Əsas Səhifə > Gündəm, Manşet > ZİYA MƏMMƏDOVUN «EUROVISION» TÖYCÜSÜ

ZİYA MƏMMƏDOVUN «EUROVISION» TÖYCÜSÜ


10-04-2012, 12:23
ZİYA MƏMMƏDOVUN «EUROVISION» TÖYCÜSÜ

NƏQLİYYAT DEPARTAMENTİ MARŞRUT SAHİBLƏRİNDƏN PUL YIĞIR

DİA.AZ: - Məlum olduğu kimi, aprelin 6-da Nəqliyyat Nazirliyində «Eurovision-2012» Mahnı Müsabiqəsinin keçirilməsinə hazırlıqla bağlı müşavirə keçirilib. Nəqliyyat Nazirliyinin rəsmi saytında verilən məlumata görə, nəqliyyat naziri Ziya Məmmədovun rəhbərliyi ilə keçirilən müşavirədə mahnı müsabiqəsinə hazırlıq prosesi ilə bağlı həyata keçirilən tədbirlər müzakirə edilib.

Rəsmi məlumatda qeyd olunur ki, nəqliyyat-yol kompleksinə daxil olan qurumlar üzrə görülmüş işlərin hesabatı dinlənilib, nəzərdə tutulan tədbirlər barədə geniş fikir mübadiləsi aparılıb: «Avtomobil yollarının vəziyyəti, yol nişanlarının qoyulması, müvafiq istiqamətlər üzrə xüsusi marşrut sxemlərinin işlənib hazırlanması, Bakıya gələn rəsmi qonaqların və turistlərin avtobus və taksilərlə daşınması ilə bağlı hərəkət sxemləri, 22 yerdə xüsusi taksi dayanacağının yaradılması, sərnişin daşımalarının tənzimlənməsi məqsədilə dispetçer məntəqələrinin təşkili məsələlərindən danışılıb. Bundan başqa, sərnişin avtobuslarını və sərnişin daşıması ilə məşğul olan digər avtonəqliyyat vasitəsini idarə edən sürücülər üçün kursların təşkili, hazırlanması, taksi maşınlarına taksometrlərin və post-terminalların quraşdırılması kimi məsələlər də müzakirə mövzusu olub. Müşavirənin sonunda Ziya Məmmədov Nəqliyyat Nazirliyinin tabeli qurumların rəhbərlərinə müvafiq tapşırıqlarını verib».

Ancaq Nəqliyyat Nazirliyinə yaxın mənbələrdən əldə etdiyimiz məlumatlara görə, müşavirənin keçirilmə səbəbi yalnız rəsmi məlumatda qeyd olunanlarla məhdudlaşmayıb. Düzdür, müşavirə «Eurovision-2012» Mahnı Müsabiqəsilə bağlı olub və yolların təmirilə bağlı müzakirələr aparılıb. Ancaq əsas müzakirə olunan məsələ ilə bağlı məlumat verilməyib. Bunun da səbəbi həmin müzakirənin qeyri-rəsmi xarakter daşımasıdır.

Belə ki, mənbənin məlumatına görə, hələ bir müddət əvvəl büdcədən investisiya xərcləri çərçivəsində Nəqliyyat Nazirliyinə ayrılan vəsaitin böyük hissəsi «Eurovision-2012» Mahnı Müsabiqəsinin qeyri-rəsmi xərcləri adı altında «silinib». Ancaq eyni zamanda Ziya Məmmədova qışda şaxtadan sonra paytaxtın dağılan yollarını bərpa etmək tapşırılıb. Necə deyərlər, öz vəsaiti hesabına.

Mənbənin DİA.AZ-a verdiyi məlumata görə, Ziya Məmmədov da bu «yükün» altına tək girməyib. Hələ bir müddət əvvəl, nazirliyin tabeli qurumlarının rəhbərlərini, nazirlikdə yüksək vəzifə tutan şəxsləri toplayaraq, yolların təmiri üçün pul toplamağın vacib olduğunu bildirib. Nazirliyə tabe olan bir-sıra qurumların rəhbərləri çıxış yolunu tapıb. Belə ki, əhali arasında hələ də Nəqliyyat Departamenti kimi tanınan «Bakı Sərnişin Nəqliyyatı» MMC tərəfindən «Eurovision-2012» Mahnı Müsabiqəsi üçün Bakıdakı marşrut sahiblərindən pul yığmağa başlanılıb. Onu da bildirək ki, Nəqliyyat Departamentinin rəhbəri nəqliyyat naziri Ziya Məmmədovun doğma bacısı oğlu Davud Əfəndizadədir. Qeyd edək ki, Nəqliyyat Departamenti taksilərlə yanaşı, paytaxtda işləyən marşrut avtobuslarından da gündəlik və aylıq «haqq» yığır və rüşvətin həcmi getdikcə artırılır. Belə ki, marşrut xəttinə lisenziya almaq üçün sahibkarlardan əvvəl 5 min manat rüşvət alınırdısa, sonradan bu məbləğ 10- 15 min manata qədər qaldırılıb. Əgər marşrut sərnişinlərin çox olduğu xəttə işləyirsə lisenziyanın məbləği daha da artıq olur.

Bundan əlavə, marşrut sahiblərindən aylıq hər avtobusa görə 250-300 manat qeyri-rəsmi haqq yığılır. Buna «dəftərə yazılan haqq» deyirlər ki, hətta himayəsi olan sahibkarlar belə bunu verməkdən imtina edə bilmirlər. Sahibkarların iddiasına görə, «Bakı Sərnişin Nəqliyyat» MMC-dən bu pulun «yuxarı» vermək üçün yığıldığı bildirilir. Bundan əlavə həkim pulu, voleybol komandasının maliyyələşməsi üçün hər sahibkardan 300-500 manat pul yığılır. Bakıda nəqliyyat sektoru ilə bağlı keçirilən tədbirlərin pulunu da marşurut sahibləri ödəyir.

İndi də «Eurovision-2012» Mahnı Müsabiqəsi adı altında marşrut sahiblərindən pul yığılması ciddi narazılığı səbəb olub. Ancaq eiraz edən marşrut sahiblərini isə nazirin qohumları belə tenbeh edirlər: «Bizim yolumuzdan pul qazanırsansa, dediyimizi də etməlisən.» O da qeyd edilir ki, etiraz edən sahibkarlara marşrut xəttlərinin əllərindən alınacağı ilə bağlı hədə-qorxu gəlindiyindən, onların tələb olunan vəsaiti verməkdən başqa çarələri qalmayıb. Mənbənin sözlrinə görə, digər strukturlarda da bu cür pulyığma kampaniyası başlayıb. Hətta işçilərin maaşlarının müəyyən hissəsi bu məqsədlə tutulur.

Məlumata görə, yuxarıda bəhs etdiyimiz müşavirədə də Ziya Məmmədov bu istiqamətdə işləri gücləndirməyi, daha çox vəsait toplamağı tapşırıb. Səbəbini də «Eurovision-2012» Mahnı Müsabiqəsinə az vaxt qalması, yolları təcili düzəltmək zərurəti ilə izah edib.


Geri qayıt