Əsas Səhifə > Gündəm, Manşet > BAYILI BOMBALAYA BİLƏRSİNİZ, CƏNABLAR!

BAYILI BOMBALAYA BİLƏRSİNİZ, CƏNABLAR!


13-04-2012, 11:04
BAYILI BOMBALAYA BİLƏRSİNİZ, CƏNABLAR!

GECƏDƏN BAKININ MƏRKƏZİNDƏKİ QƏSƏBƏ HƏYATDAN TƏCRİD OLUNUB

DİA.AZ: - Dövlət Bayraq Meydanının inşası başlayan gündən Bakının mərkəzi rayonu hesab olunan Səbayelin Bayıl qəsəbəsinin sakinlərinin anadan əmdikləri süd burunlarından gəlməkdədir - desək, yanılmarıq. Elə davamlı olaraq Bayıldan gələn şikayətlər də belə deməyə əsas yaradır. Bu azmış kimi, «Avroviziya» yarışmasının keçiriləcəyi «Büllur Saray»ın da Bayıl ərazisinə düşməsi sakinlər üçün əlavə problemlər yaratmış oldu.

Bir yandan gün boyu, hətta gecə saatlarında belə yollarda şütüyən, avtoşluq edən ağır yük maşınlarının yaratdığı səs-küy, qaldırdığı toz-torpaq, digər yandan da aparılan inşaat işləri səbəbindən iki gündən bir gah suların, gah qazların verilməsinin dayandırılması, gah da elektrikin kəsilməsi Bayıl qəsəbəsində yaşayanlar üçün həbsxana şəraitini yaratmaqdadır.

Artıq problemlərdən cana doyduğunu bildirən bir qrup qəsəbə sakininin DİA.AZ-a verdiyi məlumata görə, dünən axşam saatlarında qəsəbə ərazisində həm işığın, həm təbii qazın və həm də suyun verilməsi dayandırılıb: «Saat 11 radələrindən etibarən evlərimizdə nə qaz, nə işıq və nə də su oldu. Demək olar ki, həyatdan təcrid olunmuş vəziyyətə salındıq. Bu günə kimi belə şey olmamışdı. Yəni kəsirdilərsə, bir-bir kəsirdilər. İndi hər üçü eyni vaxtda kəsildi».

Qəsəbə sakinləri bildirir ki, onlar gecə saatlarında küçəyə çıxıblar və yalnız bundan sonra qazın və işığın verilməsi bərpa olunub: «Amma suyu gecə saat 5 radələrində cəmi bir neçə saatlıq bərpa etdilər. Və but anda da suyumuz yoxdur. «Azərsu»nun qaynar xəttinə müraciət edəndə ilk əvvəl bu gün üçün suyun olacağını bildirsələr də, indi bir gün suyumuzun olmayacağını deyirlər».

Qəsəbə sakinləri etiraz aksiyalarına əl atacaqlarını bildirməklə yanaşı, maraqlı bir ifadə də işlətdilər: «Hər üç kommunal xidməti dayandıranda elə zənn etdik ki, artıq Bayıl ərazisi tam plana düşüb və bizi gəlib, bombalayacaqlar. Biz də buna hazırlıq gördük. Tam müharibə şəraitinə hazırıq və evimizdə ehtiyat ərzaqlarımız var, buyurub bombalaya bilərlər. Bunun başqa bir adı da yoxdur».


Geri qayıt