Əsas Səhifə > Siyasət, Manşet > AMİP YUSİF BAĞIRZADƏDƏN DƏ ALINIR

AMİP YUSİF BAĞIRZADƏDƏN DƏ ALINIR


6-04-2012, 13:36
AMİP YUSİF BAĞIRZADƏDƏN DƏ ALINIR

ETİBAR MƏMMƏDOV PARTİYANIN FƏALİYYƏTİNDƏN NARAZI QALIB

DİA.AZ: - Özündən sonra Milli İstiqlal Partiyasının rəhbərliyinə hazırki Vətəndaş İnkişafı Partiyasının sədri Əli Əliyevi sədr gətizdirən sözügedən partiyanın lideri, Milli Azadlıq Hərəkatının öncüllərindən olmuş Etibar Məmmədov yenidən axtarışlardadır. Redaksiyamıza partiyadakı qaynaqlardan daxil olan məlumatda bildirilir ki, AMİP lideri hazırki sədr Yusif Bağırzadənin də fəaliyyətindən narazı qalıb.

Xatırladaq ki, 2010-cu ilin parlament seçkiləri ərəfəsində Yusif Bağırzadə AMİP-ə sədr kimi dəvət edildi. Buna qədərsə o, ADP-də təmsil olunurdu. Və həmin ərəfədə yayılan məlumatlarda bildirilirdi ki, Etibar Məmmədov AMİP-i Yusif Bağırzadəyə satıb. Lakin sonradan bu məlumatlar təsdiqini tapmadı. Hətta həmin ərəfədə yayılan digər xəbərin - «Yusif Bağırzadə AMİP-in «parlament partiyası» titulunu özünə qaytaracaq və 2010 seçkilərində ən azından 2 deputat yeri əldə edəcək» məlumatının da şaiyədən başqa bir şey olmadığı bəlli oldu.

DİA.AZ-a ötürülən son məlumatlardan isə aydın olur ki, Etibar Məmmədov partiyasında yeni çevriliş planı hazırlayır: «Məlumdur ki, partiyaya Yusif Bağırzadənin rəhbərlik etməsinə baxmayaraq, AMİP hələ də Etibar Məmmədovun adı altında tanınır və partiyanın əksər və demək olar ki, bütün funksionerləri birmənalı olaraq yalnız onun rəhbərliyini qəbul edirlər».

Mənbəmizə görə, son zamanlar Yusif Bağırzadə ilə Etibar Məmmədovun münasibətlərində yaranan soyuqluq birincinin devrilməsi ideyasını da gündəmə gətirib: «Bir neçə gün əvvəl Etibar Məmmədov və hazırda AMİP-in üst qurumlarında təmsil olunan bir partiya funksioneri arasında sözügedən mövzu müzakirə olunub və Etibar Məmmədov fövqəladə qurultayın çağrılmasını, Yusif Bağırzadənin yerinə başqa birisinin seçilməsini vacib hesab etdiyini dilə gətirib».

Hələlik bu addımın nə zaman atılacağı bilinməsə də, mənbəmiz Yusif Bağırzadənin «fətvasının» artıq verildiyini də bildirdi.

Geri qayıt