Əsas Səhifə > Gündəm, Manşet > HAKİMİYYƏTDƏ ƏL DƏYİŞİMİ PROSESİ BAŞLADI

HAKİMİYYƏTDƏ ƏL DƏYİŞİMİ PROSESİ BAŞLADI


12-04-2012, 11:09
HAKİMİYYƏTDƏ ƏL DƏYİŞİMİ PROSESİ BAŞLADI

«KÖHNƏ QVARDİYA» İQTİSADİ İMPERİYASINDAN VAZ KEÇMƏK ZORUNDADIR

DİA.AZ: - Hakimiyyətdaxili siyasi qarşıdurma artıq tam mənada iqtisadi sferaya köçürülür. Paşayevlərin iqtisadi sektorda əhatə dairəsini genişləndirməsi bir sıra şirkətlərin və oliqarxların həmin sahələrdən çəkilməsinə səbəb olur. Məsələn, Paşayevlərin nəzarətində olan «PAŞA İnşaat»ın və «AKKORD» şirkətinin inşaat sektorunda mövqelərini gücləndirməsi bir çox tikinti şirkətlərinin, o cümlədən bəzi oliqarxlara, məsələn, Ziya Məmmədova, İbrahimov qardaşlarına məxsus tikinti şirkətlərinin sıxışdırılmasına, bu sektordan çıxarılmasına səbəb olub. Paşayevlərin «Azərfon» şirkəti mobil rabitə bazarından da rəqiblərini sıxışdırmaqdadır.

Ümumiyyətlə, Paşayevlər bu gün daha çox oliqarxların nəzarətində olan sahələrə, biznes obyektlərinə əl qoyurlar.

Məğlublar təbii ki, səs-küy sala, bizneslərinin əlindən alınmasına dair harasa müraciət edə bilmirlər. Məsələn, Səhiyyə Nazirliyinin Paşayevlərin nəzarətində olması ən gəlirli sahələrdən olan dərman biznesinin bu qrupun inhisarına keçməsinə şərait yaradıb. Yeri gəlmişkən, bu gün dərman bazarında inhisarçı mövqedə olan «Avromed» şirkətinin də məhz 2005-ci ildən sonra Paşayevlərin nəzarətinə keçdiyi bildirilir. Nazirliyin Paşayevlərin nəzarətində olması özəl tibb müəssisələrinin sığortalanmaq üçün «Paşa Sığorta» şirkətini seçməsində heç də az rol oynamadığı məlumdur. Bu səbəbdən 2009-cu ildə cəmi bir həftə ərzində 79 özəl tibb müəssisəsinin «Paşa Sığorta»da sığortalanmasının başqa izahını tapmaq mümkün deyil.

DİA.AZ bildirir ki, maliyyə naziri Paşayevlərin kadrı olduğundandır ki, sığorta bazarında «Paşa Sığorta»nın daha üstün mövqelər qazanması o qədər də çətin olmayıb. Bu fakt eləcə də səhmlərinin 99.76 faizi «Paşa Holdinq»ə məxsus olan «Kapitalbank»ın digər banklarla müqayisədə üstün mövqe qazanmasına gətirib çıxarıb. Maliyyə Nazirliyinin dövlət qurumlarına əməliyyatları «Kapitalbank» vasitəsilə reallaşdırmağı tövsiyə etməsi, Neft Şirkətinin hesablarını bu banka köçürməsi, pensiya və müavinətlərin verilməsinin bu banka həvalə edilməsinin arxasında da bu amilin dayandığı bildirilir.

Qeyd edək ki, bank-sığorta sektorunda Paşayevlər əsas söz sahibidir. «Kapital Bank» və «Pasha Bank»la yanaşı «Xalq Bank»ın, «Expressbank»ın, «Bank Avrasiya»nın, «Bank Silk Way»in də bu qrupun nəzarətində oduğu bildirilir. Beynəlxalq Bankın da yaxın vaxtlarda Paşayevlərin nəzarətnə veriləcəyi gözlənilir. Paşayevlərin belə güc yığmasını və rəqib qruplaşmaları zəiflətməsinin arxasında isə uzaq məqsədlərin dayandığı ehtimal olunur. Hadisələrin inkişafını proqnozlaşdırmaq çətin olsa da, hakimiyyyət daxilində tərəflərin daha çox güc əldə etmək istiqamətində «qaydasız döyüşə» başladığını söyləmək olar. Görünür hakim komanda daxilindəki qruplaşmalar 2013 seçkilərinə qədər kimin ölkədə əsas güc və söz sahibi olduğunu aydınlaşdırmağa qərar veriblər.


Geri qayıt