Əsas Səhifə > Ölkə > SİYAVUŞ NOVRUZOVUN FALÇILIĞI TUTUB
SİYAVUŞ NOVRUZOVUN FALÇILIĞI TUTUB5-04-2012, 13:23 |
“MİTİNQDƏ 700-800 NƏFƏR İŞTİRAK EDƏCƏK” Hakim Yeni Azərbaycan Partiyasının rəsmisi müxalif İctimai Palatanın aprelin 8-də Bakıda, 20-ci sahədə yerləşən sürücülük məktəbinin stadionunda keçirəcəyi icazəli mitinqə münasibət bildirib. YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov “Media forum” saytına bildirib ki, İctimai Palatanın icazəli mitinq keçirməsi taktika dəyişikliyidir: “Müxalifət gördü ki, qanunsuz heç nə edə bilməyəcək və qanun çərçivəsində fəaliyyət göstərməlidir. Azərbaycanda “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun var. Qanunda aydın şəkildə göstərilib ki, sərbəst toplaşmaq azadlığı müvafiq icra hakimiyyətinin razılığı ilə həyata keçirilə bilər. Bu da mitinq edənlərin təhlükəsizliyinin təmin olunması və digər məsələlərlə bağlıdır. İstənilən vətəndaş qanun çərçivəsində sərbəst toplaşmaq hüququndan istifadə edə bilər”. Siyavuş Novruzov hesab edir ki, İctimai Palatanın mitinqində 700-800 nəfər iştirak edəcək: “Onlar da müxalifətçilərin qohumları, dost-tanışları olacaq. Palatada təmsil olunanlar partiya deyil, dərnəkdir. Ona görə də mitinqdə minlərlə insanın iştirak edəcəyi haqda deyilənlərin heç bir əsası yoxdur. İcazəli mitinq keçirməsi müxalifətin konstruktivliyi kimi qiymətləndirilə bilməz. Konstruktiv olsaydılar, necə illərdir belə mövqe tutmazdılar, bunu əvvəldən edərdilər. İndi sadəcə olaraq yoxlama imtahanı keçirmək istəyirlər ki, bu onlar üçün nə effekt verir. Tərəfdarlarının sayını və başqa məsələləri yoxlamaq istəyirlər”. Siyavuş Novruzov bildirib ki, özü də daxil olmaqla YAP təmsilçiləri İctimai Palatanın mitinqini izləyəcəklər. Geri qayıt |