Əsas Səhifə > Hadisə > QUBA İŞİNDƏ YENİ HƏDƏFLƏR

QUBA İŞİNDƏ YENİ HƏDƏFLƏR


12-04-2012, 15:00
QUBA İŞİNDƏ YENİ HƏDƏFLƏR

İNDİ DƏ HÜQUQ-MÜDAFİƏÇİLƏRİ POLİSƏ ÇAĞRILIB

Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin Quba-Xaçmaz nümayəndəliyinin əməkdaşı Aftandil Məmmədov Quba hadisələri ilə bağlı polisə çağırılıb.

Bu barədə o özü məlumat verib.

«Qeydiyyatda olduğum Rustov kəndinin sahə müvəkkili Ramiz Abışov məni cağırıb. Deyir ki, onlarda məlumat var ki, mən martın 3-də xəsarət almışam və Xaçmaz rayon xəstəxanasına müraciət etmişəm. Amma belə bir şey olmayıb. Mən qəti təkzib edirəm. Bilmirəm nə məsələdir. Mən hüquq müdafiəçisiyəm, Quba hadisələri zamanı insanların hüquqlarını müdafiə etmişəm. Ola bilsin bu yolla mənə təzyiq göstərmək istəyirlər».

Rustov kəndinin sahə müvəkkili Ramiz Abışov isə deyir ki, Aftandilin xəsarət alması ilə bağlı məlumat onlara xəstəxanadan verilib.

«Biz xəstəxanadan aldığımız məlumatı araşdırırıq. Aftandili Məmmədovu də mən çağırmışam. Gələcək aydınlaşdıracağıq. Əgər belə bir şey olmayıbsa burda nə var ki?».

Quba hadisələri ilə əlaqədar 30 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Baş Prokurorluqla Daxili İşlər Nazirliyinin məlumatına görə, onlardan 12-si həbs edilib, 18-indən isə başqa yerə getməmək haqqında iltizam alınıb.

Qubanın sabiq icra başçısı Rauf Həbibovun qubalılar barədə dediyi fikirlər martın 1-də rayonda etiraz aksiyasına səbəb olub. Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları, icra başçısı Rauf Həbibovun şəxsi evi yandırılıb.

Martın 2-də prezident İlham Əliyevin sərəncamı ilə Rauf Həbibov vəzifəsindən kənarlaşdırılıb. / “Azadlıq” Radiosu /


Geri qayıt