Əsas Səhifə > Gündəm, Manşet > «BİNƏ» VƏ «SƏDƏRƏK»DƏN QİSAS ALINIR

«BİNƏ» VƏ «SƏDƏRƏK»DƏN QİSAS ALINIR


9-04-2012, 12:00
«BİNƏ» VƏ «SƏDƏRƏK»DƏN QİSAS ALINIR

«RİYAD»IN PROFİLİNİ DƏYİŞƏN İŞ ADAMININ YENİ TİCARƏT MƏRKƏZİ PLANI

DİA.AZ: - Xırdalan ərazisində, Bakı-Sumqayıt yolunun kənarında böyük bir alış-veriş məkanı - «Riyad» Ticarət Mərkəzi yerləşir. Lakin böyük ərazi tutması heç də qaynar alver getməsi demək deyil. Burada satıcılar alverin olmadığından şikayətlənirlər. Onların DİA.AZ-a bildirdiklərinə görə, obyektlərin hər kvadratmetrinə verdikləri 2000-2250 dollara görə əməlli-başlı peşman olublar.

«Riyad»ın 29 sırası var və bütün sıralarda seyrək obyektlər gözə çarpır. Bakı-Sumqayıt yoluna yaxın sıralarda olan obyektlərdə nisbətə alverçilər var, qalan yerlər isə boşdur. Satıcıların sözlərinə görə, «Riyad» TM aeroportdakı yarmarkalar dağıdılan ərəfədə inşa edilib və ehtimal olunurdu ki, «Binə» və «Sədərək» yarmarkaları bura köçürüləcək. Lakin gözləntilər özünü doğrultmadı, Binə və «Sədərək» Lökbatana köçürüldü. «Riyad»ın telekanallarda davamlı reklamları getməsinə baxmayaraq, ora nə müştəri gəlir, nə də sahibkar. Çox az sayda burada obyekt alan şəxslər var, indi hamısı kor-peşmandı. Milyonlarla manat sərmayə qoyularaq ərsəyə gətirilən ticarət mərkəzinin müflis olması buranın rəhbərliyini əlbəttə ki, narahat etməyə bilməz. Üstəlik, «Binə» və «Sədərək»in eyni istiqamətə köçürülməsi də «Riyad»ın rəhbəri İlqar Əliyevin «Şəhərlərarası ticarət» projesini alt-üst edib. Aldığımız məlumatlara görə, buranı pal-paltar və məişət əşyaları satışı mərkəzi kimi işə salmağın mümkün olmayacağını başa düşən «Riyad» rəhbərliyi mərkəzin profilini dəyişmək niyyətindədir. Belə xəbərlər var ki, burada maşın bazarı və avtomobil ehtiyat hissələrinin satışını təşkil etmək planlaşdırılır. Başqa bir məlumata görə isə, «Riyad» bir neçə iri xarici sahibkarla müqavilə əsasında topdansatış mərkəzi kimi fəaliyyət göstərəcək.

Bu arada iş adamı İlqar Əliyevin Qaradağ rayonunu Lökbatan qəsəbəsində yeni ticarət mərkəzi inşa etdirdiyi haqda da məlumatlar yayılıb. Həmin məlumatlara görə, «Sədərək» və «Binə» ticarət mərkəzlərinin arasında yerləşən boş ərazidə salınan mərkəzdə artıq tikinti işləri başa çatır. Öz miqyasına görə bu ticarət mərkəzlərindən geniş olan yeni ticarət mərkəzi «Karvan» adı altında fəaliyyət göstərəcək. «Karvan» «Binə» və «Sədərək»in işinə ciddi zərbə vuracaq.

Geri qayıt