komitəsinə isinadən «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyəti ilə («AZAL» QSC) bağlı maraqlı bir məlumat yayılmışdı Məlumatda qeyd olunurdu ki, «AZAL» QSC 2000-ci ildən ziyanla işləyir (əvvəlki illərə dair məlumat yoxdur). 2011-ci ildə şirkətin maliyyə göstəriciləri barədə məlumat açıqlanmasa da, yenə də böyük ziyanın olduğu şübhə doğurmur. Hər halda ötən ilin doqquz ayı ərzində sərnişin daşımalarına görə Azərbaycan aviaşirkətlərinin itkilərinin 87 milyon manat təşkil etdiyi məlumdur. 137 milyon 248,5 min manat gəlirə qarşı aviaşirkətlərin xərcləri 223 milyon 917,5 min manat təşkil edib.

DİA.AZ bildirir ki, Azərbaycanda sərnişin daşımaları ilə «AZAL» QSC-nin tərkibində olan «Azerbaijan Airlines» Dövlət Aviaşirkəti və «Turan Air» (AZAL-ın prezidenti Cahangir Əsgərovun «Silk Way Holding»nin törəmə strukturu) məşğul olur. Nəzərə alsaq ki, sərnişin daşımalarının 97%-i «AZAL»ın payına düşür, onda ziyanın da dövlətin üzərinə yükləndiyi şübhə doğurmaz. Hər halda Cahangir müəllim şəxsi şirkətini ziyana salmaz. Maraqlı məqamlardan biri də odur ki, aviaşirkətlərin xərclərinin artım tempi gəlirlərin artımını 16,3% üstələyib. Bunun səbəbi isə izah olunmur. Digər tərfdən 2011-ci ildə Azərbaycan aviaşirkətləri 1 294,5 min sərnişin daşıyıblar ki, bu da əvvəlki ildəkindən 37,1% çoxdur. Bu şəraitdə necə itki ilə işləmək olar, bu sirr olaraq qalır.

Məsələ ondadır ki, yerli marşrutlara görə aviaşirkətlərin tarifləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Rəsmən zərərli Bakı-Naxçıvan-Bakı marşrutu ilə uçuşlar hesab edilir ki, bununla əlaqədar da dövlət hər il «AZAL»a 12 milyon manat subsidiya ödəyir. AZAL-ın beynəlxalq uçuşlar üzrə tətbiq etdiyi qiymətlər çox bahadır və buna görə də böyük gəlir götürür. Yəni, ziyan etməsi mümkün deyil.

Bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda təyyarə benzininin qiyməti də aşağıdır. Yeri gəlmişkən, AZAL daxili qiymətlərlə Dövlət Neft Şirkətindən aviakerosin alır və xarici şirkətlərin təyyarələrini dünya qiymətləri ilə dolduraraq əməllicə valyuta qazanır. Belə ki, məlumatlara görə ayrılan büdcə vəsaitinə daxili qiymətlərlə alınan yanacaq xarici firmalara üç dəfə baha - dünya standartlarına uyğun qiymətə satılır. Gəlir 300 faizdir.

Bundan əlavə xarici şirkətlərin Bakıda satılan biletlərinin qiymətlərini də AZAL diktə edir. Bu da onunla bağlıdır ki, Azərbaycandan uçuş həyata keçirən şirkətlərin hamısına lisenziyanı AZAL verir və burdan da qazanır.

Belədə AZAL» QSC-nin 2000-ci ildən bu yana ziyanla işləməsinin səbəbi qaranlıq qalır. Yeganə səbəb kimi son ilər bu qurumun bütün gəlirli sahələrinin AZAL-ın prezidenti C. Əsgərovun «Silk Way Holdinq»inə transfer etməsini göstərmək olar.

Yeganə bilet satışı dövlətin əlində qalmışdı ki, onu da Cahangir Əsgərov öz şirkətinə həvalə etdi. Belə ki, «Silk Way Holdinq» yarandıqdan sonra onun tərkibində «SW Travel» turist şirkəti də formalaşdırılır. Və az sonra «SW Travel» AZAL Dövlət konserninin satış agenti olmaqla yerli və xarici şirkətlər, o cümlədən turistlər üçün dünyanın istənilən nöqtəsinə səfər və səyahətlərin, aviabiletlərin, mehmanxanaların, transferlərin, turların, viza xidmətlərinin və s. təşkili üzrə fəaliyyət göstərməyə başlayır. Əvvəlcə aviakassadan ayrı kiçik dövriyyə ilə bilet satışlarını həyata keçirən bu şirkət az sonra inhisarçıya çevrilir. Bunun üçün Cahangir Əsgərov «Aerokassa»nı təmir adı ilə bağlayaraq işçilərini məzuniyyətə göndərdi. Sonradan məlum olur ki, 100-lərlə insan bu adla işdən çıxarılıb. Yeri gəlmişkən qeyd edək ki, AZAL-ın Mərkəzi Aerokassasının Səməd Vurğun bağı yaxınlığında yerləşən satış ofisinin C. Əsgərovun həyat yoldaşına məxsus «Qazelli» parfümeriya şirkəti tərəfindən özəlləşdirildiyi bildirilir. Bundan sonra xarici reyslərə bilet satışı tam olaraq C.Əsgərovun Holdinqinə daxil olan «SW Travel» turist şirkətinə verildi. Bir müddət sonra isə daxili uçuşları həyata keçirən, o cümlədən Naxçıvana uçan təyyarələrə biletlər aeroportun özünə məxsus kassalarda satılsa da, sonradan bu da tam olaraq «SW Travel»ə verildi. Bununla da «AZAL»da bilet satışına qadağa qoyuldu. Bu da son olmadı. 2009-cu ildən Cahangir Əsgərov bütün təyyarə biletlərinin satışını monopoliyaya aldı. Daha dəqiq ölkədə fəaliyyət göstərən aviakompaniyalar bilet satışı üçün əvvəl «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyəti ilə müqavilə bağladığı halda, 2009-cu ildən AZAL bu səlahiyyətləri də birbaşa «SW» kompaniyasına verir.

Sadaladığımız faktlar göstərir ki, Cahangir Əsgərov AZAL-a, yəni dövlətə məxsus rentabelli xidmətləri öz holdinqinə verməklə, gəlirlərin dövlət büdcəsinə yox, şəxsi büdcələrinə daxil olmasına şərait yaradıb. Məhz buna görə də, yüksək tariflərə baxmayaraq, AZAL ziyanla işləyir. «AZAL» kasıbladıqca isə C.Əsgərovun var-dövlətini artırdığı xəbərləri yayılır. Bu gün Azərbaycandan kənarda ən böyük biznesi olan oliqarx kimi C.Əsgərovun adı çəkilir. Onun yalnız Avropa ölkələrində 15 şirkəti fəaliyyət göstərir. Xeyli offşor şirkətlərinin, xaricdə böyük mülkərinin olduğu bildirilir. Bu yaxınlarda isə həta Cahangir Əsgərovun 25 milyon xərcləməklə Şüvəlanda Tanzaniya və Keniya milli parklarına oxşar şəxsi zoopark yaratdığı xəbəri də yayıldı.

Yazıda qeyd olunanlara bağlı Cahangir Əsgərovun özünün, AZAL-ın və «Silk Way Holdinq»in mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt