Əsas Səhifə > Ölkə > “VTEK” SƏDRİ 400 MANATIN GÜDAZINA GETDİ

“VTEK” SƏDRİ 400 MANATIN GÜDAZINA GETDİ


8-10-2011, 13:04
“VTEK” SƏDRİ 400 MANATIN GÜDAZINA GETDİ

VAHİD GÜLMALIYEV RÜŞVƏT ALDIĞI YERDƏ YAXALANIB

Respublika Baş Prokurluğunun mətbuat xidmətindən verilən başqa bir məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 saylı Tibbi Sosial-Ekspert Komissiyasının sədri Vahid Gülmalıyev rüşvət almaq ittihamı ilə tutulub.

Rəsmi məlumata görə 2-ci qrup əlil Talıb Fərəcov təkrar müayinədən keçərək əlillik dərəcəsinin təyin olunması üçün ondan rüşvət tələb edilməsi barədə bu il oktyabrın 3-də Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə müraciət edib. Onun müraciəti ilə aparılan araşdırmada məlum olub ki, Vahid Gülmalıyev 2-ci qrup əlillik dərəcəsinin təyin olunmasından ötrü 500 manat rüşvət tələb edib. Talıb Fərəcov yalnız 400 manat düzəldə biləcəyini deyib və onlar həmin məbləğə razılaşıblar.

Oktyabrın 5-də isə Vahid Gülmalıyev 11 saylı Tibbi Sosial Ekspert Komissiyasının fəaliyyət göstərdiyi binada Talıb Fərəcovdan 400 manat pulu alarkən saxlanıb. Ona qarşı rüşvət alma maddəsi ilə cinayət işi açılıb. Bu ittiham sübut edilsə, Vahid Gülmalıyev əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

Amma hələlik onun yaxınları və ya vəkillərinin bu ittihamlarla bağlı hər hansı mövqeyi məlum deyil.


Geri qayıt