Əsas Səhifə > Cəmiyyət > “MƏMUR ADAMLARI MƏNİM EVİMİ “BATIRIBLAR””

“MƏMUR ADAMLARI MƏNİM EVİMİ “BATIRIBLAR””


16-04-2012, 14:14
“MƏMUR ADAMLARI MƏNİM EVİMİ “BATIRIBLAR””

ŞƏMKİRDƏ “QEYBƏ ÇƏKİLƏN” EVİN AQİBƏTİ

“Evimin uçurulmasından 8 il vaxt keçməsinə baxmayaraq, hələ də haqqımı bərpa edə bilmirəm”, - Şəmkir sakini Sahib Kərimov bazar ertəsi RATİ-də keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2011-ci ilin sonlarında Gəncə Apellyasiya Məhkəməsi və Ali Məhkəmə 2010-cu ildə “evin itməsilə əlaqədar yerinin müəyyən edilə bilməməsi” haqda Şəmkir Rayon məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb.

S.Kərimovun Şəmkir şəhər Səməd Vurğun küçəsi, 246-da yerləşən evi 2004-cü ildə uçurulub. Ev birmərtəbəli, 3 otaqdan ibarət olub. Həmin vaxt Rusiyada yaşayan S.Kərimov avtoqəza keçirməsi üzündən Azərbaycana yalınz 2010-cu ilin aprelində gələ bilib. Məhkəmə işlərinə başlayıb. 2010-cu ilin aprelində Şəmkir Rayon Məhkəməsi öncə S.Kərimovun evini qonşusunun uçurması, yerini alması barədə qərar çıxarıb. Evin yerinin göstərilməsi tələbi ortaya gəldikdə isə məhkəmə “ev itdiyi üçün yerinin müəyyən oluna bilməməsi barədə qərar çıxarıb. Baxmayaraq ki, rayon memarları həmin evin yerində “Morgül” şadlıq sarayının tikildiyi haqda sənəd veriblər. Amma məhkəmədə iddiaçı tərəfin adamları dindirilməyib.

S.Kərimov evini vergilər naziri Fazil Məmmədovun qohumu, rayonda dələduz kimi tanınan Fəzail Quliyevin dağıtdığını bildirir. Amma nazir qohumu olduğu üçün heç kəs təsir göstərə bilmir. Bu səbəbdən də məhkəmələr ağlasığmaz qərarlar çıxarır. “Həmin vaxt Şəmkirdə hər hansı təbii fəlakət olmayıb ki, ev itə, yerə bata, sadəcə məmur adamları mənim evimi “batırıblar”, - S.Kərimov bildirib.

Zərərçəkmiş evini uçuranların onunla birbaşa ünsiyyətdə olmağa cəhd belə etmədiklərinə diqqəti çəkib. O, məsələni Avropa məhkəməsinə çıxarmaq, özü isə haqsızlıqlara etiraz olaraq ölkəni tərk etmək fikrındə olduğunu bildirib.


Geri qayıt