Əsas Səhifə > Hadisə > SABİRABADDA 1937-Cİ İL AB-HAVASI

SABİRABADDA 1937-Cİ İL AB-HAVASI


17-04-2012, 13:23
SABİRABADDA 1937-Cİ İL AB-HAVASI

HƏBSLƏRİ QARA MASKALILAR HƏYATA KEÇİRİB

Aprelin 15-dən Minbaşı kəndində həbslər keçirilir. Bu haqda AzadlıqRadiosuna kənd sakinləri məlumat verib.

Sabirabad rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov isə AzadlıqRadiosuna 4 nəfər kənd sakininin həbs olunduğunu təsdiqləyib. Bildirib ki, «aprelin 15-də Sabirabad rayonu Minbaşı kəndinin 3 nəfər sakini narkotik maddə saxlamağa görə həbs olunub. Bir həftə əvvəl isə daha bir kənd sakini əxlaqsız yuva saxlamağa görə həbs olunub. Həbsləri Narkotiklərə qarşı mübarizə idarəsi ilə İnsan Alverinə Qarşı Mübarizə İdarəsi keçirib».

Adlarının çəkilməsini istəməyən Minbaşı kəndinin sakinləri isə AzadlıqRadiosuna bildiriblər ki, həbslər aprelin 10-da Minbaşı kənd sakinlərinin kompensasiyaların verilməməsinə etiraz olaraq keçirdikləri aksiyaya görə başlayıb: «Həbsləri 5 maşın qara maskalılar keçirib. Bütün bunlar xalqın haqqını tələb etməsi, kompensasiyaların verilməməsinə etiraz etmələrinə görədir. İndi də aksiyada iştirak edənlərin ovuna çıxıblar. Aksiyadan çəkilmiş videomateriallara baxıb adamları bir-bir həbs edirlər».

Sabirabad rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov isə həbslərin aksiya ilə bağlı olmadığını bildirib.

Aprelin 10-da Sabirabad rayonunun Minbaşı kəndinin yüzlərlə sakini 2010-cu ildə baş vermiş Kür daşqınlarından sonra onlara kompensasiya verilməməsinə etiraz olaraq aksiya keçirmişdilər. Onlar yerli icra strukturlarının onlara çatacaq kompensasiyaların mənimsədiyini bildirirdilər.

Aksiyaçılar bir neçə saat ərzində əvvəlcə Kür çayının üstündən keçən körpünü, sonra isə Sabirabad rayon yol polisi postunun da yerləşdiyi dördyol adlanan ərazini bağlamışdılar. Elə həmin gün Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov kənd sakinlərini qəbul edib onların problemlərinin həll olunacağına söz vermişdi.

2010-cu ilin Kür daşqınlarından sonra Azərbaycanın 8 rayonunda 100 min hektardan çox sahəni və 20 min evi su basmışdı. Ümumilikdə, 2012-ci ilin martına kimi dövlət tərəfindən daşqının nəticələrinin aradan qaldırılmasına 350 milyon manata yaxın vəsait ayrılıb. Bu il martın 29-da prezidentin sərəncamı ilə əlavə olaraq 50 milyon manat ayrılıb.


Geri qayıt