Əsas Səhifə > Hadisə > QAÇQINLARIN PULUNU KİM YEYİR?
QAÇQINLARIN PULUNU KİM YEYİR?16-04-2012, 15:12 |
MİNLƏRLƏ AİLƏ ÇÖRƏKPULUNDAN MƏHRUM OLUB “Dövlət büdcəsindən məcburi köçkünlərə verilən aylıq yeməkxərci müavinətinin paylanılmasına dair təlimat”ın icrası bir sıra ciddi problemlər yaradıb. APA-nın məlumatına görə, 2010-cu il dekabrın 17-də təsdiq edilən və 2011-ci ilin yanvarın 1-dən qüvvəyə minən təlimat bəzi məcburi köçkünlərin aylıq yeməkxərci müavinətini almasını mümkünsüz edib. Bu problem xüsusən də valideynlərindən biri məcburi köçkün olan və 2011-ci ilin yanvarın 1-dək anadan olan uşaqlara aiddir. Belə ki, təlimat qüvvəyə minənədək anadan olan bəzi uşaqlarla bağlı sənədlər vaxtında təqdim edilmədiyindən və ya yerli icra hakimiyyətləri sənədlərin təqdim edilməsinin gecikdirdiyindən onlar bu hüquqdan məhrum olublar. Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sosial təminat və humanitar yardım şöbəsinin baş məsləhətçisi Nadir Ağacanov APA-ya bildirib ki, Komitəyə 2011-ci ilin yanvarın 1-dək anadan olan və “çörəkpulu”ala bilməyən təxminən 1000-dən artıq insanla bağlı ərizə daxil olub: “Təlimatın 5-ci bəndinin 12-ci maddəsinə əsasən hər iki valideyni “məcburi köçkün” statusuna malik olmayan uşaqlara bu təlimat şamil edilmir. Bu təlimata uyğun gəlməyən şəxsləri icra hakimiyyətləri qəbul eləmir. Siyahıya salınma, tənzimlənmə icra hakimiyyətləri tərəfindən aparılır. Rayonlar üzrə elə uşaqlar var ki, əvvəldən doğulub, hələ indiyə qədər də valideynlərinin səhlənkarlığı üzündən onlarla bağlı sənəd təqdim edilməyib”. N. Ağacanov dövlət büdcəsindən məcburi köçkünlərə verilən aylıq yeməkxərci müavinətinin paylanılmasına dair təlimatda vətəndaşın sənədlərini gecikdirdiyi halda ona bu müavinətin şamil edilməməsi ilə bağlı heç bir bənd olmamasını da qeyd edib: “Biz belə hallarla bağlı ərizələri icra hakimiyyətlərinin üstünə göndəririk. Elə şəxslər var ki, onların sənədləri müəyyən səbəblərdən gecikib. Vaxtında sənədlərini verməyiblər, indi də təlimata düşmür deyə, onların sənədləri qəbul edilmir”. N. Ağacanov həmin şəxslərə müavinət verilməyəcəyi barədə qərarın qəti olduğunu deyib. Qeyd edək ki, təlimata əsasən, aylıq yeməkxərci müavinəti məcburi köçkün olduqdan sonra mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların himayəsində olan şəxslərə (şəhid ailələri istisna olunmaqla), məcburi köçkün olduqdan sonra, işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq, işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla), məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış rayon sakini ilə nikaha daxil olmuş, həmin nikahdan uşaqları olmuş, lakin işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan şəxslərə və onların uşaqlarına, məcburi köçkün olduqdan sonra, məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olmuş və onun himayəsi altında yaşayan, lakin işğal olunmuş rayondan yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan şəxslərə, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən vəzifəyə təyin olunan və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmiş məcburi köçkünlərə, hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən və qanunvericiliklə müəyyən olunmuş qaydada ərzaq payı əvəzinə verilən pul kompensasiyası alan məcburi köçkünlərə, hərbi qulluqçu olan məcburi köçkünlərə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə növlərində cəzaya məhkum olunmuş və cəzaçəkmə müəssisələrində və ya həbsxanada cəza çəkən məcburi köçkünlərə, “məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” statusu olan şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə, “məcburi köçkün” statusuna malik olub təqvim ilində üst-üstə 182 gündən artıq başqa ölkədə olan məcburi köçkünlərə, “məcburi köçkün” statusuna malik olub təqvim ilində üst-üstə 182 gündən artıq olmadan başqa ölkəyə getmiş məcburi köçkünlərə geri qayıdanadək (başqa ölkəyə müvəqqəti getmiş məcburi köçkün geriyə qayıtdıqdan sonra yemək xərci üçün aylıq müavinətin bərpa olunması ilə əlaqədar rayon icra hakimiyyətinə rəsmi müraciət etməlidir); hər iki valideyni “məcburi köçkün” statusuna malik olmayan uşaqlara, səfərbərlikdən yayınmış, fərarilik etmiş “məcburi köçkün” statuslu şəxslərə bu hallar aradan qaldırılanadək, Azərbaycan Respublikasının vətəndaşlığından çıxan “məcburi köçkün” statusu olan şəxslərə şamil edilmir. Geri qayıt |