Əsas Səhifə > Ölkə, Manşet > ƏLİ İNSANOVLA FƏRHAD ƏLİYEV BURAXILA BİLƏR

ƏLİ İNSANOVLA FƏRHAD ƏLİYEV BURAXILA BİLƏR


15-04-2012, 17:23
ƏLİ İNSANOVLA FƏRHAD ƏLİYEV BURAXILA BİLƏR

MİTİNQLƏRƏ İCAZƏ VERİLDİ, İNDİ DƏ SIRA SİYASİ MƏHBUSLARA ÇATIB

DİA.AZ: - Yaxın günlərdə həbsdəki iki keçmiş nazir də daxil olmaqla, siyasi məhbuslar siyahısında olan bir sıra şəxslərin azadlığa buraxılması gözlənilir. Bu barədə redaksiyamıza Bakıdakı diplomatik çevrələrdən məlum olub. Xəbərdə deyilir ki, bu məsələ Qərblə Azərbaycan hakimiyyəti arasında aparılmış danışıqlar zamanı bir neçə dəfə qaldırılıb. Sonuncu belə danışıqlar zamanı rəsmi Bakı keçmiş nazirlər Əli İnsanov və Fərhad Əliyev də daxil olmaqla, bir qrup şəxsin (bu sıraya 2 aprel məhbusları, həmçinin məhbus jurnalistlər də daxildir -red.) həbsdən buraxılması məsələsini nəzərdən keçirə biləcəyini bildirib.

Mənbə deyib ki, Azərbaycan hakimiyyətinin məsələni nəzərdən keçirmək barədə vədi bu şəxslərin azadlığa buraxılmasının qətiləşdiyi mənasını vermir. Çünki əvvəllər də insan haqları sahəsindəki problemlərin müzakirəsi zamanı hakimiyyət məsələni nəzərdən keçirə biləcəyini deyib, ancaq onun həlli aylarla, hətta illərlə uzanıb.

“Amma ilk dəfədir ki, keçmiş nazirlərin azad olunması məsələsində Bakının mövqeyində bu cür yumşalma müşahidə edilir. Görünür, Azərbaycan hakimiyyəti başa düşür ki ölkədə keçiriləcək ”Eurovision" mahnı müsabiqəsi ərəfəsində çoxlu sayda siyasi məhbusun olması yaxşı hal deyil. Bu məsələni hansısa formada həll etmək lazımdır" - deyə qaynağımız bildirib.

Mənbə deyib ki, siyasi məhbuslar məsələsi dəfələrlə Qərbə aid çevrələrlə Azərbaycan iqtidarı arasında müzakirə predmeti olub və hətta bu problem mühüm beynəlxalq tədbirlərdə də rəsmi Bakıya qarşı işlənən ən böyük silah təsirini bağışlayıb. Bu hal isə YAP iqtidarı üçün heç də arzuolunan deyil:

“Hazırda Fərhad Əliyevlə Əli İnsanov Azərbaycanda siyasi məhbuslar siyahısında olan ən məşhur şəxslər sayılır. Ona görə də onların azadlığa buraxılması məsələsi qaldırılır. Lakin hakimiyyətin nəzərinə digər siyasi məhbusların da azadlığa buraxılmalı olduğu, nəhayət, bu problemin aradan qaldırılmasının vacibliyi çatdırılır”.

Sərbəst toplaşmaq azadlığı məsələsinin də YAP iqtidarı ilə qurulan danışıqlar masasında əsas müzakirə predmeti olduğunu bildirən mənbəmiz vurğuladı ki, son zamanlar müxalifətin aksiyalarına icazənin verilməsi də bununla bağlıdır: «Artıq 17 Mart tarixində müxalif fikirli gənclər, 8 apreldə isə İctimai Palata mitinq keçirdi. Hər iki aksiya şəhərin mərkəzinə kifayət qədər yaxın idi. Və müxalifət növbəti aksiyalara hazırlaşır. Hər halda, bu aksiyalara icazə verilməsini təsadüfi hal və yaxud da hakimiyyətin müxalifətə jesti kimi dəyərləndirmək olaz. Burada beynəlxalq qurumların müdaxiləsi əsas faktordur».

Mənbəmiz bildirir ki, artıq aksiyalarla bağlı məsələdə hakimiyyət müsbət reaksiyalar nümayiş etdirdiyindən indi də siyasi məhbuslarla bağlı müzakirələr intensivləşib və bu baxımdan 2005-ci ilin 17 Oktyabr hadisələri zamanı qolları qandallanmış iki naziri azadlığa aparan yolların qısalmasına da ümidlər artmaq üzərədir.

Onu da qeyd edək ki, Ə.İnsanova və F.Əliyevə yaxın çevrələrdən bu məlumatla bağlı dəqiqləşdirmə aparmaq mümkün olmasa da hakimiyyətə yaxın bir mənbə bildirdi ki, o da keçmiş nazirlərin tezliklə azadlığa buraxılmasını gözləyir. Həmin mənbə deyir ki, bir qayda olaraq hakimiyyət Qərbin, Avropanın dəfələrlə qaldırdığı, üzərində israr etdiyi hansısa məsələni “nəzərdən keçirə biləcəyini” deyəndə bu məsələ bir qədər uzansa da, sonda həllini tapır.

Mənbə ehtimal edir ki, əgər hakimiyyət keçmiş nazirlərin buraxılması məsələsinə baxmağa hazır olduğunu bildiribsə, onların özlərinə də müəyyən mesajlar çatdırıla bilər. Məsələn, azadlığa buraxılmalarının əvəzində siyasətdən uzaq durmaları, yaxud ölkəni tərk etmələri kimi.

Mövzu ilə əlaqədar əldə etdiyimiz xəbərlərin içərisində bir maraqlı məqam da vurğulandı ki, hazırda Prezident Administrasiyası nəzdində xüsusi bir düşərgə qurulub və iqtidarın ən yaxşı polit-texnoloqları, mütəxəssisləri həmin düşərgəyə toplanıb. İddia olunur ki, hakimiyyət olası dəyişikliklərin və islahatların layihələrini hazırlatdırır. Burada məqsəd həm də budur ki, müxalifətə islahat təşəbbüskarlığı verilməsin.

Onu da qeyd etməliyik ki, son vaxtlar hakimiyyət orqanlarının vətəndaşların xüsusi mülkiyyət hüquqlarını kobud və kütləvi şəkildə pozulması faktını əsas götürərək, yuxarıdan hər hansı ciddi dəyişikliklərin olacağına skeptik yanaşanlar da vardır.


Geri qayıt