Əsas Səhifə > Gündəm, Manşet > RAUF HƏBİBOVA YENİ VƏZİFƏ TƏKLİFİ

RAUF HƏBİBOVA YENİ VƏZİFƏ TƏKLİFİ


2-04-2012, 12:57
RAUF HƏBİBOVA YENİ VƏZİFƏ TƏKLİFİ

QUBANIN DEVRİLMİŞ BAŞÇISININ BİZNESƏ QOŞULACAĞI DA SÖYLƏNİLİR

DİA.AZ: - 1 Mart olayları ilə Qubadakı mövqelərini itirən keçmiş icra başçısı Rauf Həbibovla bağlı redakiyamıza yeni məlumatlar daxil olub. Hazırda Həbibovun Bakıda yaşadığını söyləyən mötəbər mənbə DİA.AZ-a bildirib ki, hakimiyyət Rauf Həbibova yenidən sahib çıxmaq niyyətindədir və hətta onun yenidən vəzifəyə təyin edilməsi planlaşdırılır.

Mənbəmiz bildirdi ki, əslində Rauf Həbibovdan hakimiyyət hətta hadisələrin ən qaynar vaxtında da imtina etməmişdi: «Hakimiyyət sona qədər onun yanında dayandı. Lakin vəziyyətdən sui-istifadə cəhdlərinin olması, eyni zamanda artıq prosesə bir sıra kənar qüvvələrin də müdaxilə etmə niyyəti rəsmi Bakını ehtiyatlı davranmağa vadar etdi. Nəticədə Rauf Həbibov postundan alındı».

Amma buna baxmayaraq, hazırda istintaq orqanlarının məhz Rauf Həbibovun təmizə çıxarılması yönündə hərəkətə keçdiyini bildirən mənbəmiz vurğuladı ki, həqiqətən də sabiq icra başçısı məhz sözügedən situasiyada günahsız idi: «Hər bir icra başçısına qarşı yetərincə ittihamlar səsləndirmək mümkündür. Və Rauf Həbibovu heç də peyğəmbər adlandırmaq olmaz. Yəni digər rayon rəhbərləri kimi ona qarşı da yetərincə ittiham tapmaq olar. Amma sırf olaraq bu məsələdə başçı konkret qüvvələrin hədəfinə çevrildi».

Hazırda Rauf Həbibova yeni vəzifə təklifinin edilməsinə tədarük görüldüyünü bildirən mənbəmiz vurğuladı ki, bunun üçün istintaq orqanlarının yaradacağı ictimai rəy də mühüm əhəmiyyət daşıyır: «Hər halda, Rauf Həbibov cəmiyyətdə kifayət qədər antireklam olunmuş bir fiqurdur. İlk olaraq bu rəy dəyişməlidir və bunun üçün cəmiyyətə çox ciddi faktların açıqlanması zərurəti var. Bu addım da atılacaq. Çünki Rauf Həbibovu himayə edən qüvvələr də onun yenidən etimada layiq görülməsində maraqlıdırlar».

Ayrıca olaraq Rauf Həbibovun biznes qurma yönündə də iş gördüyünü bildirən mənbəiz vurğuladı ki, keçmiş başçı hətta məmurlardan biri ilə ortaq şirkət quruculuğuna da baş vurub.


Geri qayıt