Əsas Səhifə > Siyasət, Manşet > KƏMALƏDDİN HEYDƏROVUN ÖZƏL GÖMRÜYÜ

KƏMALƏDDİN HEYDƏROVUN ÖZƏL GÖMRÜYÜ


15-04-2012, 13:14
KƏMALƏDDİN HEYDƏROVUN ÖZƏL GÖMRÜYÜ

XARİCDƏN GƏTİRİLƏN AVTOMOBİLLƏRDƏN YIĞILAN RÜŞVƏT KİMƏ GEDİR?

DİA.AZ: - Gömrük sistemində yaşanılan rüşvətxorluq artıq kuliminasiya həddinə çatıb. Elə redaksiyamıza edilən müraciət də həmin özbaşınalıqla bağlıdır. Bu dəfə şikaytəçi düşən mətbuatda çalışan həmkarlarımızdan biridir. Özünə xaricdən şəxsi avtomobil gətirmək istəyən həmkarımızın başına gələnlərdən belə aydın olur ki, Azərbaycan gömrüyünü bu gün nəzarəti altında saxlayan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun hökmü istənilən bir «bepsredel»in qarantına çevrilib.

Dövlət Gömrük Komitəsinin rəhbəri Aydın Əliyevə ünvanlanan və DİA.AZ redaksiyasına daxil olmuş həmin şikayət xarakterli müraciəti diqqətinizə çatdırırıq:

«Hörmətli Aydın müəllim, nəzərinizə çatdırmaq istəyirik ki, Avtonəqliyyat Gömrük İdarəsində 2001-ci ilin istehsalı olan 2.6 motor gücündə bir "Mersedes" markalı avtomobilə görə bizdən dövlət rüsumu adına 4561 manat pul istənilib. Halbuki Dövlət Gömrük Komitəsinin saytındakı elektron kalkulyatorda hesablama zamanı məlum olub ki, həmin avtomobil üçün dövlət rüsumu 3898.3 manatdır. İki rəqəm arasındakı fərqin nə qədər böyük olduğunu yəqin ki, görürsünüz.

Avtomobillərin gömrük rüsumu ödənilməsi idarəsinin rəis müavini vəzifəsində çalışan Rövşən adlı şəxs öz imzasıyla kağız parçasına 4561 manat yazıb ödəməyimizi tələb etdi. Biz bunun qeyri-qanuni olduğunu desək də, əhəmiyyət verən olmadı. Ona görə də idarənin rəisi İsmayıl müəllimlə danışmaq istədik. Lakin buna imkan vermədilər. Odur ki, məcbur olub Sizinlə - Aydın Əliyevlə əlaqə saxlamağa çalışdıq.

Bu məqsədlə 438-80-80 nömrəli telefona bir neçə dəfə zəng etdik. Həmin nömrədən Namiq adlı növbətçi Aydın Əliyevin və onun müavinlərinin işdə olmadığını bildirərək əlaqə yaratmaqdan imtina etdi. O həmçinin, bizim digər şəxslərlə əlaqə saxlamaq istəyimizə də imkan vermədi. Daha doğrusu, bizi digər səlahiyyətli şəxlərlə calaşdırmadı. Bundan sonra Namiq müəllim bizə iki telefon nömrəsi - 448-29-22 və 448-29-17 verərək əlaqə saxlamağımızı tövsiyə etdi. Bu nömrələrə zəng vursaq da, növbətçi "rəis və onun müavinlərinin işi var, sizi calaşdıra bilmərəm" deyə əlaqə yaratmaqdan imtina etdi».

Qeyd edək ki, Avtonəqliyyat Gömrük İdarəsi Sulutəpədə yerləşir. Biz idarəyə getdikdən sonra burada bəzi neqativ halları da müşahidə etdik. Hələlik bəzi məqamları nəzərə alıb bu neqativ halları işıqlandırmırıq. Ümid edirik ki, cənab Aydın Əliyev korrupsiyaya bulaşmış bəzi məmurları tezliklə cəzalandıracaq.

İdarəyə gəlincə isə orada hər gün müxtəlif illərin istehsalı olan avtomobillər gömrük qeydiyyatına alınır. Dövlət rüsumunun ödənilməsinə gedən yolun qapısı "türmə"dəki kamera qapılarına bənzəyir. Bu qədər vəsaiti olan və milyonların dövr etdiyi bir idarənin baxımsızlığa uğraması, daha dəqiq desək, belə bir duruma düşməsi heç şübhəsiz ki, korrupsiyanın vurduğu zərbələrin acı nəticəsi kimi qiymətləndirilməlidir.

Onu da bildirək ki, xaricdən gətirilən avtomobillərdən külli miqdarda rüşvətin və özü də açıq-aşkar tələb edilməsinin səbəbləri ilə bağlı da redaksiyamıza məlumat veriblər. Qeyri-rəsmi mənbənin sözlərinə görə, sözügedən istiqamətə birbaşa olaraq Kəmaləddin Heydərovun yaxın qohumunun nəzarət etməsi səbəbindən kimsə baş verən özbaşınalıqlarla bağlı nə tədbir görmək iqtidarındadır, nə də belə bir xam xəyalı ağlının ucundan keçirir.

Mövzu diqqətimizdədir…


Geri qayıt