Əsas Səhifə > Siyasət, Manşet > MƏMURLARIN QUMARA OLAN HƏVƏSİ SÖNMƏYİB

MƏMURLARIN QUMARA OLAN HƏVƏSİ SÖNMƏYİB


15-04-2012, 11:30
MƏMURLARIN QUMARA OLAN HƏVƏSİ SÖNMƏYİB

BƏYLƏR ƏYYUBOVUN ADAMLARININ KAZİNOSUNA KİMSƏ SÖZ DEYƏ BİLMİR

DİA.AZ: - Son günlər dövlət qurumlarının qumarxanalara və əxlaqsızlıq yuvalarına qarşı mübarizəsi daha da intensiv xarakter alıb. Məlum olduğu kimi, fərqli iaşə xidmətləri təklif edən bir sıra obyektlərin araşdırmalar zamanı əslində profilinə uyğun olaraq fəaliyyət göstərmədiyi də müəyyən olunmaqdadır. Onların arasında 11 aprel tarixində Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən keçirilmiş nəzarət tədbirləri nəticəsində Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, 29 ünvanında yerləşən "Aygün City" Ticarət Mərkəzinin də adı çəkilir.

Rəsmi məlumatlarda deyilir ki, bir zamanlar şadlıq efi kimi fəaliyyət göstərən həmin ticarət mərkəzində stimullaşdırıcı lotereyanın təşkili aşkar edilib və keçirilən lotoreyanın dayandırılması barəsində göstəriş verilib.

QKDK-nın İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, Dövlət Komitəsi "Aygün City" Ticarət Mərkəzində keçirilən və gələcəkdə keçirilməsi nəzərdə tutulan bu lotereyanın qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu lotereyada iştirakla bağlı diqqətli olmağa dəvət edir.

Qeyd edək ki, QKDK "Lotereyalar haqqında" qanuna və öz Əsasnaməsinə müvafiq olaraq, lotereyaların təşkili və keçirilməsi sahəsində münasibətlərin dövlət tənzimlənməsini həyata keçirən icra hakimiyyəti orqanı kimi bu istiqamətdə mütəmadi nəzarət tədbirlərini davam etdirir.

Diqqət yetirdinizsə, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Aygün City" ilə bağlı olduqca ehtiyatlı açıqlama verərək aşkarlanan faktla bağlı hansısa hüquqi ölçünün götürülməsinə şərait yaratmaq əvəzinə, məsuliyyəti vətəndaşların üzərinə yükləyir və vətəndaşlara xəbərdarlıq edilir ki, həmin obyektdə keçirilən lotoreya oyunları qanunsuzdur. Yəni bu qədər və qurum "Aygün City" ilə bağlı hansısa tədbiri görə bilmədiyini dolayı yolla etiraf da edir.

Bu da səbəbsiz deyilmiş. DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, əslində QKDK-nın barəsində açıqlama verdiyi "Aygün City" hakimiyyətin samballı fiqurlarından birinə məxsusdur və qurum həmin ticarət mərkəzi ilə bağlı hələ göründüyündən də artıq ehtiyatlı bir mövqe tutub. Bu barədə mötəbər mənbənin bildirdikləri:

«QKDK-nın əməkdaşları əslində "Aygün City"də qanunsuz lotoreya oyunu ilə yanaşı, həm də bir kazinonun fəaliyyətini aşkarlayıblar. Amma açıqlanan faktlar sırf olaraq lotoreya oyunu ilə bağlı olub. Kazino məsələsi isə ictimaiyyətdən gizli tutulub. Bu da birbaşa olaraq QKDK rəhbərliyinin kiminlə üzləşmələrinin təzahürüdür».

Mənbəmiz bildirir ki, "Aygün City" hakimiyyət içində çox cidd mövqeyi olan Bəylər Əyyubovun yaxın adamlarına məxsusdur və həmin ticarət mərkəzində hər gün axşam saatlarında qumar oyunları təşkil olunur və qumar masalarının arxasında heç də sıradan vətəndaşlar oturmur: «Həmin kazionun xidmətlərindən hətta çox nüfuzlu dövlət məmurları da istifadə etməkdədirlər. Sadəcə olaraq, edilən müraciət əsasında QKDK ərazidə yoxlama həyata keçirmək zorunda qalsa da, "Aygün City" ilə bağlı heç bir tədbir görə bilməyib».

Onu da bildirək ki, Bəylər Əyyubovun yaxın adamlarına məxsus olan həmin kazinoya hətta hüquq-mühafizə orqanları da yaxın düşə bilmirlər. Belə olan təqdirdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin rəhbəri Rüfət Aslanlını anlamaq çox asandır. Daha güclülər Bəylər Əyyubovun qarşısında susursa, o nədən özünü «yandırmalıdır» ki?..

Onu da xatırladq ki, kazinoların fəaliyyətinə hələ mərhum prezident Heydər Əliyevin zamanında qadağa qoyulub və həmin ərəfədə aşkar surətdə fəaliyyət göstərən yüzlərlə qumarxananın əksəriyyəti fəaliyyətini dayandırmalı olmuşdu və onların bəzilər gizli fəaliyyətə keçmək zorunda qalmışdılar.

Geri qayıt