Əsas Səhifə > Cəmiyyət > “TEXNİKABANK”DAKI HƏBSLƏRLƏ BAĞLI ŞOK FAKT

“TEXNİKABANK”DAKI HƏBSLƏRLƏ BAĞLI ŞOK FAKT


10-04-2012, 17:06
“TEXNİKABANK”DAKI HƏBSLƏRLƏ BAĞLI ŞOK FAKT

ETİBAR ƏLİYEV “SÖKÜNTÜ BUMU”NUN PULLARINI YEYİB

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi (NHMK) çərşənbə axşamı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda (RATİ) ölkədə mülkiyyət hüququnun durumu ilə bağlı hesabat təqdim edib.

Hesabat komitənin malik olduğu, "İslam, Demokratiya və İnsan Hüquqları", "Sülh və Demokratiya İnstitutu", "Demokratiyaya Yardım" ictimai birliklərinin təqdim etdiyi faktlar əsasında hazırlanıb.

Hesabat 2008-ci ildən bu yana vətəndaşların mülkiyyət hüquqlarının kütləvi şəkildə pozulması araşdırılaraq dəyərləndirilir. Təkcə Bakı şəhərində 2009-cu ildən bu yana mülkiyyətdən məhrum edilən vətəndaşların sayının 60 min nəfərdən çox olduğu deyilir. Bu rəqəm sökülən evlərdə yaşayan yaşı 18-dən yuxarı olan vətəndaşların sayılması ilə əldə edilib. Mülkiyyət hüquqlarının pozulmasında ən çox Bakı şəhər İcra Hakimiyyəti, Dövlət Əmlak Komitəsi və baş prokurorluğun adları hallanır. "Bu adamların yeri vəzifə kürsüsü yox, müttəhim kürsüsüdür", - deyə hüquq müdafiəçisi Leyla Yunus mövqeyini ifadə edib. 2005-ci ildən bu yana baş plan olmadığı üçün Bakıdakı bütün tikinti və söküntü işləri qanunsuz sayılıb.

Mülkiyyət hüququnun pozulması təkcə Bakı ilə çərçivələnməyib. Qəbələ-Oğuz-Bakı su kəməri, Bakı-Astara yolu, "İpək yolu" çəkilərkən rayon vətəndaşları da mülkiyyət itkilərinə məruz qalıb. Vətəndaşlar hüquqları uğrunda mübarizə aparsa da, dövlət səviyyəsində zorakılığa qalib gələ bilməyib. Məhkəmələr bəzən vətəndaşın xeyrinə qərar çıxarsa da buna məhəl qoyulmayıb. Çox zaman isə qərarlar iqtidarın xeyrinə verilib. Mülkiyyətinin dağıdılması müqabilində vətəndaşa verilən kompensasiya ədalətsiz, təklif edilən evlər isə keyfiyyətsiz olub.

Əhaliyə kompensasiya ödənməsi üçün ilk dəfə Dövlət Neft Şirkətindən 2009-cu ildə 6 milyon manat ayrılıb. Bu pul Rufan Kazımov adlı fərdi şəxsin hesabına köçürülüb.

Sonra "Bakıda abadlıq işləri" adı ilə müxtəlif nazirliklər pulları Bakı şəhər icra hakimiyyətinin "Texnikabank"dakı hesabına köçürüblər. 2009-dan bu yana bu hesaba 900 milyon manat pul köçürülüb. Bu vəsaitin nə qədərinin vətəndaşlara ödəndiyi məlum deyil, çünki şəffaflıq yoxdur. vətəndaşlara yalnız ev təklifi də mənimsəmələrlə bağlıdır. Çünki kv. metri 500 manata başa gələn evləri vətəndaşlara sırıyan qurumlar sökülmə ilə bağlı evin hər kv. metrinə ayrılan 1500 manatın 1000 manatını mənimsəyirlər. L.Yunusun iddiasına görə son zamanlar "Texnikabank"dakı həbslər bu pulların "dövriyyəsi" və ətrafındakı fırıldaqlarla əlaqəlidir.

Hesabat müəllifləri ölkədə mülkiyyət hüququnun durumu ilə bağlı monitorinqi bundan sonra da davam etdirməyə davam edəcəklərini söyləyiblər.


Geri qayıt