Əsas Səhifə > Gündəm > MASALLININ BAŞÇISI ÇƏTİN DURUMDA QALIB

MASALLININ BAŞÇISI ÇƏTİN DURUMDA QALIB


29-03-2012, 12:03
MASALLININ BAŞÇISI ÇƏTİN DURUMDA QALIB

QƏZƏNFƏR AĞAYEVİN ELÇİLƏRİ MƏTBUATI SUSDURMAQLA MƏŞĞULDUR

DİA.AZ: - Məlum olduğu kimi, Masallıda bir qrup ziyalı yerli icra başçısı Qəzənfər Ağayevin özbaşınalıqlarına etiraz əlaməti olaraq ölüm aclığı aksiyasına start veriblər. Maraqlıdır ki, aksiya başlayar-başlamaz narazı ziyalılar mətbuatda çox geniş şəkildə hədəfə alındı. Sanki kimlərsə onların bu etirazlarını ört-basdır etməyə çalışırmış kimi davraıldı və özü də sistemli şəkildə.

Hətta həbsdən çıxandan sonra 180 dərəcə mövqe dəyişikliyi edən və özünü hüquq-müdafiəçisi kimi tanıtdırmağa çalışan keçmiş siyasi məhbus Eynulla Fətullayev də Masallıda baş çəkdiyi narazı ziyalıların əleyhinə işləyən fikirləri ilə diqqətə gəldi ki, burada da təsadüflərin axtarışı heç də doğru deyil. «Onlar soyuq otaqda idilər və mən hətta orada beş dəqiqə də qala bilmədim» şəklində açıqlama verən Fətullayev aksiya keçirənlərin həmin otaqda uzun müddətə aclıq keçirə bilmələri ilə bağlı şübhələr də yaratmış oldu.

Redaksiyamızın əldə etdiyi məlumatlardan isə aydın olur ki, Masallı ziyalılarının etirazlarının «qəribçiliyə salınması» heç də təsadüfi deyilmiş və bu işin arxasında dayanan maraqlı qüvvə - elə aksiyanın hədəfi olan rayonun icra başçısı Qəzənfər Ağayevdir.

Mötəbər mənbələrdən əldə etdiyimiz məlumatlardan aydın olur ki, Qəzənfər Ağayev hətta etirazçıların məlumatlarının işıqlandırılmaması üçün ayrı-ayrı mətbu orqanların rəhbərlərinə elçilərini də yollayıb. Təbii ki, elçilər əliboş olmayıblar. Mənbənin DİA.AZ-a söylədikləri:

«Burada başlıca məqsəd narazı ziyalıların səslərinin boğulması və bütün arsenaldan istifadə olunaraq Quba olaylarının Masallıda təkrarının qarşısının alınmasından ibarətdir».

Xatırladaq ki, ölüm aclığına qərar verən narazı ziyalılar hətta prezident İlham Əliyevə də müraciət edərək yaşadıqları problemlərə prezidentin də diqqətini cəlb etmək istəyiblər. Və əldə etdiyimiz məlumatlardan aydın olur ki, artıq dövlət rəhbərliyi Masallıda baş verən olaylardan xəbərdardır. Mənbəmiz bildirir ki, Qəzənfər Ağayevə «yuxarılar»dan gələn təlimatda deyilir ki, əgər hansısa «çp» baş verərsə, postu ilə vidalaşmalı olacaq.

Mövzu diqqətimizdədir. Bizi izləyin…


Geri qayıt