Əsas Səhifə > Siyasət, Manşet > RAMİZ MEHDİYEVİN QÜDRƏTİ AZALA BİLƏR

RAMİZ MEHDİYEVİN QÜDRƏTİ AZALA BİLƏR


4-04-2012, 12:38
RAMİZ MEHDİYEVİN QÜDRƏTİ AZALA BİLƏR

XDMX-NİN MTN-NƏ TABE ETDİRİLMƏSİ BARƏDƏ «YUXARILAR» RAZILIQ VERİB

DİA.AZ: - Neçə müddətdir ki, hakimiyyət içində soyuq müharibə şəraiti hökm sürməkdədir. Söhbət Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovla Prezident Administrasiyasının rəhbərliyi arasında cərəyan edən qarşıdurmadan gedir. Xatırladaq ki, bir müddət əvvəl hələlik Prezident Administrasiyasının balansında olan Xüsusi Dövlət Mühafizə Xidmətinin iki əməkdaşı işdən qovulub və həmin şəxslərdən birinə qarşı keçmiş rəhbərliyi tərəfindən «MTN-nin şpionu» ittihamı irəli süülüb. Ki, əslində bu da iki dövlət qurumu arasında yaşanılan gərginliyin təzahürü kimi qəbul edilməlidir.

Məlumatlardan aydın olur ki, əslində XDMX-nin MTN-nin balansına ideyası ortaya çıxandan sonra XDMX-yə rəhbərlik edən Vaqif Axundov bu işi hər vəchlə əngəlləməyə çalışır və hətta «yuxarılara» yanlış informasiya ötürməkdən belə çəkinmir. Elə buna görədir ki, Vaqif Axundov işçilərindən birini «MTN-nin şpionu» kimi kənarlaşdırıb. Və bununla da belə bir təəssürat yaratmağa çalışır ki, MTN onun rəhbərlik etdiyi idarədə agent saxlayırmış. Əslində bütün bunların bir oyun olduğu ilk baxışdan da aydın olan məsələdir.

DİA.AZ-a ötürülən son məlumatlardan isə aydın olur ki, XDMX rəhbərinin bütün çabalarına rəğmən artıq «yuxarılar» sözügedən qurumun MTN-ə birləşdirilməsi yönündə razılıqlarını veriblər. Onu da bildirək ki, Vaqif Axundovun idarəsinin MTN-ə birləşdiriləcəyi haqda az əvvəl də məlumat vermişdik. Və bildirmişdik ki, qurumda müavin postunu tutan Bəylər Əyyubov da MTN-ə nazir müavini gətiriləcək. Əslində bu ehtimallar kifayət qədər inandırıcıdır. Çünki MTN şefi Eldar Mahmudovla isti münasibətlərdə olan Bəylər Əyyubovun PA rəhbəri Ramiz Mehdiyevlədə anlaşmadığı söylənilir.

Son məlumatlarda isə deyilir ki, may ayından sonra yuxarıda vurğulanan struktur islahatı həyata keçiriləcək. Onu da vurğulayaq ki, bununla həm də prezidentin mühafizəsi də PA-dan alınaraq MTN-nə verilmiş olacaq.

Ekspertlərin qənaətinə görə, əslində bu proseslə PA rəhbəri Ramiz Mehdiyevin mövqeləri də kifayət qədər zərər görmüş olacaq. Hər halda, XDMX kifayət qədər samballı təşkilatdır və PA-nın belə bir təşkilatı əldən verməsi həm də bir çox proseslərdən təcrid olunması anlamını da daşıyır.


Geri qayıt