Əsas Səhifə > Gündəm, Manşet > BU İL “GÜL BAYRAMI” OLMAYA BİLƏR

BU İL “GÜL BAYRAMI” OLMAYA BİLƏR


4-04-2012, 12:23
BU İL “GÜL BAYRAMI” OLMAYA BİLƏR

HACIBALA ABUTALIBOVUN YEYİNTİSİ HAKİMİYYƏTƏ PROBLEM YARADIB

DİA.AZ: - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun hər il təşkil etdiyi ənənəvi «Gül bayramı» ilə bağlı yeni qalmaqal yaranıb. Qalmaqala səbəb Abutalıbovun keçən il təşkil olunan «Gül bayramı» ilə əlaqədar Azərbaycan paytaxtına müxtəlif güllər göndərmiş Hollandiya firmasının külli miqdarda pulunu hələ də ödəməməsidir. Artıq həmin firma bir neçə dəfə Bakı Şəhər İcra Hakimiyyətinin başçısına güllərin pullarının ödənilməsi ilə bağlı müraciət edib.

Abutalıbov isə əvvəlcə günləri-günlərə calayaraq həmin məbləği ödəyəcəyinə dair vəd verməklə məşğul olub. Sonuncu dəfə isə H.Abutalıbov göndərilən güllərin «haqq»ını qarşıdakı ildə təşkil olunacaq «Gül bayramı»nda, yeni sifariş olunacaq güllərə xərclənməli olan pullarla birgə ödəyəcəyinə söz verib.

Qeyd edək ki, Hacıbala Abutalıbovun «Gül bayramı» ilə əlaqədar korrupsiyaya yol verdiyinə dair şübhələr çoxdan mövcuddur. Bu məsələ ilə bağlı danışan əksər ekspertlərin fikrincə, xarici ölkələrdə keçirilən gül bayramlarının əsas məqsədi həmin olkənin yerli güllərini, gül firmalarını rekalm etməkdir. Bu isə son nəticədə həmin ölkədə gülçülük sahəsində yeni iş yerlərinin yaranması, ölkənin gülçülüklə məşğul olan insanlarının rifah halının yüksəldilməsi, reklam firmalarının gəlirlərinin artması deməkdir.

Bir sözlə, xarici şirkətlər öz güllərini reklam edirlər. Əslində H.Abutalıbov da Azərbaycanda keçirilən gül bayraminda xarici ölkələrin güllərini, gül firmalarını reklam edir. Üstəlik, bunun əvəzində onlara şişirdilmiş məbləğlərlə pul da ödəyir. Yəni Azərbaycanda keçirilən gül bayramında Hacıbala Abutalıbov həm xarici ölkələrin gül firmaları üçün xarici reklam şirkəti və ya xarici reklam agenti rolunda çıxış edir, həm də bunun əvəzində onlara pul ödəyir.

Hacıbala Abutalıbov kimi pul qazanmağın mahir ustası olan bir şəxsin xarici ölkələrin gül firmalarını Azərbaycanda pulsuz reklam etməsi isə gülməlidir. Eyni zamanda heç kəs bilmir ki, Abutalıbov xarici ölkələrin reklam agenti kimi bu ölkələrdən nə qədər pul alır. Heç kəs onu da bilmir ki, Hacıbala Abutalıbov gülü xaricdən hansı qiymətə alır və burada onu dövlətə hansı qiymətə rəsmiləşdirir...

DİA.AZ-a bildirilənə görə, Gül bayramından sonra bütün güllər gül satanlara paylanmaq adıyla onlara satılır ki, bu da daha bir əlavə şəxsi qazanc mənbəyidir. Ən ilginci isə odur ki, indi ortaya Abutalıbovun dövlətdən «Gül bayramı» üçün ayrılan vəsaitin əhəmiyyətli hissəsini xaricdəki gül şirkətlərindən birinə ödəmədiyi də ortaya çıxıb. Redaksiyamıza sızdırılan məlumatlarda həmin məbləğin 3 milyon manat civarında olduğu deyilir.

Eyni zamanda bildirilir ki, həmin şirkət Abutalıbovun borcunun bu ilin mayında keçiriləcək «Gül bayramı» ərəfəsində ödənilməsi ilə razı deyil və buna kəskin etiraz edir. Bakı meri isə məsələni may ayına saxlamaqla borcu qaytarmaqdan daha çox, vaxt udmağı və həmin 3 milyon dolların hansısa formada «unutdurulmasını» düşünür. Bildirilir ki, Hacıbala Abutalıbov belə davam edərsə, həmin gülçülük şirkəti hüquqi iddia ilə çıxış edə bilər ki, bu da Abutalıbov bir yana, «Gül bayramı»nın özünün adının mənfi hallanmasına gətirib çıxara bilər.

Hər halda bu isə hazırki YAP iqtidarı üçün yolverilməzdir – çünki həmin bayram Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin adı ilə bağlıdır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının «Gül bayramı» ətrafında maxinasiyaları ortaya çıxarsa, bunu ona bağışlamaq mümkün olmayacaq.

Onu da bildirək ki, Hacıbala Abutalıbovun bu yeyintisinin ortaya çıxmasına az müddət qalıb. Artıq indidən “Gül bayramı”na tədarük görüldüyünü bildirən məlumatlı mənbələr bildirir ki, Hacıbala Abutalıbov ifşa olunmaması üçün əməkdaşlıq etdiyi gül şirkətini dəyişməyi düşünür. Amma Bakı meri unudur ki, bu halda belə vəziyyətdən çıxa bilməyəcək. Ən azından ona görə ki, Bakı merinin borclu olduğu gül şirkəti artıq Azərbaycan iqtidarı ilə bağlı mənfi rəy yaratmağa müvəffəq olub. Və belə olan şəritdə hansısa digər bir şirkət Bakı şəhər İcra Hakimiyyəti ilə əməkdaşlığa razı ola bilməz. Bu isə o deməkdir ki, bu il Azərbaycanda gül bayramı keçirilməyə bilər. Hər halda, görünəni budur.


Geri qayıt